DTX XİN-də niyə əməliyyat keçirdi? – Təhlil

Dövlət Təhlükəsizlik Xidməti (DTX) növbəti əməliyyatını bir neçə gün öncə Xarici İşlər Nazirliyində (XİN) keçirdi.

Əməliyyatla bağlı yayılmış rəsmi məlumatda qeyd olunub ki, XİN-in bəzi vəzifəli şəxslərinin öz səlahiyyətlərindən qəsdən qulluq mənafeyinə zidd olaraq istifadə edib dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı qanunazidd əməllərə yol vermələri ilə bağlı DTX-ya məlumat daxil olub və bunun əsasında istintaq-əməliyyat tədbirləri həyata keçirilib.

Məlumatda bildirilib ki, XİN-in ayrı-ayrı strukturlarının fəaliyyətinin təmin edilməsi üçün nəzərdə tutulan dövlət vəsaitlərinin ələ keçirilməsi, müxtəlif fəaliyyət istiqamətləri üzrə, eləcə də xarici ölkə vətəndaşlarının viza müraciətləri ilə bağlı rüşvət alınması və sair hüquqazidd əməllərin törədilməsi ilə bağlı əldə edilmiş məlumatlar araşdırılıb, XİN-in İşlər idarəsinin müdiri, Nazirliyin Tender Komissiyasının sədri Fərhad Molla-zadə, İşlər idarəsinin Təsərrüfat şöbəsinin müdiri Səlim Əlizadə və Konsulluq idarəsinin Konsulluq-hüquq şöbəsinin rəisi Nurupaşa Abdullayev tərəfindən çoxsaylı qanunsuz əməllərə yol vermələrinə əsaslı şübhələr müəyyən edilib və bu şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cəmiyyəti və ekspertləri düşündürən isə budur: indiyə qədər yerli icra orqanlarında, bəzi nazirlik, komitə və xidmətlərdə uğurlu əməliyyatlar keçirmiş DTX-nin növbəti ünvanı niyə XİN oldu? Azərbaycan xarici siyasətinin müəyyənləşmiş prioritetlərini həyata keçirməyə məsul olan bu dövlət orqanında vəziyyət hansı həddə çatıb ki, prosesə DTX-nın müdaxilə etməsinə qərar verildi?

Əlbəttə, dövlət üçün mühüm və strateji olan bu strukturda belə əməliyyatın keçirilməsi ciddi siyasi iradənin nəticəsidir. Prezident Əliyev bir daha islahat kursuna sadiq olduğunu, strateji əhəmiyyətindən asılı olmayaraq, qanunların pozulduğu, korrupsiyanın olduğu, adekvatlığı olmayan istənilən strukturda islahat aparılacağının və tədbir görüləcəyinin mesajını verir.

Sabiq Xarici İşlər naziri Tofiq Zülfüqarov da mediaya son hadisələrlə bağlı verdiyi açıqlamalarında buna toxunub: “Bu səviyyədə və bu şəkildə həyata keçirilən əməliyyat onu göstərir ki, ortada dövlətin rəhbərliyinin ciddi siyasi iradəsi var. Xatırladım ki, Xarici İşlər Nazirliyi birbaşa prezidentə tabe olan strukturlar siyahısındadır. Məncə, burada baş verənlərə aydınlıq gətirilməsi üçün ortada ciddi siyasi iradə olub”. (azpolitika.info)

Məsələ ondadır ki, artıq bir neçə ildir, XİN rəhbərliyi və diplomatik korpusun bəzi nümayəndələri keçmiş diplomatlar, millət vəkilləri, ekspertlər tərəfindən tənqid olunur.

Xüsusilə XİN-dəki kadr təyinatları, səfirliklərə kadr seçimi, konsulluq idarəsindəki viza problemləri, həmçinin, Dağlıq Qarabağ məsələsində XİN-in təşəbbüskar ola bilməməsi zamanla tanınmış şəxslər tərəfindən tənqid olunub.

Onu qeyd etmək yerinə düşər ki, Azərbaycan hazırda Dağlıq Qarabağ problemi ilə bağlı beynəlxalq aləmdə və diplomatiyada üstün mövqedədir. Elə ötən il keçirilmiş Valday forumunda və MDB dövlət başçılarının Aşqabad sammitində, Münhen Təhlükəsizlik Konfransının toplantısında, elə bu günlərdə Avropa İttifaqı və “Şərq tərəfdaşlığı” ölkələrinin video konfransında işğalçı ölkənin başçısı diplomatik nakouta düşdü. Bu hadisələrin hər biri isə Ermənistan ictimaiyyəti və siyasi elitasında Paşinyana qarşı etiraz doğurdu. Bu tədbirlərin hər birində Dağlıq Qarabağ məsələsi, Ermənistanın işğalçı siyasəti bir daha dünya mediasının gündəminə gəldi, beynəlxalq müzakirəyə çıxarıldı. Amma bu diplomatik qələbələrin hamısının müəllifi Prezident İlham Əliyevdir. Bu günə qədər Dağlıq Qarabağ məsələsi ilə bağlı cəsarətli açıqlamalar, diplomatik qələbələr yalnız Prezident Əliyevin təşəbbüsü və birbaşa iştirakı ilə qazanılıb. Çox təəssüf ki, belə polemikalardan söhbət düşəndə Xarici İşlər nazirinin cəmi bir dəfə bir erməni jurnalistlə təyyarədəki debatını xatırlaya bilirik. Halbuki XİN yumşaq gücdən (soft power) istifadə edə, ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə rutin görüşlərdən və əksər səfirlərin ildə 2 dəfə xidmətdə olduqları ölkənin az tanınan media orqanında köhnə məqalələri yeni adı ilə dərc etdirməsindən daha qabağa gedə bilərdi.

