“Böyük İsrail” mərəzini müalicə etmək üçün İsrail xalqına da Paşinyan kimi bir lider gərəkdir…”

“Ökənin gələcəyini yalnız Netanyahu, onun hökumətindəki radikal nazirlər və onların tərəfdarlarının mövqeyi ilə eyniləşdirmək olmaz…”
“İsrailə hər şeydən əvvəl, öz xalqına başqa xalqların hüquqlarına hörmət etməyi, təhlükəsizliyin yalnız qarşılıqlı təminat və siyasi razılaşma ilə mümkün olduğunu anlatmağı bacaran dövlət xadimi lazımdır…”
“Nasistlərin antisemit siyasətini pisləmək nə qədər zəruridirsə, fələstinli mülki əhalinin hüquqlarının müdafiəsi də bir o qədər zəruridir. Bu iki mövqeni bir-birinə qarşı qoymaq deyil, eyni universal ədalət prinsipindən çıxış etmək lazımdır…”
“Onu da demək gərəkdir ki, İsrailin hazırkı siyasi rəhbərliyinin, xüsusən Benyamin Netanyahu, İtamar Ben-Qvir və Bezalel Smotriç kimi radikal sağçı siyasətçilərin təmsil etdiyi xəttlə İsrail cəmiyyətinin bütün təbəqələrinin mövqeyi eyni deyil…”
-DÜŞÜNCƏ BOXÇASI…-
Ötən bir silsilə köşəmizdə İsraildə XIX əsrin sonlarından etibarən meydana çıxmış “Böyük İsrail” xülyasının təkcə yəhudi xalqına deyil, bütövlükdə regiona və dünyaya vurduğu zərərlərdən bəhs etmişdik. Bu dəfəki yazımızda həmin ideoloji xəstəliyi artıq səkkiz ildən çoxdur ki, siyasi müalicə mərhələsində olan və müəyyən nəticələr əldə etmiş “Böyük Ermənistan” xülyası ilə müqayisə edəcək, bu cür təhlükəli ideologiyaların aradan qaldırılması yolları barədə mülahizələrimizi bölüşəcəyik…
Əvvəlcə onu qeyd edək ki, fikrimizcə, “Böyük İsrail” xəstəliyi “Böyük Ermənistan” mərəzindən daha dərin tarixi və ideoloji köklərə malikdir. Çünki ikinci ideologiya əsasən etnik millətçilik, tarixi ərazi iddiaları və siyasi ekspansionizm üzərində qurulduğu halda, birincinin bəzi radikal tərəfdarları öz ərazi iddialarına dini məzmunlu “əsaslandırmalar” da verməyə çalışırlar. Yəni burada söhbət təkcə hansısa torpaqlara sahib olmaq istəyindən deyil, həmin iddiaların ilahi iradə ilə əlaqələndirilməsindən gedir. Halbuki hər hansı dini mətnin siyasi məqsədlərlə seçmə şəkildə yozulması həmin iddiaları nə hüquqi, nə də mənəvi baxımdan haqlı edə bilər…
İsrail parlamentinə – Knessetə oktyabrın 27-də keçirilmiş son seçkilərin nəticələri bu baxımdan diqqətəlayiqdir. Hazırkı baş nazir Benyamin Netanyahunun rəhbərlik etdiyi “Likud” partiyası 27 mandatla seçkilərin ən böyük siyasi qüvvəsi olsa da, onun rəhbərlik etdiyi siyasi blok cəmi 53 mandat əldə edib və hökuməti formalaşdırmaq üçün tələb olunan 61 yerlik çoxluğu qazana bilməyib. Müxalifət düşərgəsi 48, ərəb siyasi partiyalarının təmsil olunduğu siyahılar isə ümumilikdə 19 mandat əldə edib. Beləliklə, yeni hökumətin formalaşdırılmasında ərəb deputatların mövqeyi xüsusi əhəmiyyət qazanıb.
