“Azərbaycan Cənubi Qafqazda güc mərkəzi kimi tanınmalıdır“- Dünya mediasında ölkəmizlə bağlı yazılanlar
44 günlük müharibədə Azərbaycanın əldə etdiyi möhtəşəm qələbə çox şeyi dəyişdi. Gözümüzün qarşısında Azərbaycanın beynəlxalq imici yeni çalarlar almağa, yenidən formalaşmağa başladı. Bu transformasiya Qərbin beyin mərkəzləri tərəfindən açıq şəkildə etiraf olunur. Qürur hissi ilə deyə bilərik ki, belə nümunələr həddindən artıq çoxdur.
“Yeni Müsavat“ olaraq Qərb mənbələrinə istinadən belə nümunələr haqqında oxucularımıza mütəmadi şəkildə məlumat verməyə çalışırıq. Diqqətinizə təqdim etdiyimiz bu yazı da həmin qəbildəndir.
Bu dəfə ABŞ-ın “original.antiwar.com“ saytında gedən yazıdan söhbət açacağıq. Rick Rozoff-un qələmindən çıxan “New Triangular Axis in Greater Middle East: Turkey, Israel, and Azerbaijan“ (Böyük Yaxın Şərqdə yeni üçbucaq oxu: Türkiyə, İsrail, Azərbaycan) adlı məqalədə deyilir ki, İsrailin Azərbaycandakı səfiri “Trend” xəbər agentliyinə ingilis dilində müsahibə verib. (Söhbət cənab səfirin iyulun 8-də verdiyi müsahibədən gedir. E.H) Müsahibənin video versiyasında yerli sakinlərin bu kimi fikirləri eşidilir: “Biz hamımız bilirik ki, II Qarabağ müharibəsində İsrail Azərbaycana necə dəstək verib”, “Biz İsraildə Azərbaycanın müdafiəsi ilə bağlı keçirilən nümayişlərdə dalğalanan Azərbaycan bayraqlarını görmüşük”.

İsrail müharibə zamanı Azərbaycana etdiyi köməyin əvəzində xeyli üstünlüklər əldə edib. Hərbi dronlar da daxil olmaqla yəhudi dövləti Azərbaycanın hərbi texnikaya olan ehtiyacının 60 faizini təmin edir, İsrail isə idxal etdiyi neftin 40 faizini Azərbaycandan alır. Rəsmi Bakı indi həm də azad etdiyi Dağlıq Qarabağda İsrailə müəyyən müqavilələr təklif edir.
İsrail səfiri qeyd edib ki, biz Dağlıq Qarabağın minalardan təmizlənməsində, kənd təsərrüfatının inkişafında, ərazinin su ilə təmin olunmasında müəyyən işlər görə bilərik. O bildirib ki, yeni texnologiyaların mübadiləsində də geniş imkanlar görürük, eyni zamanda səhiyyə sahəsində də əlaqələri genişləndirə bilərik.
Səfir vurğulayıb ki, 2016-cı ildə 10 min İsrail vətəndaşı turist kimi Azərbaycana səfər edib. 3 il sonra isə bu göstərici 50 min nəfərə yüksəlib:
“COVİD-dən dolayı bu sahədə müəyyən durğunluq yaranıb. Biz sürətli artımın şahidi ola bilərik. İsraildən Azərbaycan gələn turistlərin sayı 100 min nəfəri də keçə bilər”.
Müəllif qeyd edir ki, Ermənistan ordusunun Havadan Müdafiə Qüvvələrinin komandanı general-mayor Armen Vardanyan aprel ayında bəyan etmişdi ki, bir çox hallarda İsrail və Türkiyə sadəcə Azərbaycanla birlikdə silah istehsal etmir, silahları təkmiləşdirmir, həm də bu ölkələr Azərbaycanda olan hərbi mütəxəssisləri vasitəsi ilə hərbi əməliyyatlar zamanı düşmənə birbaşa yardım göstərirlər.
Rick Rozoff xatırladır ki, bir qrup İsrail vətəndaşı Ali Məhkəməyə müraciət ünvanlayıb İsrailin Azərbaycanı silahla təmin etməsinə etiraz etmişdi. Yəhudi dövlətindən Azərbaycana silah satışını dayandırmağı tələb etmişdilər:
“Müharibə zamanı (qondarma) “Artsax Respublikasının prezidenti Arayik Arutyunyan İsrail rəsmilərini ittiham edərək demişdi ki, İsraildən gələn hərbi mütəxəssislər mülki şəxsləri də hədəf alan silahların istifadəsində azərbaycanlılara kömək edirlər”.
Daha sonra isə müəllif “Hürriyet Daily News” qəzetində mayın 29-da getmiş “Time to recognize Azerbaijan as a new regional power” (Azərbaycanın regionun yeni güc mərkəzi kimi tanınmasının vaxtıdır) adlı məqalənin üzərində dayanır. Ukrayna əsilli Britaniyalı siyasi elmlər üzrə professor Taras Kuzionun qələmindən çıxmış məqalədə həqiqətən də diqqətə layiq məqamlar çoxdur. O, Türkiyə-İsrail-Azərbaycan strateji əməkdaşlığının bərpasından və genişlənməsindən söhbət açır.

