“Dostluq” ordeni ilə təltif edilən Dragan Vladisavljeviç kimdir? – DOSYE

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Sərəncamı ilə Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə Draqan Vladisavljeviç “Dostluq” ordeni ilə təltif edilib.
Dragan Vladisavljeviçin bioqrafiyasını təqdim edirik:
Dragan Vladisavljeviç 1962-ci il iyunun 15-də Serbiyanın Lapovo şəhərində anadan olub.
O, Mostar Hərbi Aviasiya Məktəbini bitirib, 1985-ci ildə Zadar Hərbi Aviasiya Akademiyasından pilot ixtisası üzrə məzun olub. 1996-cı ildə Belqradda Baş Qərargah Məktəbini, 2002-ci ildə isə Baş Qərargah kurslarını bitirib. 2010-cu ildə briqada generalı rütbəsi alıb.
Vladisavljeviç Serbiya Silahlı Qüvvələrinin Batajnitsa hərbi aerodromunda pilot, qırıcı eskadrilya komandirinin köməkçisi və aviasiya alayı komandirinin köməkçisi vəzifələrində çalışıb. Həmçinin Serbiya Hərbi Akademiyasının Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə fakültəsinin taktika bölməsində professor kimi fəaliyyət göstərib.
2004-cü ildə Serbiya Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsində baş zabit, 2004-2005-ci illərdə isə Analitika və Qiymətləndirmə şöbəsinin rəhbəri olub.
2005-2009-cu illərdə Serbiyanın Türkiyədə hərbi attaşesi vəzifəsini tutub. 2009-cu ildə Serbiya Hərbi Kəşfiyyat İdarəsinin Situasiya Mərkəzinin rəhbəri vəzifəsini icra edib. Daha sonra həmin qurumun direktor müavini, 2012-2014-cü illərdə isə direktoru olub.
2014-cü ildə hərbi xidmətdən təqaüdə çıxıb.
2015-2021-ci illərdə Serbiya hökumətinin Kosovo üzrə müvəqqəti özünüidarəetmə institutları ilə danışıqlara cavabdeh şöbəsinə rəhbərlik edib.
Vladisavljeviç Serbiyanın “Hərbi kuryer” nəşrində bir neçə məqalənin müəllifidir. 2003-cü ildə ilin müəllifi seçilib. Həmçinin Hərbi Hava Qüvvələrinin zabitləri üçün tədris vəsaitləri hazırlayıb.
Dragan Vladisavljeviç 2021-ci il mayın 3-dən Serbiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiridir.
Vladisavljeviç ingilis, rus və türk dillərini bilir./NOCOMMENT
Polise.az