Qəzza faciəsinin və İsrail-Fələstin qarşıdurmasının ağır nəticələrinin fonunda ərəb siyasi qüvvələrinin ölkənin parlamentində bu cür təmsilçiliyə nail olması, şübhəsiz, düşündürücü bir hadisədir. Bunu istər siyasi, istərsə də mənəvi baxımdan Allahın müəyyən ibrət dərsi kimi qiymətləndirmək olar. Bir vaxtlar özünü ətrafındakı xalqlardan üstün tutan radikal siyasi qüvvələrin təsiri altında qalmış cəmiyyətdə ərəb deputatların hökumətin taleyinə təsir edə biləcək mövqeyə yüksəlməsi regionda xalqların bərabər hüquqlu siyasi subyektlər kimi qəbul edilməsinin əhəmiyyətini bir daha ortaya qoyur…
Əlbəttə, bu seçkilərin nəticələrini İsrail cəmiyyətinin bütövlükdə Fələstin xalqına münasibətində köklü dönüşün baş verməsi kimi təqdim etmək hələ tezdir. Lakin mövcud siyasi mənzərə belə bir dəyişikliyin müzakirəsi üçün müəyyən imkanlar yaradır.
Bu səhər “Reuters” agentliyinin yaydığı və İsrail ordusunun keçmiş yüksək rütbəli zabitlərinin, o cümlədən 6 generalın fələstinli fermerlərə zeytun məhsulunun yığılmasında kömək etməsi barədə xəbəri oxuduqdan sonra həmin ümidlərimiz bir qədər də artdı. Məlumata görə, təxminən 30 keçmiş yüksək rütbəli hərbçi İordan çayının qərb sahilindəki Qusra kəndi yaxınlığında fələstinli fermerlərə dəstək verib. Həmin fermerlər israilli radikal köçkünlərin hücum və təzyiqləri səbəbindən uzun müddət öz torpaqlarında sərbəst işləyə bilməyiblər. Keçmiş general-mayor Eyal Ben-Reuven fələstinli qadınlara və uşaqlara qarşı zorakılığın ona yəhudi xalqının tarixindəki poqromları xatırlatdığını bildirib. Digər keçmiş hərbçilər isə işğalın davam etməsinin və köçkün zorakılığının İsrailin beynəlxalq nüfuzuna, eləcə də uzunmüddətli təhlükəsizliyinə ciddi zərər vurduğunu vurğulayıblar…
Burada xüsusilə diqqətçəkən məqam ondan ibarətdir ki, həmin generalların fələstinlilərə dəstəyinin arxasında təkcə humanitar və mənəvi mülahizələr deyil, həm də İsrailin gələcəyi ilə bağlı strateji narahatlıqlar dayanır. Yəni onlar anlayırlar ki, başqa bir xalqın hüquqlarını məhdudlaşdırmaq, torpaqlarını əlindən almaq və onu daimi hərbi nəzarət altında saxlamaq İsrailin özünə də uzunmüddətli təhlükə yaradır…
Hətta fərz etsək ki, bu kampaniyanın təşkilində İsrailin hansısa rəsmi dairələrinin də müəyyən maraqları olub, bu, onun müsbət humanitar mahiyyətini dəyişdirmir. Əsas məsələ odur ki, bir qrup yəhudi general öz tarixi qonşuları olan fələstinlilərin hüquqlarının müdafiəsi üçün real addım atıb. Bu, İsrail cəmiyyətində də vicdanın, ədalət duyğusunun və sağlam siyasi düşüncənin mövcud olduğunu göstərən ümidverici nümunədir…
Hesab edirəm ki, İsrail dövlətinin 1948-ci ildə yaradılmasından bəri, xüsusən də son onilliklərdə Fələstin xalqına və bütövlükdə ərəb-müsəlman dünyasına münasibətdə yürütdüyü siyasətin yanlış tərəflərini İsrailin özündə və xaricdə yaşayan çoxsaylı yəhudi ziyalıları, ictimai xadimləri, hüquq müdafiəçiləri, eləcə də dini təşkilatlar da yaxşı anlayırlar. Onların bir qismi bu siyasətin dəyişdirilməsi, Fələstin xalqının hüquqlarının tanınması və regionda sülhün bərqərar olması uğrunda ardıcıl mübarizə aparır…
