İki ay keçdi – Paşinyanın Moskva səfəri NİYƏ alınmadı?

Rusiya prezidenti sentyabrın 1-də Bişkek səfərinin yekunları ilə bağlı mətbuat konfransında Ermənistanın baş naziri ilə görüşü haqda danışarkən “biz dialoqu sakit mühitdə aparmaq barədə razılığa gəldik.

Onu Moskvaya dəvət etdim ki, onun mütəxəssisləri və hökumət mütəxəssislərimizlə rahat oturub hər bir məqamı müzakirə edək” demişdi. Dövlət başçısının sözlərindən belə anlaşılırdı ki, bir sıra digər məsələlərlə yanaşı sərhədlərin delimitasiyası da Moskva görüşündə müzakirə olunmaq üçün açıqdır. “Heç bir sərhəd razılaşması yoxdur – heç vaxt olmayıb və indi də yoxdur. Azərbaycan sərhədin bu hissədən keçdiyinə inanır, Ermənistan isə həmin hissədən keçdiyinə inanır. Razılaşma haradadır? Heç nə yoxdur. Bəs bu münasibətləri necə qurmalıyıq? Həqiqi ekspert qiymətləndirməsi tələb edən bir çox məsələ var. Razılaşdığımız kimi, baş nazirin Moskvaya gələcəyini gözləyirəm və bütün bunları müzakirə edəcəyik”.

Amma deyilən vaxtdan iki ay keçsə də, Paşinyan Rusiyaya səfəri baş tutmadı.

Paşinyan Putinə zəng etdi

Qeyd edək ki, bu səfərdə müzakirə ediləcəyi gözlənilən xəritələr mövzusu Azərbaycan üçün əhəmiyyətlidir. Çünki ermənilər sovet dövrünün inzibati sərhədləri və xəritələri məsələsində Rusiya arxivləri və xüsusilə də keçmiş SSRİ-nin hərbi xəritə materialları mühüm mənbə sayıldığını iddia edirlər. Vaxtilə Putin də Ermənistan-Azərbaycan sərhədinin sovet dövründə necə keçdiyini göstərən ən dəqiq xəritələrin Rusiya Baş Qərargahında olduğunu bəyan edib.
Yada salaq ki, indiyədək Azərbaycanla Ermənistan arasında sərhədlərin təxminən 13 kilometrlik hissəsi tam delimitasiya və demarkasiya olunub. Azərbaycan ilə Ermənistan arasındakı şərti dövlət sərhədinin ümumi uzunluğu 1000 kilometrdən çoxdur. Bəs gözlənilən səfər niyə baş tutmadı? Bəzi bilgilərə görə məhz Rusiya tərəfi Paşinyan səfərini “əhəmiyyətsiz sayaraq” ertələyib…

Hüquqşünas Xəyal Bəşirovun Musavat.com-a bildirdiyinə görə, xəritələr Azərbaycan və Ermənistanda da var: “Ona görə də Rusiyada delimitasiya prosesini müzakirə etməyə zərurət görünmür. Moskva istəyir ki, hər hansı məsələdə iştirakı olsun. Amma son iki ildə Kremlin vasitəçiliyi ilə heç nə olmayıb, tərəflər ondan imtina edirlər. Paşinyan da anlayır ki, Moskva ona təsir göstərməyə çalışır. Üstəlik, onun səfərində əsas gözlənti Avrasiya İqtisadi Birliyi və KTMT mövzularının müzakirə ediləcəyidir. Həmçinin, Rusiya ilə münasibətlər aydınlaşdırılmalıdır. Güman edirəm ki, ilin sonuna qədər bu səfər baş tutacaq. Amma Paşinyanın mövqeyi dəyişməyəcək. Hətta indi daha möhkəm dayanmağa çalışacaq, çünki ABŞ-da demokratlar yenidən qayıdır. Paşinyan onların güclü dəstəyinə ümid edir”.

Xəyal Bəşirov: “Milli Məclisə keçiriləcək seçkilər önəmli siyasi hadisə sayılır”

Müsahibimizin fikrincə, delimitasiya prosesi uzun çəkir, amma sürətləndirmək lazımdır: “Bu məsələ sülh mətnindən kənarda saxlanıb. Hər iki tərəf qəbul edir ki, proses uzun müddət davam edə bilər. Ancaq sərhədin mübahisə doğurmayan hissələrini dəqiqləşdirmək, demarkasiya etmək mümkündür. Əvvəlcə Tavuş istiqamətində addım atıldı və razılaşma əldə olundu. O zaman Rusiyanın iştirakına, Moskvadakı xəritələrə ehtiyac olmadı. İndi də əlimizdə olan xəritələr hesabına işi genişləndirmək olar. Paşinyan təsdiqləyib ki, Alma-Ata bəyannaməsi əsasında sərhədlər müəyyən olunacaq. Deməli, tərəflərin əlində dövrün xəritələri var və mütəxəssislər işləyə bilər. O baxımdan Paşinyanın Moskva səfərində bu məsələ geniş müzakirə olunmayacaq. Səfərin yubanması isə məhz yaranmış qeyri-müəyyənlikdən irəli gəlir. Ermənistan hakimiyyəti hələ də Rusiyanın çağırışlarına, xüsusən də referenduma getmək tələbinə konkret cavab vermir. Moskva görüşündə də müzakirənin leytmotivi bu olacaq”.

Emil Salamoğlu
Musavat.com

 

 

 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button