“Düşmən Xudafərindən qovuldu!”

2020-ci il oktyabr ayının 18-də Xudafərin körpüsünə Azərbaycan bayrağını sancaraq, bu barədə Ali Baş Komandana məruzə edən Vətən Müharibəsi Qəhrəmanı Babək Ələkbərov 2003–2006-cı illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə, 2006–2010-cu illərdə isə Heydər Əliyev adına Akademiyada təhsil alıb.

Leytenant rütbəsi ilə məzun olduqdan sonra Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkət Qüvvələrində xidmətə başlayıb. 2016-cı ildə “İgidliyə görə” medalı ilə təltif olunub. Vətən müharibəsində Arazboyu əməliyyatlarda xüsusi şücaət göstərib, Zəngilanın və Xudafərin körpüsünün azad olunmasında iştirak edib.

Qəhrəmanımız bu tarixi anı belə xatırlayır:

– Qarabağda Zəfər yürüşünün tən yarısında – savaşın 22-ci günündə düşmən Xudafərin körpüsü zonasından da qovuldu. Azərbaycanın tarixi birliyinini yadigarı və rəmzi olan bu körpüyə üçrəngli bayrağımızı sancaraq bu tarixi hadisə barədə Ali Baş Komandana məruzə etmək həyatımın ən qürurverici və unudulmaz anlarındandır. İllərlə həsrətində olduğumuz torpaqlarda müqəddəs bayrağımızın qürurla dalğalanması və bu tarixi anın birbaşa iştirakçısına çevrilməyin sözlə ifadəsi çətindir. Bu, xalqımızın illərlə gözlədiyi ədalətin bərpasına şahidlik etmək, Vətən qarşısında borcunu yerinə yetirmək demək idi.

Vətən müharibəsində qazanılan uğurların əsasında döyüş meydanında göstərilən qəhrəmanlıq, illərlə aparılan hazırlıq və təcrübə dayanırdı. Düşmən azad edilmiş yüksəklikləri və əraziləri geri qaytarmaq üçün dəfələrlə cəhd göstərsə də, nəticəsiz qalırdı. Çünki Azərbaycan Ordusu strateji yüksəklikləri vaxtında nəzarətə götürməklə mühüm üstünlük əldə etmişdi.

Dağlıq ərazilərdə mütəmadi keçirilən təlimlər, hərbi qulluqçuların fiziki hazırlığı, əsgərlərin ruh yüksəkliyi döyüş meydanında öz nəticəsini göstərdi: Azərbaycan son 200 illik tarixində görünməmiş qələbəyə imza atdı.

Ləman TƏHMƏZ
XQ

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button