Məsələn, İsrailin tanınmış insan haqları təşkilatı olan “B’Tselem” uzun illərdir işğal altındakı ərazilərdə fələstinlilərin hüquqlarının pozulmasını sənədləşdirir və bütün insanlar üçün bərabər hüquqların təmin olunmasını tələb edir. “Breaking the Silence” təşkilatı İsrail ordusunda xidmət etmiş keçmiş hərbçilərin şahidlikləri əsasında işğalın fələstinli mülki əhali üçün yaratdığı problemləri ictimaiyyətə çatdırır. “İnsan Haqları Uğrunda Ravvinlər” (“Rabbis for Human Rights”) təşkilatı isə yəhudi dini ənənələrinə əsaslanaraq həm İsraildəki azlıqların, həm də işğal altındakı ərazilərdə yaşayan fələstinlilərin hüquqlarını müdafiə edir…
ABŞ-də fəaliyyət göstərən “J Street” təşkilatını da bu sırada qeyd etmək olar. Özünü İsrail tərəfdarı, sülh və demokratiya yönümlü yəhudi-amerikalıların siyasi platforması kimi təqdim edən bu qurum İsrailin təhlükəsizliyinin fələstinlilərin milli hüquqlarının tanınması və danışıqlar yolu ilə iki dövlətli həllin əldə olunması ilə uzlaşdırılmasının vacibliyini müdafiə edir…
Bütün bunlar onu göstərir ki, yəhudi xalqının daxilində də İsrail hökumətinin siyasətinə qarşı çıxan, Fələstin xalqının hüquqlarını müdafiə edən və yəhudilikdəki humanist dəyərləri önə çəkən ciddi ictimai, dini və intellektual qüvvələr mövcuddur. Deməli, İsrailin gələcəyini yalnız Netanyahu, onun hökumətindəki radikal nazirlər və onların tərəfdarlarının mövqeyi ilə eyniləşdirmək olmaz…
Bu baxımdan ən başlıca və ümidverici amillərdən biri də təxminən iyirmi ilə yaxın müddətdə müxtəlif fasilələrlə İsrailin siyasi həyatında aparıcı mövqedə olmuş Netanyahunun Fələstin, Qəzza, Suriya, Livan və İranla bağlı siyasətinin yaratdığı ağır nəticələrin getdikcə daha geniş müzakirə olunmasıdır. Xüsusən Qəzzada mülki əhali arasında baş vermiş və soyqırım adlandırılmağı təqdir edilən misilsiz insan tələfatı, yaşayış məntəqələrinin dağıdılması və humanitar fəlakət İsrail hakimiyyətinin siyasətinə beynəlxalq miqyasda ciddi etirazlar doğurub.
Xatırladaq ki, 2024-cü il noyabrın 21-də Beynəlxalq Cinayət Məhkəməsi Benyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Qallant barəsində müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlərlə bağlı irəli sürülmüş ittihamlar əsasında həbs qərarları çıxarıb. Həmçinin Cənubi Afrikanın İsrailə qarşı soyqırımı iddiası ilə qaldırdığı ayrıca iş Beynəlxalq Ədalət Məhkəməsində araşdırılır. Bu məhkəmə proseslərinin hüquqi nəticələrini qabaqcadan müəyyənləşdirmək olmaz. Lakin onların özü İsrailin Qəzza siyasətinin beynəlxalq hüquq müstəvisində nə qədər ciddi mübahisə doğurduğunu göstərir…
Digər tərəfdən, İsrailin regional münaqişələrdə hərbi gücə həddindən artıq arxalanmasının ABŞ və Avropa ölkələrində də ciddi siyasi müzakirələrə səbəb olduğu müşahidə edilir. Xüsusilə Amerika cəmiyyətində İsrailə göstərilən siyasi, hərbi və maliyyə dəstəyin şərtləri, bu dəstəyin ABŞ-nin öz milli maraqlarına nə dərəcədə uyğun olması barədə suallar getdikcə daha çox səslənir və hətta bu dəstəyin birdəfəlik dayandırılması da tələb edilir…
Bu da təbiidir. Çünki heç bir dövlətin başqa bir dövlətə dəstəyi həmin ölkənin hökumətinin bütün qərarlarını qeyd-şərtsiz müdafiə etmək anlamına gəlməməlidir. ABŞ və digər Qərb dövlətləri də İsrailin təhlükəsizliyini müdafiə etməklə yanaşı, onun beynəlxalq hüquqa və mülki əhalinin hüquqlarına hörmət etməsini tələb etmək hüququna və məsuliyyətinə malikdirlər.
