ABŞ, nəhayət, Əfqanıstanı tərk edir- bəs İraq?
Politoloqlar bunun heç də asan məsələ olmayacağını deyir.
ABŞ prezidenti Cozef Baydenin qərarına əsasən ABŞ ordusu birləşmələri mayın 1-dən etibarən Əfqanıstanı tərk edəcək. Plana əsasən proses sentyabra qədər davam edəcək. Sentyabrın 11-də, yəni 11 sentyabr olaylarının 20-ci ilinin tamam olduğu gün ABŞ ordusu qüvvələri Əfqanıstanı tərk etməlidir.
Burada bir məsələ xüsusi diqqət çəkir: ABŞ generalları Baydenin qərarına qarşı çıxırlar. Ordu komandanlığı qoşunların Əfqanıstandan çıxarılmasının bu ölkədə onsuz da kövrək olan sabitliyə mənfi təsir edəcəyini ehtimal edir. Ən böyük narahatlıq isə Talibanın yenidən hakimiyyətə qayıtması ehtimalıdır. Bu baxımdan ordu komandanlığı qoşunların Əfqanıstanda qalmasının tərəfdarıdır.
Lakin Bayden qərarında israrlı görünür. ABŞ-la yanaşı Avstraliya, Böyük Britaniya, Gürcüstan və bir neçə NATO ölkəsi də analoji qərar verib.
Qeyd edək ki, sabiq prezident Barak Obama dönəmindən başlayaraq indiyə qədər Amerika bir neçə dəfə hərbçilərini oradan çıxarmaq istəyib, amma alınmayıb. Ona görə də bəzi ekspertlər bu dəfə də qərarın tam olaraq həyata keçməyəcəyini düşünürlər.
Əgər indi Bayden qərarını həyata keçirərsə, o zaman Əfqanıstandan imtinanın səbəbləri nədir sualı meydana çıxır.
ABŞ-ın Əfqanıstandan çıxması Talibanın o ölkədə iqtidara qayıtması deməkdirmi? Talibanın iqtidara təkrar gəlməsi regionda terrorizmin yenidən “çiçəklənməsinə” səbəb olacaqmı? ABŞ İraqdan da qoşunlarını çıxaracaqmı?

Arzu Nağıyev
Politoloq, deputat Arzu Nağıyev məsələyə dair maraqlı mövqe sərgilədi: “Düşünürəm ki, Əfqanıstanda istər Amerikanın, istər NATO-nun, istərsə də digər hərbi qurumların öz ciddi maraqları var. Bu, tək hərbi maraqlar deyil. Məlum məsələdir ki, Taliban və digər qurumları idarə etmək və onlarla müvafiq danışıqlara getmək də mümkündür. Orada əsas iki məqam var. Birincisi, narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlıdır. Çünki bu olduqca ciddi bir maliyyə mənbəyidir. Ona görə də narkotiklərin qanunsuz dövriyyəsinə nəzarət etmək üçün ciddi qruplaşmalar, dövlətlər öz aralarında mübarizə aparır. İkinci məsələ oradakı litium yataqları ilə bağlıdır. Məlumdur ki, Əfqanıstanda bu yataqlar həddindən artıq böyükdür. Həmin yataqlardan dördüncü sənaye inqilabında istifadə etmək mümkündür. Burada Əfqanıstanın öz strateji əhəmiyyəti, coğrafi ərazisi də mühüm amillərdən birini təşkil edir. Bu ərazidən Orta Asiya və digər dövlətlərə tam nəzarət mümkündür. Bu baxımdan hesab edirəm ki, müəyyən kontingenti çıxarsalar da, əsas heyət o istiqamətdə qalacaq. Orada hərənin öz marağında olan digər hərbi qurumlar var. Digər tərəfdən, Amerika və digər NATO üzvləri oradan çıxsalar, məlum məsələdir ki, onları əvəzləmək istəyən Çin, Rusiya və digər dövlətlərin orada maraqları var. Bu dövlətlər gözləyirlər ki, ora boşalsın və bunların kontingenti daxil olsun. Ona görə də bu olduqca problemli məsələdir”.
