“Hər zaman əsgərlərin yanındayıq” – “Əsgərə məktub”un müəllifləri Vətənin keşikçiləri ilə fəxr etdiklərini deyirlər

Azərbaycanda hər gün onlarla insan Vətən torpaqlarının keşiyində dayanan əsgərlərə məktub yazır. Bu məktublar “ASAN xidmət” mərkəzlərindəki köşklərə təqdim olunur. Onlar da həmin məktubları əsgərlərə çatdırırlar. Bu işlər “ASAN Könüllüləri” Təşkilatının 2016-cı ildən həyata keçirdiyi “Əsgərə məktub” layihəsi çərçivəsində reallaşdırılır.
Zəfər Gününün 6-cı ildönümü ilə əlaqədar AZƏRTAC-ın əməkdaşları “ASAN xidmət” mərkəzlərinin birindəki “Əsgərə məktub” köşkündə olublar.
Yüz əlli mindən çox məktub çatdırılıb
Layihənin əhəmiyyətindən danışan “ASAN xidmət”in əməkdaşı Emiliya Bayramova bildirib ki, təşəbbüs hər zaman vətəndaşların diqqət mərkəzində olub. Xüsusilə Vətən müharibəsi dövründə bu layihə xalqımızın orduya dəstəyinin, milli həmrəyliyinin parlaq nümunəsinə çevrilib.
“Vətən müharibəsi zamanı dünyanın nüfuzlu media orqanlarının, o cümlədən televiziya kanallarının nümayəndələri döyüş meydanlarında baş verən proseslərlə yanaşı, vətəndaşlarımızın Ordumuza göstərdiyi dəstəyi də işıqlandırırdı. Bu həmrəylik nümunələri “ASAN xidmət” mərkəzlərində həyata keçirilən “Əsgərə məktub” layihəsi vasitəsilə də beynəlxalq ictimaiyyətə çatdırılırdı”, – deyə o vurğulayıb.
Emiliya Bayramovanın sözlərinə görə, bu günədək ölkənin müxtəlif bölgələrində xidmət edən əsgərlərə 150 mindən çox məktub çatdırılıb. Aprel döyüşlərinin, Vətən müharibəsinin ildönümlərində, eləcə də 8 Noyabr – Zəfər Günü ərəfəsində layihəyə maraq daha da artır. Bununla belə, təşəbbüs yalnız əlamətdar tarixlərlə məhdudlaşmır. “ASAN” könüllüləri ilboyu məktubların əsgərlərə çatdırılması üçün çalışırlar.
Əsgərlərimizlə fəxr edirik
“Əsgərə məktub” köşkünün qarşısında məktub yazan Tehranə Şabanova bu anın onun üçün unudulmaz olduğunu deyib. O, 26 ildir xaricdə yaşadığını, indi Vətənə bağlılığının daha da gücləndiyini söyləyib və məktub yazarkən kövrəldiyini gizlətməyib:“Çox duyğulu anlar yaşadım. Təsadüfən gəlmişdik, amma bu layihə mənə çox gözəl hisslər yaşatdı. Biz – xaricdə yaşayan azərbaycanlılar Vətənimizə bağlıyıq. Ölkəmizin gözəlləşməsini izləyir, uğurlarına sevinirik. Əsgərlərimizlə fəxr edirik. Onlar bizə böyük qürur hissi yaşadırlar”.
Tehranə Şabanova Azərbaycanın daim bütöv və gözəl olmasını diləyib, Vətəni qoruyan əsgərlərlə qürur duyduğunu bildirib:“Onlar Vətənimizi qoruyurlar. Allah da onları qorusun! Biz də Vətənimizi gördükcə, onun uğurlarını izlədikcə sevinək, fərəhlənək”.
Qürur duyuram ki, Vətənimizdə belə oğullar yetişir
Gənc Nəzrin Əşrəfova da əsgərə məktubu qürur və kövrəkliklə yazdığını diqqətə çatdırıb. O deyib ki, 44 günlük Vətən müharibəsində qazanılan Zəfər şəhidlərimizin, qazilərimizin fədakarlığının nəticəsidir. Azərbaycan torpaqlarının işğaldan azad edilməsi xalqımızın qəhrəman oğullarının şücaəti sayəsində mümkün olub.
“8 Noyabr – Zəfər Günü ilə əlaqədar əsgərə məktub yazdım. Doğrudan da çox kövrəldim. Eyni zamanda, qürur duyuram ki, Vətənimizdə belə qorxmaz oğullar yetişir”, – deyə Nəzrin qeyd edib.
Əsgərlərimizin sayəsində rahat yaşayırıq
Köşkdə məktub yazan Taleh Qədirov deyib ki, bu təşəbbüsdə iştirak etməyi özünə mənəvi borc bilir. O, yazdığı məktubda əsgərlərin yanında olduğunu bildirmək istəyib.
“Bu məktubu yazmağımın səbəbi cəsur əsgərlərimizin yanında olduğumuzu az da olsa hiss etdirməkdir. Əgər bu gün biz öz evimizdə rahat və əmin-amanlıqla yaşaya biliriksə, bu, əsgərlərimizin sayəsindədir. Biz onlarla qürur duyuruq və hər zaman yanlarındayıq”, – deyə Taleh vurğulayıb.
Qeyd edək ki, “Əsgərə məktub” layihəsi cəmiyyətin əsgərlərə dəstəyini və onlara olan minnətdarlığını ifadə etmək üçün həyata keçirilən xüsusi təşəbbüsdür. Layihənin əsas məqsədi cəmiyyətdə vətənpərvərlik ruhunu gücləndirmək və əsgərlərə mənəvi dəstək göstərməkdir.



