Aparıcı Firuzə Cəlilovanın bağ evinə basqınla bağlı DİN-dən açıqlama

Tanınmış aparıcı Fira Cəlilova (Firuzə Cəlilova) Novxanı qəsəbəsində yerləşən bağ evinə basqın edildiyini bildirib.
Polise.az xəbər verir ki, aparıcı bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
Onun iddiasına görə, noyabrın 26-da saat 22:00 radələrində beş avtomobillə bağ evinə gələn 15-ə yaxın şəxs evdən üç mobil telefon, 20 min manat dəyərində qədimi boyunbağı, 10 min manat dəyərində brilyant sırğa, müşahidə kameraları və digər elektron avadanlıqları aparıb.
Aparıcı hüquq-mühafizə orqanlarından hadisənin araşdırılmasını, əşyalarının geri qaytarılmasını və təqsirkarların məsuliyyətə cəlb edilməsini xahiş edib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məsələyə aydınlıq gətirib.
Bildirilib ki, polis əməkdaşları tərəfindən Novxanı qəsəbəsində yerləşən bağ evlərindən birində axtarışda olan şəxsin yeri müəyyənləşdirilib.
Keçirilən tədbirlər nəticəsində istintaqdan yayınaraq gizlənən, əvvəllər məhkum olunmuş Ə.Hüseynov saxlanılaraq istintaqa təhvil verilib.