İraqla bağlı məsələyə isə, deputat belə aydınlıq gətirdi: “İraq da strateji əhəmiyyətli bir ərazidir. Bu ərazinin İrana yaxın olması çox mühüm məsələdir. Ona görə də strateji baxımını nəzərə alaraq, müəyyən kontingenti çıxarsalar da, əsas qüvvələr orada qalacaq”.

Elşən Mustafayev
Beynəlxalq əlaqələr üzrə ekspert Elşən Mustafayev bildirdi ki, ABŞ-ın Əfqanıstandan qoşunlarını çıxaracağı ilə bağlı verdiyi qərar Vaşinqtonun bölgəyə olan marağının artıq olmaması kimi dəyərləndirilməməlidir: “Birincisi, verilən qərarın bu ilin payızına qədər həyata keçirilməsi planlaşdırılır. Həmin vaxta qədər çox hadisələr baş verə bilər. İkincisi, hətta hər hansı fövqəladə hadisə baş verməsə və qərar yerinə yetirilsə belə, ABŞ hərbiçilərinin Əfqanıstandan tam tərkibdə çıxarılması planlaşdırılmır. Orada olan diplomatik korpusun və digər ABŞ şirkətlərinin təhlükəsizliklərinin qorunması adı altında hərbi kontingentin qalacağı artıq elan olunub. Bu sayın nə qədər olacağı hələ bəlli deyil. Eyni zamanda Əfqanıstanda daha effektiv fəaliyyətlə məşğul olan və bazaları ictimaiyyətə məlum olmayan xüsusi xidmət orqanları haqda heç nə deyilmir. Yəni bölgədə olan hərbi kontingentin əhəmiyyətli bir hissəsi Əfqanıstandan çıxsa belə, ABŞ nəzarəti yenə də qalacaq. Qərar verilərkən yəqin ki, bütün variantlar və olacaq nəticələr müzakirə olunub. Onsuz da ABŞ uzun illərdir ki, Əfqanıstanda aktiv fəaliyyət göstərmirdi. Amma hər sey daimi nəzarətdə olub. Əminəm ki, bundan sonra daha ciddi nəzarət olacaq. Yəni qoşunların böyük bir hissəsinin çıxarılmasından istifadə edib terrorçu qrupların aktivləşməsinə imkan verilməyəcək. Müşahidələrimə görə, Əfqanıstan rəsmiləri ilə münasibətlər göründüyündən daha dərindir və hətta bir çox müxalif qruplaşmalarla da təmaslar intensivdir. Sözsüz ki, gələcəkdə bu əlaqələr vasitəsilə bölgədə maraqlarını qorumağa çalışacaq. Hazırda isə ABŞ-ın əsas hədəfi Rusiyadır. Bütün imkan və gücünü bu istiqamətdə toplamaqla məşğuldur. Bir məsələni də unutmaq lazım deyil ki, ABŞ Milli maraqlarına zidd hər hansı addımı atmaz”.
Ekspert İraq məsələsinə dair dedi ki, vaxtilə İraqda da ABŞ-ın çox böyük hərbi qüvvəsi mövcud idi: “Sonradan hissə-hissə həmin qüvvələr oradan çıxarıldı. Bu gün orada olan hərbçilərin sayı dəfələrlə azaldılıb. Sabah minimuma belə endirilə bilər. Amma bu o anlama gəlməməlidir ki, ABŞ İraqdan tamamilə çəkiləcək. Əgər istənilən bölgədə, ölkədə sayından asılı olmayaraq ABŞ-ın hərbi mövcudluğu varsa, demək, maraqları qüvvədədir, hakimiyyətlər ilə əlaqələr də istədiyi kimidir və kənardan ora maraqlarına zidd müdaxilələrə imkan verməz”.



