Vətən müharibəsi iştirakçılarından rüşvət alan vəzifəli şəxslər tutuldu
Dövlət Təhlükəsizliyi Xidməti dövlətin ordu quruculuğu sahəsində qanunla qorunan mənafelərinə zərər vuran, hakimiyyət orqanlarının fəaliyyətinə kölgə salan cinayət əməllərinə qarşı mübarizə tədbirlərini davam etdirir.
Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai əlaqələr şöbəsindən verilən məlumata görə, Vətən müharibəsi iştirakçısı olan hərbi qulluqçulara dövlət tərəfindən müəyyən edilmiş maddi təminatların ödənilməsinə görə bəzi vəzifəli şəxslərin rüşvət almalarına dair əldə olunmuş məlumatlar əsasında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən kompleks araşdırma tədbirləri həyata keçirilmişdir.
Faktla bağlı başlanılmış cinayət işi üzrə Silahlı Qüvvələrin Baş Klinik Hospitalının bölmə rəisi Eyvazov Vüsal Qorxmaz oğlunun xidməti vəzifələrinin icrası zamanı həmin Hospitalın digər əməkdaşı Ağayev Hüseyn İlham oğlunun vasitəsilə çoxsaylı hərbi qulluqçuların hər birindən onlara dövlət tərəfindən birdəfəlik sosial sığorta müavinətinin ödənilməsi üçün Vətən müharibəsində aldıqları xəsarət dərəcələrinin təyin edilməsi müqabilində pul vəsaitlərini rüşvət qismində istəyərək almasına əsaslı şübhələr müəyyən edilmişdir.



