Ərdoğan: Türkiyə və Azərbaycan arasında ayrılıq axtaranlar əbəs cəhd göstərirlər

Türkiyə ilə Azərbaycan arasında ayrılıq axtaranlar əbəs cəhd göstərirlər. Türkiyə ilə Azərbaycan arasında tam həmrəylik, tale birliyi və qardaşlıq hüququ mövcuddur.
Polise.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın Prezidenti İlham Əliyevin dəvəti ilə Şuşaya səfərindən sonra ölkəsinə qayıdarkən jurnalistlərə açıqlamasında deyib.
“Birlik və bərabərlik mesajlarımızı ən güclü şəkildə verdik. Xocalı soyqırımı şəhidlərimizi rəhmətlə andıq, Xankəndiyə səfər etdik. Qəhrəmanlarımızın ruhunu şad etdik”, – deyə o bildirib.
Türkiyə və Azərbaycanın qırılmaz bağlarla bir-birinə bağlı iki qardaş ölkə olduğunu vurğulayan Ərdoğan qeyd edib ki, müxtəlif təxribatlara baxmayaraq, iki ölkə enerji, nəqliyyat və infrastruktur başda olmaqla bir çox strateji sahədə əməkdaşlığı meqalayihələrlə daha da inkişaf etdirib.
“İnşallah, atacağımız yeni addımlarla həmrəyliyimizi daha da möhkəmləndirəcəyik. Bütün bu məsələləri İlham qardaşımla görüşümdə müzakirə etdik”, – Türkiyə Prezidenti vurğulayıb.
Ərdoğanın sözlərinə görə, Türkiyə ilə Azərbaycanın yaxınlaşmasına mane olmağa çalışanlar xalqların bir-birinə olan sevgisini, tarixi bağlarını və sarsılmaz iradəsini nəzərə almırlar. O, iki ölkənin regionda sülh, sabitlik və rifah naminə bundan sonra da çiyin-çiyinə fəaliyyət göstərəcəyini bildirib.
Türkiyə Prezidenti bu birlikdən bəzi dairələrin narahat olduğunu da qeyd edib. O vurğulayıb ki, Türkiyə, Azərbaycan və digər türk dövlətlərinin birlikdə hərəkət edərkən hansı addımları ata biləcəyini görmək üçün tarixə nəzər salmaq kifayətdir.
“Biz fərqli dövlətlərik. Eyni zamanda, fərqli institusional strukturlara sahibik. Bununla belə, qardaşlıq məfkurəsi ilə bir-birimizə sıx bağlıyıq. Bu bağ bizi ayaqda saxlayan və güclü edən ən mühüm amildir”, – deyə Ərdoğan bildirib.
O əlavə edib ki, qardaşlıq münasibətləri ortaq tarixin, mədəniyyətin və gələcək nəsillərə ötürüləcək böyük irsin ən möhkəm təminatlarından biridir.
Ərdoğan bu birliyi zəiflətməyə yönələn cəhdlərə qarşı diqqətli olmağın, dezinformasiyaya inanmamağın və bütün məsələlərdə birbaşa, səmimi və açıq kommunikasiya kanallarından istifadə etməyin vacibliyini vurğulayıb.
Polise.az