Bu sətirlərin müəllifini istər İsraildən, istərsə də öz ölkəmizdən kimsə qınaya bilər ki, İsrail xalqı özü bilər, onun daxili işlərinə kənardan münasibət bildirmək nə dərəcədə doğrudur? Bəli, hər bir xalq öz taleyini, öz siyasi hakimiyyətini özü müəyyən etməlidir. Biz də bu prinsipə hörmətlə yanaşırıq. Ancaq məsələ ondadır ki, xüsusən son iki onillikdə İsrailin Fələstin məsələsi və regionun digər ölkələri ilə münasibətlərində yürütdüyü bəzi siyasətlər artıq yalnız həmin dövlətin daxili işi çərçivəsində qalmır. Onların nəticələri bütün Yaxın Şərqə, beynəlxalq münasibətlər sisteminə, hətta ABŞ kimi superdövlətlərin və bir sıra Avropa ölkələrinin xarici siyasətinə təsir göstərir. Bu proseslər doğma Azərbaycanımıza və qardaş Türkiyəmizə də müxtəlif formalarda təsirsiz ötüşmür.
Məsələn, İsrailin İranla qarşıdurması, Türkiyə ilə Suriya məsələsi ətrafında yaranan fikir ayrılıqları, Livandakı hərbi əməliyyatlar və Qəzzadakı humanitar fəlakət region dövlətlərini mürəkkəb seçimlər qarşısında qoyur. Azərbaycan da həm İsraillə strateji tərəfdaşlıq münasibətlərini, həm də müsəlman dünyası ilə tarixi, dini və siyasi əlaqələrini nəzərə almaqla həssas regional balansı qorumağa çalışır.
Müşahidə və təhlillər onu göstərir ki, hətta doğma Azərbaycanımızla qardaş Türkiyə arasında son dövrlərdə yaranmış müəyyən siyasi soyuqluğun səbəblərindən bir səbəbkarı da məhz başda Netanyahu, onun Smotriç, Ben-Qvir kimi irqçi xistlətli nazirləri olmaqla “Böyük İsrail” xəstəliyinin daşıyıcılarıdır… İsrailin Fələstin, xüsusən Qəzza ilə bağlsiyasətidir. Ankara İsrailin Qəzzadakı hərbi əməliyyatlarına və fələstinlilərə qarşı siyasətinə kəskin etiraz etdiyi halda, Bakı İsraillə strateji tərəfdaşlıq münasibətlərini davam etdirir. Bu fərqli yanaşmalar iki qardaş dövlət arasında bəzi siyasi fikir ayrılıqlarının üzə çıxmasına səbəb olub. Əlbəttə, münasibətlərdəki gərginliyin yeganə səbəbi bu deyil. Lakin Netanyahu hökumətinin Fələstin siyasətinin Azərbaycan-Türkiyə münasibətlərinə də təsirsiz ötüşmədiyini söyləmək üçün kifayət qədər əsas var. Türkiyənin Azərbaycanla münasibətlərinin strateji əhəmiyyəti nəzərə alınarsa, bu vəziyyət İsrailin radikal sağçı hakimiyyətinin siyasətinin regionda yaratdığı əlavə problemlərin daha bir göstəricisi kimi qiymətləndirilə bilər…
Bütün bunlarla yanaşı, onu da demək gərəkdir ki, İsrailin hazırkı siyasi rəhbərliyinin, xüsusən Benyamin Netanyahu, İtamar Ben-Qvir və Bezalel Smotriç kimi radikal sağçı siyasətçilərin təmsil etdiyi xəttlə İsrail cəmiyyətinin bütün təbəqələrinin mövqeyi eyni deyil. Bu şəxslərin bir sıra bəyanat və siyasətləri Fələstin torpaqlarının ilhaqını, məskunlaşma siyasətinin genişləndirilməsini və fələstinlilərin siyasi hüquqlarının məhdudlaşdırılmasını müdafiə edən yanaşmaların bariz nümunəsidir. Məhz bu cür ideoloji mövqelər “Böyük İsrail” xülyasının siyasi dayaqlarından birinə çevrilir…