Çox təəssüf ki, bəzi ölkələrdə səfirlərlə diaspor nümayəndələri və rəhbərləri arasında problemlərin olması, səfirin diaspor təşkilatının rəhbərini qəbul etməməsi (!) kimi faktlar həmişə mətbuatda yazılıb.

Bir müddət əvvəl deputat Qüdrət Həsənquliyev də bu məsələni gündəmə gətirmişdi: “Həmişə demişəm ki, bizim xarici siyasət idarəsinin başında duranlar kifayət qədər çevik siyasətçi və kifayət qədər də ağıllı, işgüzar, eyni zamanda yaxşı təşkilatçı olmalıdır. Təkcə diplomatiyanı bilmək kifayət deyil. Xarici İşlər naziri yaxşı təşkilatçı olmalı, səfirləri işlətməlidir. Mən bilirəm ki, Elmar Məmmədyarov səfirlərin fəaliyyətinə nəzarət edə bilmir. Səfirlərin əksəriyyəti oranı özlərinin biznes strukturu kimi idarə edir. Düşünürəm ki, ümumiyyətlə, bizim xarici siyasət komandası xarici siyasətlə məşğul olmalıdır. Gücləndirilməsinə ən böyük ehtiyac olan sahələrdən biri oradır”.

Yeri gəlmişkən, XİN-də kadr məsələləri, xüsusilə rəhbərlik arasındakı çəkişmələr, məsələn, nazir müavinlərinin bir-biri ilə danışmaması sənədlərin imzalanmasında günlərlə yubanmaya səbəb olub, iş prosesini ləngidib. Ümumiyyətlə, rəhbərliyinin əksər hissəsinin bir-biri ilə danışmadığı nazirlikdə hansı iş keyfiyyətindən söhbət gedə bilər?

XİN-də işləmiş, hətta indi də işləyən şəxslərin bildirdiyinə görə, 2004-2010-cu illər arasında Xarici İşlər nazirinin müavini kimi çalışmış Vaqif Sadıxov (hazırda BMT-nin Cenevrə ofisində Azərbaycanın səfiri) kadrların seçimi və irəli çəkilməsi üçün uğurlu sistem işləyib hazırlayıb və tətbiq edib. Hazırda isə həmin sistem tamamilə dağıdılıb, kadrlar daha çox XİN rəhbərliyinə yaxın şəxslər və dostlar arasından seçilir. Elə səfirlər arasında da rəhbərliyin sevimliləri və digərləri var. Nazirin təqdimatından kənar təyin olunmuş səfirlər XİN üçün daha çox “yad övlad” olurlar, onlar bir müddət sonra “uzaq ölkə səfiri”nə çevrilirlər və unudulurlar. Bütün bunlar XİN haqqında zaman-zaman tənqidi mövqelərin ortaya çıxmasına səbəb olur.

Sabiq Xarici İşlər naziri Tofiq Zülfüqarov qeyd edir ki, ilk növbədə islahatlar aparılmalıdır: “Təcrübə göstərir ki, kadrlar maliyyə pozuntularına yol verirlər. Həm də siyasi səhvlər buraxılır. Öz işini lazımi səviyyədə görməyən, eləcə də dövlətimizin imicinə ləkə gətirən diplomatlar da var. Ciddi təmizlik aparılmalıdır. XİN nümunəvi qurum olmalıdır. Təmiz və Azərbaycanı xaricdə təmsil edən şəffafa çevrilməlidir ki, hamımız onunla fəxr edək. İndi hamımız başa düşürük ki, bu istiqamətdə işlər lazımi səviyyədə təşkil olunmayıb”.

Bu, əlbəttə ki, təəssüf doğurur. Yüz illik diplomatiya tarixi, dünən də, bu gün də peşəkar diplomatları olan bir struktur “otkat” söhbətləri, “10 faizini özümə götürdüm, qalanını da…” atmacaları ilə gündəm olmamalıydı. Həmişə tənqid etdiyimiz, xarici səfirliklərin vasitəçi şirkətlər cəlb edib, ya da ayrı-ayrı adamlara himayədarlıq etməklə viza və s. məsələlərdən kütləvi pul qazanmaları halları bizim XİN-də olmamalıydı. Ümid edək ki, sabiq Xarici İşlər nazirinin dediyi kimi, bu strukturu təmizləmək üçün keçirilən əməliyyatın nəticələri Azərbaycanın xeyrinə olacaq, xarici siyasətə və onun imicinə müsbət təsir edəcək…”

Mənbə
apa.az
Hamısını Göstər

Related Articles

Back to top button