Britaniyalı professor yazır: “2020-ci ildə II Qarabağ müharibəsində Azərbaycanın qələbə əldə etməsi belə bir həqiqəti ortaya çıxardı ki, Böyük Yaxın Şərqdə yeni üçbucaq oxu yaranıb. Türkiyə, İsrail və Azərbaycan son iki onillkdə strateji tərəfdaşlığı inkişaf etdirib”.
Müəllif 2010-cu ildə Türkiyənin “Mavi Marmara” gəmisindəki fəallarının Qəzza blokadasını dənizdən yarmaq cəhdinin İsrailin müqavimətilə üzləşməsi məsələsini də yada salır: “O vaxt 10 nəfər Türkiyə vətəndaşı İsrail tərəfindən öldürülmüşdü. Bu hadisə qarşılıqlı münasibətlərə soyuqluq gətirsə də hər iki ölkə bölgədə güclənməyə çalışan Rusiya və İran amilini nəzərə alaraq münasibətləri tənzimləməli oldular”.

Türkiyə ilə İsrailin münasibətlərinin yaxşılaşmasına çalışan Azərbaycan irəli durdu. Azərbaycan prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev belə bir bəyanat vermişdi: “Türkiyə Azərbaycana qardaş ölkədir. İsrail isə bizim strateji tərəfdaşımızdır. Biz istəyirik ki, bizim dostlarımız bir-biri ilə dost olsunlar. Əgər tərəflər bu təkliflə razıdırsa, Azərbaycan bu yaxınlaşmanı həmişə alqışlayacaq”.
Siyasi elmlər üzrə professor ona da diqqət çəkir ki, Azərbaycan yeganə ölkədir ki, İsrail və Türkiyə dronlarından Qarabağ müharibəsində geniş istifadə edib.
Rick Rozoff-un toxunduğu bu məqam isə xüsusi diqqətə layiqdir. O yazır ki, Türkiyə-İsrail və Azərbaycan müxtəlif xətlərlə NATO-ya bağlıdır. Yəni, bu ölkələr həm də NATO bayrağı altında birgə dayanırlar:
“Türkiyə NATO-nun üzvüdür. Azərbaycan NATO-nun Sülh naminə tərəfdaşlıq proqramında yer alır. İsrail isə NATO-nun Aralıq dənizində hərbi tərəfdaşlıq proqramının üzvüdür”.
Məqalədə vurğulanır ki, britaniyalı professorun qənaətinə görə, Türkiyə Azərbaycan ordusuna NATO standartları səviyyəsində təlim keçib:
“Türkiyə və Azərbaycan 2019-cu ildə 13 dəfə birgə hərbi təlimlər keçirmişdi. Bunu 2020-ci ildə başlayan müharibə öncəsi məşq kimi də dəyərləndirmək olar. Bu kimi hərbi təlimlər Azərbaycan Ordusunu NATO standartları səviyyəsinə uğurla yüksəlməsinə səbəb oldu”.
Elə buna görə də ABŞ və NATO Azərbaycan-İsrail-Türkiyə birliyini fakt kimi qəbul etməli və Azərbaycanı NATO-dan kənarda olan əsas müttəfiq statusunda qəbul etməlidir.
Britaniyalı alim deyir ki, ABŞ-ın İsrail ilə yaxın münasibətləri var, ABŞ Türkiyə ilə münasibətlərini əvvəlki səviyyəyə çatdırmalı və Azərbaycanı regionun yeni güc mərkəzi kimi tanımalıdır.

NATO-nun müdafiə etdiyi Ankara-Bakı-Təl-Əviv birliyindən başqa Ankara-Bakı-İslamabad mərkəzi də var. Bu birliklərdə Azərbaycan iki nüvə dövləti ilə yan-yana dayanır. Türkiyə mediasında çap olunan materiala ABŞ mediasında belə geniş yer verilməsi əlbəttə ki, təsadüfi deyil. Bu, ən azı onu deməyə əsas verir ki, həmin fikirlər ABŞ tərəfindən də isti qarşılanır.
Elbəyi Həsənli, Sürix
https://www.hurriyetdailynews.com/time-to-recognize-azerbaijan-as-a-new-regional-power-op-ed-165091



