“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

 

 

“ Elə bir dünyada yaşayırıq ki,orada dəfn mərasimləri mərhumdan,nikah sevgidən,xarici görünüş insanın ağıl və ruhundan vacib hesab olunur. Biz zahiri görünüşə aludə olan, məzmunu isə heçə sayan bir mədəniyyətin içində yaşayırıq. Belə bir mühitdə yazmaq çox çətindir.” 

                                                                         Ser Entoni Hopkins.İngilis aktyoru və yazıçısı.

                                                                                                                                                                                        

Ədəbiyyat üzrə Nobel mükafatı laureatı,Kolumbiyalı yazıçı Qabriel Markes yazır: “Yazçının inqilabi borcu yalnız və yalnız yaxşı yazmaq olmalıdır… Əgər hekayə yazıramsa gündə bir səhifə ,roman yazıramsa,yenə bir səhifə yaza bilirəm.” İlk baxışda real görünməyən  yazıçı etirafı,sözə və fikirə olan əsl sənətkar duyumunun və məsuliyyətinin  parlaq ifadəsdir.                                                             

Sabir müəllim sözlə əlləşib-vuruşan, onunla “haqq-hesab çəkməkdən” zövq alan həssas qələm ustadlarındandır. “Ömür kitabı” şairin sözün geniş meydanında tam sərbəst və asudə qala bilməsinin əyani təzahürüdür. Yenə Markesin :” Ədəbiyyat yerli-dibli olmasaydı belə, dünya zərrə qədər də dəyişməzdi…”ifadəsi eyni cür anlaşıla bilməz!.Zənnimcə Yaradanın bəndəsini anladan SÖZü olmasaydı dünya  tam mənasız olardı.

Yazıçılıq çox əziyyətli bir işdir.Oxucunu heyrətə gətirən,qarşısında sehrlənib qaldığımız  şah əsərlər qram-qram  yazılıb. Yazıçı yazdığı hər bir səhifədə sözlə döyüşməli olur və bu  döyüşdən çox vaxt SÖZ qalib çıxır.Sabir Rüstəmxanlı məhz bu müqəddəs İlahi dəyərə kökləndiyi üçün uğur qazanır. O, sözün  həqiqi mənasında milli düşüncəni və  vətəndaş mövqeyini uca tutan,İstiqlal məfkurəsinin ağır yükünü daim özündə daşıya bilən sərraf şairdir.Geniş,əhatəli yaradıcılığında doğma  Azərbaycan xalqının tarixi yaddaşı  qarşısında məsuliyyətini dərk edən, ana dilimizin ucalığını,milli kimliyimizi ustalıqla  əsas qayəsinə çevirən yazıçıdır. Onun məşhur “Ömür kitabı” bütöv bir xalqın tarixinə, xalqın milli-mənəvi dəyərlərinə,milli mənliyinə qayıdışı, çağırışıdır. Ziyalının və şairin böyüklüyü təkcə yazdıqlarında yox, xalqın taleyüklü vəziyyətlərində nümayiş etdirdiyi mövqedədir. O, Milli Azadlıq Hərəkatının öncül simalarından və fəal iştirakçılardan biri kimi Azərbaycan dövlətinin müstəqilliyi uğrunda gedən mübarizədə sözünü demiş, ictimai-siyasi fəaliyyətində həmişə milli maraqlara sədaqət nümayiş edə bilmişdir.

Sabir Rüstəmxanlı yalnız dövrünün yox, yaşadığı zamanın mənəvi simasını formalaşdıra, yaddaşlarda iz buraxa bilib. Onun yaradıcılığı bir həqiqəti xatırladır: Millətin varlığı,dövlət sərhədlərinin toxunulmazlığı ,onun tarixi yaddaşı, dilin və milli ruhun yaşaması ilə təmin olunur.” İstedad insanı tanıdır, xarakter isə onu şəxsiyyətə çevirir”.-Müdrik kəlama uyğun O,öndə olan ziyalı,sədaqətli vətəndaş,dost,qardaş, xalqın şairi və nasiri,tarixi romanların müəllifi kimi  istedadla xarakterin  bariz nümunəsidir.

Əziz Sabir müəllim! Bu müdrik çağınızda  qələminiz yorulmasın, sözünüzün nuru sönməsin, qələminizin mürəkkəbi qurumasın! Allah ömrünüzə və yaradıcılığınıza min  bərəkət versin!

