“Akif min il keçsə belə unudulmayacaq!” – Akif Əli yazır

Akif ƏLİ,
Əməkdar jurnalist,
fəlsəfə doktoru,
yazıçı-publisist.

Qardaş Türkiyə ilə can-Azərbaycan arasındakı “Bir millət – iki dövlət” münasibətləri xüsusən, 44 günlük Vətən müharibəsi sınağından şərəflə çıxdı. Əlaqələrimiz daha da yaxınlaşma istiqamətində uğurla davam etmədədir. Oxşar milli, mədəni, dini, dünyəvi dəyərlərə malik hər iki ölkənin xalqları arasında dostluq, qardaşlıq telləri dünyada bənzəri olmayan bir strateji mahiyyət kəsb edir. İndi Azərbaycanda baş verənlər türk qardaşlarımızın, Türkiyədəki olaylarsa azərbaycanlıların maraq və diqqət dairəsindədir. Bu baxımdan Azərbaycan oxucusuna mahiyyət etibarilə oxşar dəyərlər daşıyıcısı olan bir yubiley tədbiri barədə məlumat vermək yerinə düşərdi. Belə ki, martın 12-də Türkiyədə Cümhuriyyətin Dövlət Himni olan “İstiqlal marşı”nın 100-cü ildönümü təntənə ilə qeyd edildi. “Mehmet Akif və İstiqlal Marşı ili”ni qardaş ölkə silsilə tədbirlər və maraqlı proqramlarla açdı.

“Akif min il keçsə belə unudulamayacaq!” – Bu sözlər daim Azərbaycanın yanında olan, xüsusən mənfur düşmən üzərində Şanlı Qələbənin qazanıldığı savaş günlərində xalqımıza və dövlətimizə əlindən gələn köməyi əsirgəməyən qardaş Türkiyə Cümhuriyyətinin Böyük Millət Məclisinin (TBMM) Başkanı, Azərbaycana səfərləri zamanı səmimi dostluq duyğularını xalqımızla səxavətlə bölüşən hörmətli Mustafa Şəntopa məxsusdur. “İstiqlal Marşı”nın 100-cü ildönümü münasibətilə keçirilən təntənəli tədbirlərdə o bu ifadəni böyük inamla səsləndirdi.

Yubiley münasibətilə Türkiyə Cümhuriyyətinin Birinci Məclis binasında (o məşhur tarixi bina Ankarada yerləşir) xüsusi anma törəni keçirildi. Törənə TBMM Sədri Mustafa Şəntop, Ankara Valisi Vasip Şahin, TBMM Baş Katibi Mehmet Ali Kumbuzoğlu, Mehmet Akif Ərsoyun nəvəsi Səlma Arqon, millət vəkilləri və digər yetkililər qatıldılar. Sayğı duruşu və “İstiqlal Marşı”nın oxunması ilə başlayan törəndə Bursa Dövlət Teatrının quruluşunda “Mehmet Akif” tamaşası göstərildi. Görkəmli qələm ustası, milli şair Mehmet Akif Ərsoyu anma tədbirləri çərçivəsində Mehmet Akif Kültür Evində keçirilən başqa bir yubiley proqramına da qatılan Başkan Mustafa Şəntop, şair haqqında dərin məzmunlu çıxışları ilə yadda qaldı. Onun çıxışının bəzi məqamlarını hörmətli oxuculara təqdim edirik.

Mustafa Şəntop öz çıxışına bu sözlərlə başlamışdır: “Bu gün “İstiqlal Marşı”mız və onun şairi Mehmet Akif Ərsoy yurdumuzun dörd bir yanında hörmətlə, diqqətlə və minnətlə anılır. Onun əziz xatirəsi ürəklərdə və hafizələrdə yenidən təzələnir. Bu millət var olduqca özünün qiymətli şairini qəlbində anmağa və yaşatmağa davam edəcəkdir. Və Akifi anmaq, anlamaq, anlatmaq üçün hər fürsətdə bütün səmimiyyət və qeyrətilə çalışacaqdır”.

