Tarixi müqavilənin bağlandığı yerdə üçrəngli bayraq… – FOTOLAR

Türkiyənin Qars şəhərində yerləşən tarixi Qars qalasında 9 Noyabr – Bayraq Günü münasibətilə Azərbaycan bayrağı dalğalanıb.

Bu barədə Azərbaycanın Qarsdakı baş konsulu Qoşqar Zeynalov sosial şəbəkə hesabında paylaşım edib.

Baş konsul üçrəngli bayrağımızın tarixi Qars qalasında dalğalandığını bildirərək bu mənalı jestə görə Qars valisi Ziya Polata və bələdiyyə sədri Ötüken Sengerə səmimi təşəkkürünü çatdırıb.

Qeyd edək ki, Qars qalası şəhərin ən mühüm tarixi abidələrindən biridir. Şəhərin şimalındakı yüksəklikdə yerləşən qala 1152-ci ildə Saltuklu hökmdarı Sultan Məlik İzzəddinin əmri ilə vəziri Firuz Akay tərəfindən inşa etdirilib.

1386-cı ildə Əmir Teymur tərəfindən dağıdılan qala 1579-cu ildə Osmanlı sultanı III Muradın əmri ilə Lala Mustafa Paşa tərəfindən yenidən tikilib. Sonrakı dövrlərdə də bir neçə dəfə dağıntılara məruz qalan və bərpa edilən qala əsrlər boyu şəhərin müdafiəsində mühüm rol oynayıb.

Qars şəhəri Azərbaycan üçün təkcə tarixi abidələri ilə deyil, həm də siyasi və diplomatik keçmişi ilə əhəmiyyət daşıyır. Belə ki, 1921-ci il oktyabrın 13-də Türkiyə, Azərbaycan, Ermənistan və Gürcüstan sovet respublikaları arasında məhz Qars şəhərində mühüm beynəlxalq sənəd – Qars müqaviləsi imzalanıb.

Azərbaycanın nümayəndəsi Behbud ağa Şahtaxtinskinin də iştirak etdiyi bu danışıqlar nəticəsində Naxçıvanın Azərbaycanın tərkibində muxtar ərazi statusu müqavilə ilə təsbit olunub. (Qafqazinfo)


Polise.az
Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button