Ədəbiyyat tarixində elə əsərlər və yazıçılar olub ki, bəlli vaxtlarda gurultu qopara,ad və şöhrət qazana biliblər. Lakin zaman ötdükcə  o əsərlər və  müəlliflər  unudulub. Əsərin böyük tirajla nəşri və ya bir çox dillərdə tərcüməsi yazılanların və müəllifin yaddaşlarda qalması üçün əsas şərt sayılmır. Məncə ədəbi mühitdə qalmaq kitabların nəsildən-nəsilə keçməsi, ataların oxuduqlarını oğulların da bəyənib sevməsidir. Bu mənada ,Sabir Rüstəmxanlı müasir dövrün sevilən və oxunaqlı yazıçılarındandır . Taleyinə yazmaq borcu düşübsə  və qarşıya qoyulan məqsədə çatmaq qisməti yazılıbsa,ondan qaçmaq mümkün olmayacaq. Sabir Rüstəmxanlının özünəxas  xarakterik cəhəti ondadır ki,o, ixtiyarındakı bütün vasitələrlə-təxəyyül, həyat təcrübəsi, mütaliəsi, iti müşahidə qabiliyyəti və bacarığı ilə çətin tapılan nadir metallarla müqayisə ediləcək fikirlərini  poeziyaya və ya nəsrə köçürə bilir.

Kolumbiya yazıçısı,Nobel mükafatı laureatı Qabriel Qarsia Markes yazıçılıq peşəsini və onun sirrlərini çiçəklərdən və otlardan şirə çəkən bal arısına bənzədir.Yazıçı da,mütaliəsilə  ələk-vələk etdiyi kitablardan zərrə-zərrə, qətrə-qətrə topladığını səhifələrə köçürmək  üçün cani dildən çalışır,əziyyət çəkir.Böyük rus sovet şairi Vladimir  Mayakovskinin “Maliyyə müfəttişi ilə poeziya haqqında söhbət” şeirinin dili ilə ifadə etsəm,-Poeziya  radium hasilatı kimidir..Bir qram əldə etmək üçün illərlə zəhmət çəkməli olursan.Tək bir söz naminə minlərlə ton söz filizini emal edirsən…və s.Böyük şair poeziyanı ilhamın-vəhyin ani məhsulu deyil, söz uğrunda böyük zəhmət,axtarış və sənətkarlıq prosesi kimi təqdim edir. Bu misralar şair,yazıçı və  publisistlər üçün çox ciddi yaradıcılıq prinsipləridir!  Sabir Rüstəmxanlı sözün həqiqi mənasında sözlə əlləşib – döyüşən, bəzən də onunla “haqq-hesab çəkməkdən” zövq alan həssas qələm ustadlarındandır.  15 cildik külliyyatın sahibi və Azərbaycan Milli Kitabxanasında oxuculara təqdim olunan (2022-ci ildə nəşr edilib) 544 səhifəlik Sabir Rüstəmxanlı-Biblioqrafiya kitabı etibarlı mənbə kimi bunu təsdiqləmiş olur.

Sabir müəllim həmişə milli ruhun və vətəndaş həmrəyliyinin tərəfdarı kimi dəbdə olub.  Ədəbiyyatda milli həmrəylik həmişə qiymətli olub. Sabir müəllim bunu bacarır, hətta,siyasi mövqeyində də,bu  mövqeyini sərgiləyə bildi.

Sabir müəllimin yaradıcılığına bələd olduqca  yazıçılığın ağır zəhmət olduğunun şahidi olursan, hiss edirsən ki, yazmaq müəllifə çox çətin başa gəlir.Tarixi mənbələrə söykənən belə fikir və söz külliyyatı oxucuda  xoş təəssürat yaradır.

Sabir Rüstəmxanlıın 15 cildlik seçilmiş əsərlərində qərar tutan hər bir əsər şairin qərarı və  inamına sadiqliyin təcəssümüdür. Mənə elə gəlir ki, Sabir Rüstəmxanlı yazdıqlarını öncədən heç kimlə bölüşmür. Bu,ədəbiyyatın ictimai məhsulu ,ədəbi əsərin isə fərdi xarakterə malik olması ilə bağlıdır. Şair yazdıqlarında heç kimdən kömək ummur. Kitablarında  təkrar qeyd etdiyim kimi milli tarixin və yaddaşın gerçəkliklərini, milli-mənəvi dəyərlərlə yanaşı ədəbi məsləhətlərini, sənət və sənətkarlıq kəşflərini, ustad dərslərini də görmək olur. O, geniş auditoriyasında oxuculara  üslub və ədəbi siyasət dərsini də keçir, ədəbi texnika və metod dərsini  də verir,öyrənir və örədir! Sabir Rüstəmxanlının ədəbi texnikası  son dərəcədə idrakidir. Onu tanımaq üçün yaradıcılığına bələd olmaq lazım gəlir. Bəzən sadə görünən bir əsərin gücü onun yalnız,Aysberqin bayırdan göz qamaşdıran buz parçasından ibarət deyil, nəhəng buz parçasının arxasında görə bilmədiyimizin  səkkizdən yeddisi suyun altındadır. Oxuduqlarımızın arxasında daha böyük gizli fikirlər var. Ümumiyyətlə ədəbiyyatı hər tərəfli bilmədən, yaxşı, oxunaqlı bir əsər yaratmaq mümkün olmur.Yaradıcılıq mədəniyyətinə səthi yanaşmaq, etinasız münasibət göstərmək qəbul edilmir. Zənnimcə ədəbiyyatı Üniversitetlərdə yox,ustad  yazıçıların əsərlərini təkrar-təkrar oxumaqla öyrənmək olur.

