“Polisə Dəstək” İB-nin sədri Qərbi Azərbaycan icması İdarə Heyətinin sədri cənab Əziz Ələkbərliyə müraciət etmişdir

Hörmətli Əziz müəllim!
Qərbi Azərbaycan İcmasının azərbaycanlıların geri qayıdışı, orada dini-mənəvi irsin araşdırılması və bu sahədə əməkdaşlığın gücləndirilməsi istiqamətində aparılan fikir mübadiləsi məmnunluq yaradır.
Son zamanlar dövlət qulluğuna qəbul olmaq istəyən bəzi namizədlərin anket məlumatlarında əks olunan sözlər diqqət çəkir. Namizədlər valideynlərinin doğulduğu yeri qeyd edərkən «Ermənistan SSR, Vardenis rayonu», «Ermənistan SSR, Masis rayonu» kimi ifadələrdən istifadə edirlər. İlk baxışda adi bioqrafik məlumat sənədləşmə qaydasının tələbidir,-düşünə bilərik. Ancaq məsələyə tarixi yaddaş, milli kimlik və dövlətçilik təfəkkürü baxımından yanaşdıqda, burada daha ciddi, hətta ikrah hissi doğuracaq bir problem görürük. Zamanında öz tarixi ata-baba yurdlarından deportasiya edilmiş, doğma ev-eşiyini, torpağını, məzarlığı, el-obasını itirmiş insanların övladları bu gün valideynlərinin doğulduğu əraziləri “Ermənistan SSR”-in inzibati adları ilə təqdim etməyə məcbur qalırlar. Beləliklə, tarixi Azərbaycan toponimlərinin yerini həmin ərazilərdə sonradan ermənilər tərəfindən rəsmiləşdirilmiş adlar tutur. Bu isə, istər-istəməz tarixi yaddaşın sənədlərimizdə də arxa plana keçməsi təəssüratını yaradır. Söhbət tarixi faktları təhrif etməkdən, doğum yerini saxtalaşdırmaqdan və ya mövcud hüquqi sənədləri əsassız şəkildə dəyişdirməkdən getmir. Məsələ tamamilə başqadır, tarixi həqiqətlər müasir sənədləşmə sistemində Azərbaycan xalqının toponiminə uyğun, öz layiqli ifadəsini tapmalıdır. Müasir Ermənistan Respublikasının ərazisində azərbaycanlıların əsrlər boyu yaşadığı yüzlərlə yaşayış məntəqəsinin adı müxtəlif dövrlərdə dəyişdirilmiş, tarixi toponimlər başqa adlarla əvəz olunmuşdur. Lakin, bu prosesin izləri tarixi xəritələrdə, arxiv sənədlərində və elmi tədqiqatlarda qorunub saxlanılır. Məsələn, Basarkeçər sonradan Vardenis, Zəngibasar Masis, Axta Hrazdan adlandırılmışdır. Bunlar sadəcə inzibati ad dəyişikliyi deyil. Hər bir toponim həmin ərazidə yaşamış insanların tarixi, mədəniyyəti, dili və mənsubiyyəti haqqında məlumat daşıyır. Toponimlərin bərpası tarixi həqiqətlərin və adların bərpası, bu barədə beynəlxalq ictimaiyyətin məlumatlandırılması da Qərbi Azərbaycan icması üçün əhəmiyyət kəsb edəcək. Lakin diqqət yetirilməli olan başqa bir məqam da var: biz öz tarixi toponimlərimizi yalnız elmi məqalələrdə, konfranslarda, xəritələrdə və çıxışlarımızda xatırlamaqla kifayətlənməməliyik. Onlar dövlət qurumlarının istifadə etdiyi informasiya sistemlərində, bioqrafik məlumatlarda və müvafiq rəsmi sənədlərdə də öz əksini tapmalıdır. Qərbi Azərbaycan İcmasının bu istiqamətdə də konkret təşəbbüslə çıxış etməsini məqsədəuyğun hesab edirəm. İcma müvafiq dövlət qurumlarına müraciət edərək Ermənistanda doğulmuş azərbaycanlıların, onların övladlarının və nəvələrinin şəxsi işlərində, tərcümeyi-hallarında, anket məlumatlarında dövlət qulluğuna qəbul sənədlərində valideynlərinin və ya özlərinin doğulduğu yerlərin tarixi Azərbaycan toponimləri ilə göstərilməsi bu günün, qalib Azərbaycanın tələbi kimi qəbul edilməlidir. Zənnimcə, anketlərdə yalnız «Ermənistan SSR, Vardenis rayonu» yazılması əvəzinə, tarixi adın da göstərilməsinə imkan verən vahid yanaşma tətbiq olunmalıdır. Məs:Basarkeçər (indiki Vardenis, Ermənistan