Ölkədə partiyaların sayı çox olsa da fəaliyyətləri qanedici deyil
O.Qasımov: “Cəmiyyətin həmrəyliyinə və siyasi qüvvələr arasında dialoq mühitinin yaranmasına ehtiyac var”.
Polise.az müstəqil onlayn xəbər portalı fəaliyyət göstərdiyi 15 gün ərzində ictimai nüfuza malik ziyalı şəxslərdən ibarət üçüncü müsahibəni oxuculara təqdim edir. Bu dəfə müsahibimiz cəmiyyətdə vicdanı saf, daxili təmiz şəxsi missiyasına sədaqətlə yanaşan, mərhum prezident Əbülfəz Elçibəyin köməkçisi işləmiş, uzun müddət onunla Kələkidə “mühacir” həyatını yaşamış, hazırda siyasətə qatılmayan, sosial məşğuliyyəti olmayan Oktay Qasımovdur.
1-ci Sual: Oktay bəy salam! Necəsiniz, bu gərgin, karantin rejimində nə işlə məşğulsunuz?
-Təşəkkür edirəm. Hal hazırda işsizəm və Seçkilərdən sonrakı dövrdə Covid-19 pandemiyası ilə əlaqədar tətbiq olanan karantin rejimində daha çox mütaliə və yazı-pozu işləri ilə məşğul olur, keçmiş qeydlərimi və sənədləri sahmana salıram.
2-ci Sual: Azərbaycandakı ümumi, sosial-siyasi vəziyyəti necə qiymətləndirirsiniz? Elçibəy hakimiyyətinin siyasi elitasının sonuncu mərtəbəsindən baxanda təəssüratınız (maraqlı olardı) necədir?
-Hazırkı vəziyyətə bir neçə yöndən baxmağın tərəfdarıyam. Əvvəla mart ayından pandemiya səbəbindən tətbiq olunan karantin rejiminə uyğun məhdudiyyətlər, iş yerlərinin məcburi bağlanması iqtisadi, sosial, psixoloji və buna paralel olaraq siyasi baxımdan problemlər və gərginlik yaradır. Pandemiya nəticəsində bütün dünyada olduğu kimi ölkə iqtisadiyatında da müəyyən problemlər yaşanır. Bəzi qüsurlara baxmayaraq əhalinin aztəminatlı hissəsi və sahibkarlıq subyektlərinin qorunması ilə bağlı atılan addımlar müsbət qiymətləndirilə bilər. Bununla bərabər işğal altındakı Dağlıq Qarabağda separatçı, qondarma rejimin “saxta prezident” seçkiləri keçirməsi cəmiyyətdə birmənalı kəskin etiraz reaksiyası doğurdu. Bu prosesdə XİN-nin ləng və yumşaq reaksiyası, passivliyi etirazla qarşılandı. Araz çayı üzərində işğal altındakı Cəbrayıl rayonu ərazisində İran tərəfindən tikilən “Xudafərin” və “Qız qalası” hidroqovşaqları məsələsi cəmiyyətin fəal hissəsinin müzakirəsinə səbəb oldu. Bütün hallarda bilinməlidir ki, hazırda dünyada böhran yaşanır və bundan sonra yeni düzənin yaranması mərhələsinə qədəm qoyuruq. Bu olduqca həssas bir dönəmdir. Ona görə də kimliyindən asılı olmayaraq hər kəs məsuliyyətli davranmalı, yaranmış vəziyyətdən dövlətimizin maraqlarına zərər dəyməməsinə nail olmalıyıq.
3-cü Sual: Son günlərdə DTX-nın vətəndaşlardan daxil olan məlumatlar əsasında həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində korrupsiyaya qarşı əvvəlki dövrlərdən fərqli mübarizə taktikası həyata keçirildi. Hüquqi mənzərə hamıya bəlli oldu. Sizin təqdiriniz və mülahizələrinizi bilmək istərdik.
-Rüşvətxorluq və korrupsiyaya qarşı aparılan mübarizə cəmiyyətdə hər zaman müsbət qarşılanır. Çünki bu kimi hallar dövlətin əsaslarını sarsıdan bəlalardır. Dövlət əmlakını talayan korrupsioner məmurların həbsinə cəmiyyətin müsbət reaksiyasını mətbuat və sosial şəbəkələrdən aydın görmək olar. Korrupsiya ilə mübarizənin müsbət nəticə verməsi və bu bəladan əsaslı şəkildə qurtulmamız üçün kompleks tədbirlərin həyata keçirilməsi, qanunvericilik bazasının yaradılması, prosesdə ictimai nəzarət və şəffaflığın təmin olunması vacib şərtdir.
4-cü Sual: Oktay bəy! Müasir Azərbaycan Polisi ilə 1992-1993-cü illərdə fəaliyyət göstərən Polisi xidmətindəki fərqli və yaxud oxşar cəhətlər?