Yazırlar ki,Herminquey (ABŞ yazıçısı və Nobel mükafatı laureatı) çox çətin yazıçıdır.Lakin onun məharəti işinin sadəliyindədir, iş metodu zərgər dəqiqliyi ilə davam edib.Nobel mükafatçısının qənaətinə görə yazıçı yaxşı yazmaq üçün tənhalığa məhkumdur,ətrafdan təcrid olunmalıdır…

Xalq Şairinin poeziyası, musiqi üçün  zəngin obrazlılığı, vətəndaş ruhu, milli yaddaş, azadlıq və insan duyğularının dərinliyi ilə seçilir. Onun sözlərinə yazılmış not əsərləri (Az. Milli Kitabxanasının biblioqrafik materiallarında) ayrıca bölmə kimi göstərilir. “Mən Səninləyəm” (E.Mansurov), “Oda:Əhdnamə” – (Xəyyam Mirzadənin əsəri) böyük xor və simfonik orkester üçün yazılıb. Birincisi,estrada – Simfonik mahnı, digəri simfonik okrester üçün nəzərdə tutulmuş iri həcmli musiqi əsərləridir.

“Ömür kitabı” (1988) Şairin ən mühüm əsəridir. Milli özündərk, xalqın tarixi yaddaşı, milli kimlik və istiqlal düşüncəsi əsərin əsas ideyasını təşkil edir.

“Qan yaddaşı” (1986) Xalqın tarixi taleyi, milli ağrı və yaddaşı, “Gəncə qarısı” (1981) milli-mənəvi dəyərlərlə bağlı poeziya nümunəsidir.

“Sağ ol ana dilim” (1983), “Atamın ruhu” (2002) ailə, Xudu kişi ilə bağlı xatirələri, kök və mənəvi varlıq, “Xətai möcüzəsi” milli tarix və dövlətçilik düşüncəsi ilə bağlı bədii xəzinələrdəndir.

“Göy Tanrı” Türk xalqlarının qədim tarixi, mifoloji dünyası və mənəvi kökləri, “Ölüm zirvəsi”, tarixi romanı, “Xətai yurdu”, “Xalq meydanı” – milli azadlıq mübarizəsi və iqtisadi siyasi prosesləri əhatə edən əsərləri şairin 15 cildik “Seçilmiş əsərləri”ndə toplanıb. Zənnimcə “Ömür kitabı”, “Göy Tanrı” və “Qan yaddaşı” onun şah əsərlərindəndir.

Sabir Rüstəmxanlının yaradıcılığı türk dünyasının hadisələrlə zəngin tarixini dolğun tərzdə əks etdirir. Onu, mübaliğəsiz  ötən əsrin və müasir dövr ədəbi mühitinin şahidi və salnaməçisi adlandırmaq olar.

Xalq yazıçısı həqiqi tarix saydığımızı lirikaya və nəsrə  çevirrməklə bədii cəhətdən cəsarətli bir addım atır. Bəzən də,qələmə aldığı tarixin səhih əhvalatlarını tarixi əsər də adlandıra bilərik.

Şairlik həmişə axtarışda olmaqdır. Şair var gerçəklikdən qaçır, zənnə qapılıb yazır. Sabir müəllim isə yazdıqlarına şahidlik edir,onun lirikası və nəsri də daktildir (toxunmaqla bilinir) bir neçə cümlədən və ya misradan sonra müəllifi tanımaq olur. Xalq şairinin yaradıcılıq dilinin sintaktik quruluşu Avropa dillərinin çoxundan fərqlidir, özünəməxsus milli sintaktik sistemə malikdir. Əsərlərinin leytmotivi Vətən sevgisini,milli yaddaşın oxucuda müəyyən emosional və fəlsəfi təsir yaratmasını,hadisələri və obrazları vahid məna ətrafında birləşdirməklə  bir növ müəllif öz mövqeyini  möhkəmləndirə bilir.Hər şey oxucunun aydın dərk edə bildiyi dildədir, söz və fikir sehrini itirmir. Oxucu bu əsərlərdə diqqətini cəm edib, qayğılarını unudur hadisələrdə iştirak edir və toxunulmaz ideyaların əsiri olur…

Son qeyd: Əziz oxucular,Sabir sevənlər!

Sabir Rüstəmxanlının yubileyi,80 illiyi ilə bağlı yazdıqlarım xalq şairinin yaradıcılığını tam əhatə etmirsə məni qınamayın.Yubiley ilinin bitməsinə az vaxt qaldığına görə,bəlkə də gecikmişəm.Mən hüquqşünas,bir az da publisistik bacarığım var,-deyə heç kimlə məsləhətləşmədən,cəsarət tapıb belə bir yazını ərsəyə gətirdim.Allah amanında olun!

 

Şəmsəddin Əliyev

AYB-nin üzvü.

Hüquqşünas, publisist

01.11.226

 

 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button