Bizim bütün xalqlara olduğu kimi, dünyaya neçə-neçə peyğəmbər, böyük alim, mütəfəkkir və mənəvi şəxsiyyət bəxş etmiş yəhudi xalqına da dərin hörmətimiz var. Yəhudilik dünya sivilizasiyasının, dinlər tarixinin, elmin və fəlsəfi düşüncənin inkişafında mühüm yer tutan qədim ənənələrdən biridir. Qurani-Kərimin də müxtəlif ayələrində İsrail oğullarına verilmiş nemətlərdən, onlara bəxş edilmiş bilik və imkanlardan bəhs olunur…
Məhz buna görə də yəhudi xalqının müəyyən bir hissəsinin radikal millətçi və ekspansionist ideologiyaların təsiri altına düşməsi, bu ideyaların siyasi hakimiyyət və geo-siyasi maraqlar naminə alətə çevrilməsi təəssüf doğurur. Lakin burada bir məqamı xüsusi vurğulamaq lazımdır: söhbət bütün yəhudilərdən deyil, konkret siyasi ideologiyaların tərəfdarlarından və onların cəmiyyətə təsirindən gedir…
Əlbəttə, yəhudi xalqının əsrlər boyu yaşadığı təqiblər, ayrı-seçkilik, sürgünlər və xüsusən İkinci Dünya müharibəsi zamanı Hitler faşizminin törətdiyi Holokost soyqırımı bu xalqın tarixi yaddaşında dərin izlər buraxıb. Altı milyona yaxın yəhudinin nasistlər və onların əlaltıları tərəfindən sistemli şəkildə qətlə yetirilməsi bəşəriyyət tarixinin ən dəhşətli faciələrindən biridir…
Lakin hər hansı xalqın tarix boyu məruz qaldığı əzab və faciələr, nə qədər ağır olsa da, başqa xalqlara qarşı haqsızlığa haqq qazandıra bilməz. Bir xalqın nümayəndələrinin başqa bir xalqın nümayəndələri tərəfindən soyqırımına və kütləvi təqiblərə məruz qalması həmin xalqın gələcəkdə digər millətlərin hüquqlarını pozmasına mənəvi əsas vermir. Nasistlərin antisemit siyasətini pisləmək nə qədər zəruridirsə, fələstinli mülki əhalinin hüquqlarının müdafiəsi də bir o qədər zəruridir. Bu iki mövqeni bir-birinə qarşı qoymaq deyil, eyni universal ədalət prinsipindən çıxış etmək lazımdır…
Nə yazıqlar ki, İsrailin hərbi əməliyyatları nəticəsində son üç il ərzində Qəzza zolağında dinc əhali arasında çox böyük itkilər baş verib, yaşayış məntəqələri, xəstəxanalar, məktəblər və digər mülki infrastruktur dağıdılıb. İordan çayının qərb sahilində isə fələstinli fermerlərin torpaqlarına, əmlakına və gündəlik həyatına qarşı radikal yəhudi köçkünlərin hücumları barədə çoxsaylı məlumatlar yayılıb. Bu halların hər biri müstəqil araşdırılmalı, təqsirkarlar müəyyənləşdirilməli və qanun qarşısında məsuliyyətə cəlb olunmalıdır.