-Polis orqanları dövlətin təhlükəsizlik və daxili asayişini təmin edən əsas qurumlardan biridir. Polisin 90-cı illərdəki vəziyyəti ilə bugünkü arasında təbii fərqlər var və bu çox normaldır. Hər dövrün öz tələbi var. Müstəqilliyin yeni qazanıldığı dövrdə DİN strukturları sovet sistemindən miras qaldığından bu qurumun islahatlara ehtiyacı vardı. Bununla bərabər erməni təcavüzü ilə mübarizədə və ərazi bütövlüyümüzün qorunmasında polis əməkdaşlarının o zamankı xidmətləri danılmazdır. Hazırda polis orqanlarının maddi-texniki təchizatı və imkanları daha yüksək səviyyədədir. Peşəkarlıq hər iki dövrdə qane edici olsa da, onun inkişaf etdirilməsinə hər zaman ehtiyac var.
5-ci Sual: Oktay bəy! Növbəti sualım qəribə səslənsə də inciməyin. Elçibəy komandasında Prezidentin daxili və xarici siyasətində fərqli mövqe tutan, etibarını və etimadını itirmiş məmurlar barədə nə deyə bilərsiniz?
-İstənilən komandanın tərkibində fərqli fikir sahibi şəxslər ola bilər. O zaman da belə şəxslər olsa da, onların aparılan siyasətin istiqamətini dəyişmək imkanları məhdud idi. Etimadını itirmiş şəxslərin bir qismi kənarlaşdırılmış, qalanları ilə bağlı qərarların qəbuluna 4 iyun qiyamı mane olmuşdu.
6-cı Sual: Bu sualım da qəribə səslənəcək. Mərhum Elçibəyin paytaxtı, daha doğrusu Prezident Aparatını tərk edib Naxçıvana getməyə vadar edən səbəb və şərait barədə nə deyə bilərsiniz? Getməsəydi nə baş verərdi?
-Bu barədə çox danışılıb və rəhmətlik Əbülfəz bəy də dəfələrlə öz münasibətini bildirib. Səbəb ölkədə vətəndaş qarşıdurmasına imkan verməmək, dövlətin gələcəyini təhlükələrdən qorumaq oldu.
7-ci Sual: Ölkədə bir bayraq (altında) ətrafında birləşmək üçün, daha doğrusu milli birliyə nail olmaq üçün hansı təklifləri verə bilərdiniz? Milli birliyimizə, milli barışığa , vahid milli ideologiyaya nail olmaq üçün nə etməliyik?
-Ölkənin qarşısında həll etməsi vacib məsələlr var. Əvvəla Dağlıq Qarabağ problemini həll edərək ərazi bütövlüyümüz bərpa edilməli, iqtisadi, siyasi islahatlar həyata keçirilməli, qanunun alilyi prinsipi bərqərar olmalı, vətəndaşların maddi rifah halı yüksəldilməlidir. Bu məsələlərin həlli üçün cəmiyyətin həmrəyliyinə və siyasi qüvvələr arasında dialoq mühitinin yaranmasına ehtiyac var.
8-ci Sual: Ölkədəki partiyaların fəaliyyət istiqamətləri sizi qane edirmi? Ümumiyyətlə çoxpartiyalı sistem -müxtəlif ideologiyaya və elektorata malik siyasi liderlərin hazırki funksiyaları inkişafımıza səmərə verə bilirmi? Yox desək, onda təklifləriniz maraqlı olardı.
-Siyasi partiyalar demokratik cəmiyyətin əsas ünsürlərindəndir. Hazırda ölkədə fəaliyyət göstərən partiyaların sayı çox olsa da onların fəaliyyəti qaneedici səviyyədə deyil. Bunun bir çox səbəbləri var. Bunlardan əsas olanı partiyaların inkişafına stimul verən proposional seçki sisteminin bərpa olunması, onlara normal fəaliyyət üçün şəraitin yaradılmasıdır.
9-cu Sual: Karantin rejimində polisin fəaliyyətini necə qiymətləndirirsiniz?
-Bəzi epizodları çıxmaq şərtilə karantin dövründə polisin fəaliyyəti təqdirəlayiq oldu. Belə çətin vəziyyətdə onların xidmətlərini, fədakarlığını və nümunəvi davranışlarını qiymətləndirməmək insafsızlıq olardı. Təssüf ki, Yasamalda baş verən son hadisə polisin fəaliyyətində tənqidi münasibətə səbəb oldu. Bu hadisədə həm polisin üzərinə zibil atan vətəndaşların hərəkəti, sonrasında polisin hərəkəti də cəmiyyətdə haqlı olaraq narazılıq yaratdı. Başa düşmək olar, uzun zaman müəyyən məhdudlaşdırma şəraitində yaşamaq insanlara maddi, mənəvi, psixolojik olaraq mənfi təsir edib. Onlar da bir formada etiraz etmək istəyiblər. Bütün hallarda bu hərəkət təqdir olunmur. Digər tərəfdən bu zaman ərzində polis daha ağır şərtlərdə xidmət həyata keçirib, həm karantin rejiminin təmin olunması, həm də asayişin qorunmasını həyata keçirib. Təbii ki, bu cür ağır şərtlərdə xidmət onlarda da müəyyən psixoloji yorğunluq yaradıb. Amma bu hal dövlət qulluqçusu kimi polisə qanundan kənar hərəkət etməyə əsas olmamalıdır. Məncə ciddi araşdırma aparılsa, bu hadisənin bir təxribat olduğu ortaya çıxa bilər.
Sağ olun. Müraciətimizə diqqətlə yanaşdığınıza görə təşəkkür edirəm.
Rəşad
www.polise.az