Mehmet Akifin millət və məmləkət sevdasının əsil örnəyi olduğunu bildirən Məclis Başkanı sonra dedi: “O, məzlumun dostu, zalımın düşməni olaraq, istiqlal və istiqbal davamızın güçlü, gur səsi idi. Millətin mənəviyyat cəbhəsinin öndəri olan Mehmet Akif, həyatı boyunca dövlətinə və millətinə tam sədaqətlə xidmət etmiş, Milli Mücadiləyə qeyd-şərtsiz dəstək vermiş, dövlətindən əməkli maaşı (pensiya) belə istəməmiş, heç bir qarşılıq gözləmədən dövlət və millət üçün çalışmışdır… Hamımızın bildiyimiz kimi, Türkiyə Böyük Millət Məclisi, “İstiqlal Marşı” yazmaq üçün müsabiqə keçirərkən, qalib üçün pul mükafatı təyin etdiyini eşidincə müsabiqəyə qatılmağı belə doğru hesab etməmişdir. Müsabiqəyə göndərilən 724 şeirin heç birinin milli marş olmağa layiq görülmədiyi səbəbindən, Akifin pul mükafatı həssasiyyətini öyrənən Maarif Vəkili Hamdullah Suphi Bəy, Akifə xahiş məktubu yazaraq, onun bu həssaslığını anladığını bildirmiş, eyni zamanda israrla onu da milli marş yazmağa inandırmışdır. Və şair iki gün ərzində evə qapanaraq, vəcdlə qəhrəman ordumuza ithaf etdiyi “İstiqlal Marşı”mızı qələmə almışdır”.

Mehmet Akif Ərsoyun Türk Ordusuna xitab kimi yazdığı “Bizim Qəhrəman Ordumuz” adlı həmin şeir parlamentdə oxunduqda böyük rəğbətlə qarşılanır. Əsər 12 mart 1921-ci ildə Məclisin iclasında Dövlət Himni olaraq qəbul edilir. Müsabiqənin qalibi üçün nəzərdə tutulan 500 lirə mükafatı almaqdan imtina edən Mehmet Akif bu şeiri Ordu və Millət üçün yazdığını deyir. “İstiqlal Marşı”nın bəstəkarı o dövrdə məşhur türk skripkaçısı kimi tanınan Osman Zəki Üngördür. Bəstəkar himnin sözləri üçün şeirdən ilk iki bəndi seçib. On bəndlik çox dəyərli nəzm əsərindən məhz həmin səkkiz misralıq iki bənd 100 ildir ki, milyonlarla türkün dilinin əzbəridir. Dövlət və hərbi tədbirlərdə, milli festivallarda, bayramlarda, idman tədbirlərində, məktəb mərasimlərində mütəmadi olaraq “İstiqlal Marşı” səslənir.

1921-ci ildə himnin qəbul edildiyi o əlamətdar 12 Mart günündə Mehmet Akifin əyninə geyməyə bir paltosu olmadığı üçün, dostunun paltosunu borc alaraq Məclisin toplantısına qatıldığını vurğulayan Mustafa Şəntop fikrini belə davam etdirir:

“Burdurdan millət vəkili olsa da, Mehmet Akif üzvü olduğu Məclisdə demək olar ki, iştirak edə bilmirdi. O, Milli Mücadilə dövrü ərzində Anadoluda şəhərdən şəhərə, tədbirdən tədbirə qaçaraq, sanki bir Məna Komandanı kimi milləti düşmənə qarşı təşkilatlandırmağa çalışırdı”.