Eyni zamanda, 2023-cü il oktyabrın 7-də HƏMAS silahlı qruplaşmasının İsrailin mülki əhalisinə qarşı törətdiyi qətliam və girov götürmə hadisələrini də qətiyyətlə pisləyirik. Mülki insanların öldürülməsi, girov götürülməsi və terror aktları heç bir siyasi məqsədlə əsaslandırıla bilməz. Ancaq HƏMAS-ın cinayətləri də İsrail dövlətinə bütün Fələstin əhalisini kollektiv şəkildə cəzalandırmaq hüququ vermir. Beynəlxalq hüququn ən mühüm prinsiplərindən biri də məhz budur: bir tərəfin cinayətinə görə bütöv xalq məsuliyyət daşıya bilməz…
İsrail cəmiyyətinin qarşısında duran əsas mənəvi və siyasi vəzifə də bu həqiqəti qəbul etməkdir. Bir ölkənin təhlükəsizliyi başqa bir xalqın daimi qorxu, məhrumiyyət və hüquqsuzluq şəraitində yaşaması hesabına təmin edilə bilməz. Eyni zamanda, fələstinlilərin də öz dövlətinə, təhlükəsizliyə, azadlığa və ləyaqətli həyata sahib olmaq hüququ danılmazdır.
Bütün bunlar fonunda son İsrail seçkilərinin nəticələri də müəyyən siyasi mesaj kimi qiymətləndirilə bilər. Netanyahu rəhbərliyindəki blokun parlament çoxluğunu itirməsi və ərəb partiyalarının 19 mandatla siyasi prosesdə mühüm mövqeyə yüksəlməsi İsrailin gələcək siyasi kursu ətrafında yeni müzakirələr üçün zəmin yaradır. Bununla belə, İsrail cəmiyyətində radikal millətçi düşüncənin zəiflədiyini və ya köklü mənəvi dönüşün artıq baş verdiyini söyləmək hələ tezdir. Çünki həmin cəmiyyətdə sülh və bərabərhüquqlu birgəyaşayışı müdafiə edən qüvvələrlə yanaşı, ilhaq və sərt hərbi nəzarət tərəfdarları da mövcuddur.
Məhz bu səbəbdən düşünürəm ki, İsrailə də Nikol Paşinyan tipli, ölkəsinin siyasi kursunu dəyişməyə, qonşularla münasibətləri normallaşdırmağa və radikal millətçi ideologiyaların təsirini azaltmağa qadir bir siyasi lider gərəkdir.
Əlbəttə, Ermənistan və İsrailin tarixi, siyasi və geo-siyasi şəraiti arasında ciddi fərqlər var. Ermənistan 2020-ci ilədək əsasən Azərbaycan və Türkiyə ilə münasibətlərində düşmənçilik və qarşıdurma xətti yürüdürdü. Paşinyan hakimiyyətə gəldikdən sonra isə bu münasibətlərin normallaşdırılması, regional kommunikasiyaların açılması və sülh sazişinin əldə olunması istiqamətində müəyyən siyasi addımlar atılıb. Bu prosesin hələ başa çatmadığını, Ermənistanın qarşısında çoxsaylı problemlərin qaldığını, o cümlədən ölkədə hələ də Rusiyaya bağlı revanşist və irqçi xislətli ictimai-siyasi qrupların mövcudluğunu da etiraf etmək lazımdır. Lakin siyasi kursun ciddi şəkildə dəyişdirilməsi cəhdinin özü müqayisə üçün maraqlı nümunədir…
İsrailin vəziyyəti isə daha mürəkkəbdir. Bu dövlət hazırda Fələstinlə yanaşı, Suriya və Livan istiqamətində də ciddi münaqişələr yaşayır, Yəməndəki husilərlə qarşıdurma aparır, İranla isə birbaşa hərbi toqquşmalaradək gedib çıxmış dərin ziddiyyətlər içərisindədir. Türkiyə ilə də Suriya və Fələstin məsələləri ətrafında kəskin siyasi fikir ayrılıqları mövcuddur. Misirlə münasibətlərdə isə zaman-zaman ciddi gərginliklər yaranır. Belə bir şəraitdə İsrailin siyasi rəhbərliyində radikal ideologiyanın üstün mövqedə qalması ölkənin öz təhlükəsizliyi və gələcəyi üçün də ciddi risklər yaradır.
