Komitə sədri: Türkiyənin basqı və təhdidlərlə Azərbaycanın daxili işlərinə qarışması yolverilməzdir

Türkiyə ilə Azərbaycan bir-birinə yaxın, bəlkə də dünyada indiyədək analoqu olmayan münasibətlərə malik dövlətlərdir. Yaxınlıq və tarixi birliyimizi ulu öndər Heydər Əliyev çox gözəl ifadə etmişdi: “Bir millət, iki dövlət”. Təəssüf ki, hazırda Türkiyə tərəfindən Azərbaycana qarşı heç bir əsası olmayan basqı, böhtanlar və iddialar müşahidə edirik. Bu, birbaşa Azərbaycanın daxili işlərinə qarışmaqdır. Təriqətçi, fanatik qrupların hicab məsələsi ilə bağlı davranışlarını bəlkə də, onların mədəniyyət və məsuliyyət səviyyəsinin aşağı olması ilə bağlı anlamaq olar. Amma dövlətin içində, Türkiyə rəhbərliyinə yaxın olan şəxslərin, sözçülərinin, iqtidar Ədalət və İnkişaf Partiyasında və mətbu orqanlarında təmsil olunan bəzi kəslərin qeyri-etik münasibətlərini heç cür anlamaq olmur.

Bu barədə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü Musa Quliyev Teleqraf-a açıqlamasında deyib.

“Bu şəxslər siyasətdən uzaq adam deyillər ki, başqa dövlətin daxili işlərinə qarışmağın nə demək olduğunu anlamasınlar. Heç bir əsas olmadan hicab məsələsini ortaya ataraq Azərbaycana qarşı təhdidlər irəli sürməklə siyasi maraqlarının olduğu yavaş-yavaş üzə çıxır”, – deyə deputat qeyd edib.

Onun sözlərinə görə, Türkiyə rəhbərliyi münasibətini açıq ifadə etməlidir: “İki millətin arasında Türkiyə tərəfindən ayrı-seçkilik və çat yaradan fikirlərin getdikcə davam etməsi heç də arzuolunan deyil. Bir həftəyə yaxındır Türkiyə tərəfindən münasibətlərin korlanması artan templə davam edir. Sosial şəbəkələrdə, bəzi saytlarda, hətta iqtidara yaxın qəzetlərdə Azərbaycana, ölkə rəhbərliyinə, cənab Prezident

İlham Əliyevə qarşı böhtan və təhqiramiz ifadələrdən çəkinmirlər. Amma Azərbaycan mətbuatında, sosial şəbəkələrimizdə nəinki rəsmilər, hətta sadə vətəndaşların Türkiyə rəhbərliyinə, AKP başqanı Ərdoğana qarşı bircə dənə də olsun təhqiramiz ifadəsini görmürük. Bu, həm də mədəniyyət, səviyyə məsələsində özünü göstərir. Türkiyə Azərbaycana, eləcə də Azərbaycan Türkiyəyə tarixən ən yaxın türk dövlətləridir. Arzu edərdim ki, tarixin yalnız müsbət, bir-birimizə yardım etdiyimiz, arxa durduğumuz tərəfləri götürək, kömək etdiyimiz məqamları daha çox qabardaq, təbliğ edək. Heç vaxt sivil, müstəqil dövlətimizn daxili işinə qarışmağa heç kəsə yol vermərik. Türkiyədəki bəzi, milli ruhlu aydın və ziyalıların çıxışları bir qədər ümid verir”.

M.Quliyev hesab edir ki, Türkiyə, AKP rəhbərliyində olan rəsmilər də öz sözlərini deməli, mövqeyini ortaya qoymalıdır: “Bunu həm Türkiyə, həm Azərbaycan, həm də dünya ictimaiyyəti bilməlidir. Türkiyəli jurnalist Azərbaycanda iğtişaş törətmək, dövlət çevrilişi çağırışı edir, amma Türkiyədəki AKP-dən olan millət vəkilləri dostlarımızın, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun reaksiyasını görmürük. Yeni Azərbaycan Partiyası, Azərbaycan-Türkiyə parlamentlərarası işçi qrupu bəyanat verdi, münasibətini bildirdi. Səmimidirlərsə, onlar da reaksiya verərdilər, biz bilərdik ki, münasibətlərimiz hansı səviyyədə, necə inkişaf edəcək. Türkiyə Prezidentinin baş müşaviri Azərbaycan haqqında böhtan yağdırır, ölkə başçısı haqqında ağzına gələn sözlər söyləyir, bu şəxs barəsində heç bir tədbir görülmür. Təsəvvür edin ki, Azərbaycanda Ərdoğan haqqında hansısa dövlət rəsmisi, ya millət vəkili məsuliyyətsiz bir söz desəydi, dərhal onun haqqında biz özümüz lazımi tədbirlər

görərdik. Yəni münasibətlərdəki bu qeyri-səmimilik bizi narahat edir və düşündürür. Həm də hicab məsələsini hətta Türkiyədəki aydınlar da izah elədi ki, burada söhbət hicabın qadağasından getmir, bu, gündəmdə deyil. Şeyxülislam Allahşükür Paşazadə də çıxış elədi və dedi ki, Azərbaycanda hicab qadağan olunmur. Nə ortalığa düşmüsünüz?! Söhbət dövlət məktəblərindəki vahid formadan gedir.

Məktəbdən kənarda gedib kim istəsə hicabını bağlasın, Azərbaycan hüquqi-demokratik dövlətdir, din dövləti deyilik axı. Azərbaycanda guya insan haqlarının pozulmasını ortaya atırlar, elə din qardaşısansa, Əfqanıstan, Pakistanda, başqa ölkələrdə məktəbə buraxmayan, 9 yaşında zorla ərə verilən qızların haqqını niyə müdafiə etmirsiniz?! Sizə kim haqq verir ki, Azərbaycan səfirliyinin, baş konsulluğunun qarşısında mitinq edirsiniz?! Eyni mitinqi biz Türkiyənin Bakıdakı səfirliyinin, Naxçıvandakı, ya Gəncədəki konsulluğunun qarşısında təşkil etsək, onda nə cür reaksiya verərsiniz?! Qardaşlıqda gərək hər şey səmimi və açıq, mərdi-mərdanə olsun. Dostluğumuzu davam etdiririksə, gəlin davam etdirək, etdirmiriksə, mərdi-mərdanə deyin ki, bizim ayrı siyasi maraq və iddialarımız var. Bunlar ürəkbulandıran məsələlərdir. Biz böyük türk birliyindən danışırıq. Türk Dövlətləri Təşkilatları yaratmışıq. Xalqlarmızın tarixən arzuladığı hədəfə doğru getdiyimiz yerdə başa düşmək olmur, din ayrımçılığı deyib ortaya düşüblər, problemləri nədir? Yaxşı olardı ki, sözlərini açıq desinlər. Belə davam etməz. Türk millətinin içində belə çirkinliyi Türkiyəyə yaraşdırmıram”.

 

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button