Mehmet Akif Ərsoyun qazandığı bütün pulları, aldığı mükafatları şəhid və qazi ailələrinə bağışladığını xatırladan M. Şəntop deyib: “Məhz bu cür xeyirxahlığı üzündən Akif yüz il yox, min il keçsə belə unudulamayacaqdır! O böyük bir minnətdarlıq hisslərilə bəşərin vicdanında taxt qurmuş, əziz millətimizin könlündə özünə əbədi yer tutmuşdur. Milli Mücadilə dönəmində vətən uğruna illərlə ailəsindən və evladlarından uzaq düşən, “Öncə Vətəndir” deyə çarpışan milli şair Mehmet Akif üçün indi nə söyləsək də, bu qısa zaman kəsimində onu anlatmağa yetərli olmayacaqdır. Hamımızın bildiyi Çanaqqala savaşına həsr etdiyi şeirində, qəhrəman əskərlərimizin göstərdiyi qeyri-adi əzmkarlığa, şücaətə qoşduğu onlarla gözəl misralar boyunca qələmə aldığı minnətdarlıq, lütfkarlıq və zövqlü ithaflardan sonra da özünü aciz sanan şair Çanaqqala qəhrəmanlarına xitabən: “Sizin xatirənizi əbədiləşdirmək üçün yenə də heç nə edə bilmədim” – yazırdı…“

Yüz il öncə Mehmet Akifin cəmiyyəti itirilmək üzrə olan “milli şüura” çağırdığını, xırda irqçiliyə, ziyanlı bölgəçiliyə, bölücülüyə qarşı xəbərdar etdiyini deyən TBMM Başkanı Şəntop şairi belə qiymətləndirir:

“Əsir olmadan, kölə olmadan, azad və müstəqil yaşaya bilmək üçün, düşmənə qarşı müqavimət gücünə sahiblənmək üçün lazım olan qüdrəti hardan, necə tapmalı… Bunun üçün Akif milli birliyin düşmən toplarından daha güclü olduğunu xalqa aşılayırdı! Yüz ildən bəri Akif haqqında onlarca kitab, minlərcə məqalə yazılıb, saysız-hesabsız dərgilər çıxarılıb, neçə-neçə dəyərli insanlar Akifi böyük sayğıyla anaraq fəaliyyətini təqdir ediblər. Çünki Cəmil Meriçin dediyi kimi, Akif zəkası, duyğusu və imanıyla hər bir namuslu insanın yol yoldaşı və düşüncə tariximizin nəhənglərindən idi”.

“16 Mart 1920-ci il tarixində İstanbulda Məclis-i Məbusan işğalçıların silahlı basqısına məruz qalandan iki gün sonra, martın 18-də Məclisin daha etibarlı bir yerdə işini davam etdirməsi qərara alınır. Millət vəkilləri işğal güclərinin aramsız hücumlarını və yaratdıqları maneələri dəf edərək, Ankaraya çatmaq üçün yola çıxırlar. Cəmi 40 gün sonra, yəni 23 Aprel 1920-ci ildə Ankarada coşqun bir törənlə Millət Məclisi yenidən işinə davam edir. “Sebilürreşad” dərgisini Ankarada çıxartmaq üçün Mustafa Kamal Paşa tərəfindən dəvət edilən Mehmet Akif də bir gün sonra, aprelin 24-də Ankaraya gələ bilir. Məclisdə Burdur vəkili olaraq görəv alıb, bu səlahiyyətlə Anadolunu dolaşır, xalqda milli mücadilə ruhunu yüksəltəyə çalışır, ən önəmlisi – yeni dövlətimizin qurucu mətni olaraq qəhrəman ordumuza həsr etdiyi “İstiqlal Marşı”nı yazır”.

“İstiqlal Marşı”nın 100 illik yubileyinə həsr olunan tədbirin sonunda 2021-ci ilin həm də qədim türk abidəsi Bilgə Tonyuqukun yaranmasının 1300 illiyi olduğunu xatırladan M. Şəntop çıxışını bu sözlərlə yekunlaşdırır:

