“İran hakimiyyəti artıq bunun seçki deyil, təyinat olduğunu gizlətmir”
İranda iyunun 18-də keçiriləcək prezident seçkilərinə namizdəliyini irəli sürən onlarla tanınmış siyasətçi Konstitusiyanı Qoruma Şurası tərəfindən diskvalifikasiya edilib. Siyasi fəal Mahmud Bilgin Amerikanın Səsinə müsahibədə deyir ki, İslam Respublikası artıq prezident seçkilərinin əslində təyinat prosesindən ibarət olduğunu gizlətməyə çalışmır.
Konstitusiyanı Qoruma Şurası namizәdliklәrini irәli sürәn 592 nәfәrdәn sadədə 7-sinin namizədliyi qeydə alıb. İran mediasında namizədliyi təsdiqlənən hazırkı Məhkəmə Hakimiyyətinin sədri İbrahim Rəisinin prezidentliyə seçilmə şansının digər namizədlərə görə önəmli dərəcədə yüksək olduğu önə çəkilir.
Mahmud Bilgin ölkənin müxtəlif qruplarından səs toplaya biləcək bir çox siyasətçi, o cümlədən keçmiş parlament sədri Əli Laricani, keçmiş prezident Mahmud Əhmədinejad, prezidentin birinci müavini İshaq Cahangiri və keçmiş parlament sədrinin birinci müavini Məsud Pezeşkiyanın (Təbriz millət vəkili) diskvalifikasiya edilməsini İbrahim Rəisinin prezidentliyə təyinatı kimi dəyərləndirir.
“Hakimiyyət tərəfindən yeni bir strategiya ortaya qoyuldu. İçəridə və beynəlxalq ictimaiyyətdəki durumuna görə açıq şəkildə təyinat sistemini ortaya qoydular. Keçmişdə əgər seçki mühəndisliyi edirdilər, bu dəfə birbaşa təyinat yolunu seçiblər,” Siyasi fəal söyləyir.
O, muhafizəkar siyasətçi İbrahim Rəisi xaricində namizədliyi təsdiqlənən digər 6 namizədin “görüntü” və “bəzəkdən” ibarət olduğunu ifadə edir.
İyunun 18-də keçiriləcək prezident seçkilərində yarışan 7 namizəddən sadəcə sabiq prezident Məhəmməd Xatəminin müavini Möhsin Mehrəlizadə islahatçı siyasətçi olaraq tanınır. Əslən İran Azərbaycanının Marağa şəhərindən olan Mehrəlizadə 2005-ci ilin seçkilərində də namizəd idi. O, həmin dövrdə türklərin yaşadığı bölgələrdən ən yüksək səsi toplayan namizədlərdən biri olmuşdu. Möhsin Mehrəlizadə həmçinin, İran Azərbaycanının üç sərhəd vilayəti Qərbi Azərbaycan, Şərqi Azərbaycan və Ərdəbildə ən çox səsi toplamışdı.
Mahmud Bilgin Mehrəlizadənin artıq İran Azərbaycanından ciddi bir səs ala bilməyəcəyini vurğulayır.
Onun sözlərinə görə, “keçmiş seçkilərdə Azərbaycanda hələ ümid var idi ki, islahat bu problemləri həll edə bilər; ana dilini, Urmiyə gölü məsələsini, milli haqlarımızı və iqtisadi ayrı-seçkilik kimi problemləri. Düşünürdülər ki, Azərbaycandan biri seçilsə, bunların mənfəətlərini sistemin içində qoruya bilər. Bu əsasda idi ki, Mehrəlizadə Azərbaycandan çox səs gətirdi. Amma bu dəfə durum çox fərqlidir. Bu dəfə hakimiyyətin öz içində tökülən qüvvə çoxalıb. Mehrəlizadə də 2005 seçkilərindən sonra Azərbaycanla bağlı heç nə danışmadı. O, indi etibarsız bir hala gəlib. Pezeşkiyanın namizədliyi qəbul edilsəydi, Mehrəlizadəyə nisbət daha uğurlu olardı.”