Ona görə də İsrailə lazım olan lider yalnız güclü orduya və siyasi hakimiyyətə malik şəxs deyil. Ona hər şeydən əvvəl, öz xalqına başqa xalqların hüquqlarına hörmət etməyi, təhlükəsizliyin yalnız qarşılıqlı təminat və siyasi razılaşma ilə mümkün olduğunu anlatmağı bacaran dövlət xadimi lazımdır. Paşinyan nümunəsinin İsrail üçün əhəmiyyəti də məhz bu siyasi kurs dəyişikliyi baxımından müzakirə oluna bilər.
Onu da qeyd edək ki, məsələyə teoloji baxımdan yanaşdıqda belə, “Böyük İsrail” adı altında başqa xalqların hüquqlarını tapdalayan, işğalı və zorakılığı dini ideyalarla əsaslandıran siyasətin yəhudi xalqına fayda gətirəcəyini düşünmək mümkün deyil.
Qurani-Kərimin “İsra” surəsinin 4–8-ci ayələrində Bəni-İsrailə ünvanlanmış mühüm xəbərdarlıqlardan bəhs olunur. Dördüncü ayədə onların yer üzündə iki dəfə fəsad törədəcəkləri və böyük təkəbbür göstərəcəkləri bildirilir. Beşinci və altıncı ayələrdə həmin hadisələrin nəticələrindən və sonrakı dəyişikliklərdən danışılır. 7-ci ayədə isə son dərəcə mühüm bir mənəvi prinsip ifadə olunur: “Əgər yaxşılıq etsəniz, özünüzə yaxşılıq etmiş olarsınız; pislik etsəniz, özünüzə etmiş olarsınız”. 8-ci ayədə isə xəbərdarlıq edilir ki, əgər insanlar yenidən azğınlığa qayıtsalar, cəza da təkrarlana bilər…
Bu ayələrin konkret tarixi hadisələrə və müasir siyasi proseslərə tətbiqi barədə İslam təfsir ənənəsində müxtəlif izahlar mövcuddur. Odur ki, onları hansısa müasir xalqa və ya dövlətə verilmiş konkret siyasi hökm kimi təqdim etmək doğru olmaz. Lakin ayələrdəki ümumbəşəri əxlaqi mesaj aydındır: heç bir xalq mənəvi məsuliyyətdən kənarda deyil; güc, elm, sərvət və hakimiyyət insana başqalarını əzmək üçün deyil, ədalət və xeyirxahlıq naminə verilmiş nemətlərdir. Bu xəbərdarlıq təkcə yəhudilərə deyil, bütün xalqlara və bütün dövrlərdə yaşayan insanlara aiddir…
Nəticə etibarilə, “Böyük İsrail” xülyasının aradan qaldırılması ilk növbədə yəhudi xalqının özünün maraqlarına uyğundur. Çünki bu ideologiyanın davam etməsi İsrailin beynəlxalq təcridini dərinləşdirə, qonşularla düşmənçiliyi uzada, ölkənin təhlükəsizliyini zəiflədə və gələcək nəsilləri bitib-tükənməyən münaqişələrə məhkum edə bilər.
Bizim istəyimiz heç də İsrail dövlətinin və ya yəhudi xalqının zəifləməsi, məğlubiyyəti və ya təhlükə altında qalması deyil. Əksinə, istəyimiz odur ki, yəhudilər də, fələstinlilər də, ərəblər də, türklər də, ümumiyyətlə, regionun bütün xalqları təhlükəsizlik, ləyaqət və bərabər hüquqlar şəraitində yaşasınlar…
Bunun üçün isə “Böyük İsrail”, “Böyük Ermənistan” və başqa xalqların torpaqlarına, hüquqlarına iddia edən bütün ekspansionist xülyalar tarixə qovuşmalıdır. Heç bir xalq özünü başqa xalqlardan üstün tutmamalı, heç bir dövlət dini və ya etnik mənsubiyyətindən asılı olmayaraq digər insanların hüquqlarını tapdalamamalıdır.
Çünki əsl böyüklük torpaqların genişliyində, silahların gücündə, hərbi qələbələrdə deyil, ədalətdə, insanlığa hörmətdə və qonşularla sülh şəraitində yaşamaq bacarığındadır. İsrailin gələcəyi üçün də ən doğru yol məhz budur…
Sultan Laçın