Respublikası); Zəngibasar (indiki Masis, Ermənistan Respublikası); Axta (indiki Hrazdan, Ermənistan Respublikası). Bu nümunələr tarixi və müasir coğrafi adların fərqləndirilməsini göstərir. Konkret yaşayış məntəqələri üzrə isə adların uyğunluğu tarixi xəritələr, arxiv sənədləri elmi mənbələr əsasında müəyyənləşdirilməlidir. Belə yanaşma tarixi faktları dəyişdirmir və hüquqi sənədlərin mötəbərliyinə də xələl gətirmir. Əksinə, eyni coğrafi məkanın tarixi adını və hazırkı inzibati adı yanaşı göstərməklə hüquqi dəqiqliyi və tarixi yaddaşı qorumuş oluruq. Mənə elə gəlir ki, bu məsələni yalnız dövlət qulluğuna qəbul zamanı təqdim edilən anketlərlə məhdudlaşdırmaq düzgün olmazdı. Şəxsi işlərdə, tərcümeyi-hallarda, dövlət və ictimai qurumların informasiya bazalarında, bioqrafik arayışlarda, eləcə də elmi və mədəni nəşrlərdə tarixi toponimlərin göstərilməsi üçün vahid metodoloji yanaşma hazırlanmalıdır. Bunun üçün Qərbi Azərbaycan İcmasının mütəxəssisləri, tarixçilər, toponimika üzrə tədqiqatçılar, hüquqşünaslar və aidiyyəti dövlət qurumlarının nümayəndələri birgə işləyə bilərlər. Tarixi Azərbaycan toponimlərinin sistemləşdirilməsi məqsədilə elektron reyestrinin yaradılması da bu işin mühüm tərkib hissəsidir. Həmin reyestrdə hər bir yaşayış məntəqəsinin tarixi adı, əvvəlki inzibati mənsubiyyəti, dəyişdirilmiş adı, müasir adı və bunları təsdiqləyən mənbələr göstərilməlidir. Dövlət qurumları da müvafiq sənədləri tərtib edərkən bu məlumatlara istinad etməlidirlər. Burada bir hüquqi məqamı da nəzərə almalıyıq: doğum faktını təsdiqləyən ilkin sənədlərin məzmunu özbaşına dəyişdirilə bilməz. Təklif edilən mexanizm rəsmi sənədlərdə tarixi toponimin əlavə və izahlı şəkildə göstərilməsini nəzərdə tutmalıdır. Bunun hüquqi və texniki qaydası isə aidiyyəti dövlət qurumları tərəfindən müəyyənləşdirilməlidir. Azərbaycan ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş, müharibədə qələbə qazanmış regionda Lider dövlətdir. Biz də, Lider və qalib dövlətə mənsub dövlətin vətəndaşlarıyıq. Bu reallıq bizə təkcə qürur hissi deyil, həm də tarixi yaddaşımızı qorumaq məsuliyyətini aşılayır. Gənc bir Azərbaycan vətəndaşının dövlət qulluğuna qəbul üçün təqdim etdiyi anketdə öz babasının doğulduğu yeri yalnız «Ermənistan SSR»nin inzibati adları ilə tanıtması mənəvi baxımdan düşündürücü, bir az da obrazlı ifadə etsəm, şəhidlərimizin ruhuna toxunur, bəlkə də, bu gün ikrah hissi yaradır. Axı, həmin gəncin babasının doğulduğu kəndin, rayonun Azərbaycan tarixi, mədəniyyəti və yaddaşı ilə bağlılığını niyə tarixin arxivinə örtülməlidir? Biz gələcək nəsillərə yalnız deportasiya tarixini, itirilmiş yurdların ağrısını deyil, həmin yurdların əsl adlarını ərazi bütövlüyünü təmin edən qəhrəmanlarımız barədə məlumatları da ötürməliyik. Tarixi yaddaşın qorunması keçmişə ehtiram, gələcək qarşısında isə məsuliyyət hissinin dərk edilməsidir.Qərbi Azərbaycan İcmasının bu məsələyə diqqət yetirib, müvafiq dövlət qurumları qarşısında təşəbbüslə çıxış etməsi və tarixi toponimlərin rəsmi sənədlərdə elektron məlumat bazalarında tanınması üçün hüquqi mexanizmlərin hazırlanması da zəfərimizin tələbidir.
Qərbi Azərbaycanın tarixi adlarını yaşatmaqla həmin torpaqlar üzərində mülkiyyət hüququmuzu rəsmləşdiririk. Bununla da, xalqımızın keçmişini qoruyur, tariximizi xatırlamaqla onu yaşadırıq!
Səmimi hörmət və ehtiramla,
“Polisə Dəstək” İB-nin sədri Şəmsəddin Əliyev
Polise.az