“Orxon abidələrinin məcmusu kimi olan və Bilgə Xaqanın şəxsən yazdığı “Türk Oğuz Bəyləri, millət, eşidin! Üstdə mavi göy çökməsə, altda qara yer dəlinməsə sənin elini, adətini kimsə pozamaz!”, – cümləsindəki çağırış “İstiqlal Marşı”nda “Qorxma! Sönməz bu şəfəqlərdə üzən al bayraq!” şəklində ifadə edilmişdir… Bu il Türkiyənin təklifi ilə UNESCO tərəfindən Səlçuqlu dönəminin Türk aydınlarından üç böyük şəxsiyyət üçün də anma ili elan edilmişdir. 2021-ci ili böyük Türk şairi Yunus Əmrənin vəfatının 700, Əhməd Yasəvi müridlərindən sultan Hacı Bektaş Vəlinin vəfatının 750 və Türk xırdavatçı-sənətkarlarının təşkilatlanmasının qurucu öncüsü Ahi Evranın doğumunun 850-ci ildönümüdür. Cümhuriyyətin elanının 100-cü ilinə yaxınlaşdığımız vaxtda, Ahi Evran, Hacı Bektaş Vəli, Yunus Əmrə və Mehmet Akiflə ilgili olaraq görüləcək əhəmiyyətli işlər Cümhuriyyəti hələ neçə-neçə yüzillərə daşımaq əzmimizin və qətiyyətimizin bir göstəricisi olacaqdır”.

***

İstiqlal Marşı

Mehmet Akif Ərsoy

Qorxma, sönməz bu şəfəqlərdə üzən al bayraq;
Sönmədən yurdumun üstündə yanan ən son ocaq.
O mənim millətimin ulduzudur, parlayacaq;
O mənimdir, o mənim millətimindir ancaq.

Çatma, qurban olum, çöhrəni ey nazlı hilal!
Qəhrəman xalqıma bir gül! Nə bu şiddət, bu cəlal?
Sənə olmaz tökülən qanlarımız sonra halal…
Haqqıdır, haqqa tapan, millətimin istiqlal!

Mən əzəldən bəridir hür yaşadım, hür yaşaram.
Hansı çılğın mənə zəncir vuracaqmış? Çaşaram!
Kükrəmiş sel kimiyəm, bəndimi çeynər, aşaram.
Yırtaram dağları, ənginlərə sığmam, daşaram.

Qərbin afaqını sarmışsa polad zirehli divar,
Mənim iman dolu köksüm kimi sərhəddim var.
Ulusum, qorxma! Necə belə bir imanı boğar,
“Mədəniyyət!” dediyin tək dişi qalmış canavar?

Arqadaş! Yurduma alçaqları uğratma, saqın.
Sipər et sinəni, dursun bu həyasızca axın.
Doğacaqdır sənə vəd etdiyi günlər Haqqın…
Kim bilər, bəlkə sabah, bəlkə sabahdan da yaxın.

Basdığın yerləri “torpaq” deyərək keçmə, tanı:
Düşün altındakı minlərcə kəfənsiz yatanı.
Sən şəhid oğlusan, incitmə, yazıqdır, atanı:
Vermə, dünyaları alsan da, bu cənnət vatanı.

Kim bu cənnət vətənin uğrunda olmaz ki fəda?
Şühəda fışqıracaq torpağı sıxsan, şühəda!
Canı, cananı, bütün varımı alsın bu Xuda,
Etməsin tək vətənimdən məni dünyada cüda.

Ruhumun səndən, İlahi, budur ancaq diləyi:
Dəyməsin məbədimin köksünə naməhrəm əli.
Bu azanlar ki, şəhadətləri dinin təməli,
Əbədi yurdumun üstündə mənim inləməli.

O zaman vəcd ilə min səcdə edər varsa daşım,
Hər cərihamdan, İlahi, quruyub qanlı yaşım,
Fışqırır ruhi mücərrəd kimi yerdən nəşim;
O zaman yüksələrək ərşə dəyər bəlkə başım.

Dalğalan sən də şəfəqlər kimi ey şanlı hilal!
Olsun artıq tökülən qanlarımın hamısı halal.
Əbədiyyən sənə yox, xalqıma yox bil ki, zaval:
Haqqıdır, hür yaşamış, bayrağımın hürriyyət;
Haqqıdır, Haqqa tapan, millətimin istiqlal!

Hamısını Göstər

Related Articles

Back to top button