İki qardaş arasında su bulandıranlar
Qardaş Türkiyənin kurort zonalarını amansız alovların cəngindən xilas etməyə getmiş yanğınsöndürənlərimizin şücaəti qürur doğurur. Gənclərə halal olsun. Vaxtilə onları o vəzifəyə seçənlər də, görünür, dost-tanışlığa, yerlibazlığa önəm verməyiblər, işin mahiyyəti peşəkarlıq tələb etdiyinə görə hazırlıqlı, idmançı gəncləri seçiblər.
Ona görə də onların üzü-başı indi tüstü-dumanın hisində qaralmış olsa da, ölkəmizin üzünü ağardırlar.
Od-alovun ortasında qalan bir “döyüşçümüzü” (bu söz odla savaşanlara da aid ola bilər) xilas etmək üçün özlərini alovun içinə atan 10 yanğınsöndürənimiz barədə hələ çox sonralar da bəhs ediləcək.
Bu, bəzilərinə ehtiyatsızlıq, hissə qapılmaq kimi görünə bilər. Amma yox, bu, məhz döyüşçülük ruhuydu. Savaşlarda qayda budur: yaralanan, ölmək, əsir düşmək təhlükəsi olan silahdaşını dar ayaqda qoymamaq.
Bizim cəngavərlər məhz elə hərəkət ediblər və həm Türkiyədə, həm də öz ölkəmizdə alqış qazanıblar.
Ümumiyyətlə götürsək, Azərbaycanın qardaş ölkəyə bu sayaq cani-dildən yardım göstərməsi təqdirəlayiq oldu. Bu günə qədər biz özümüzü Türkiyəyə borclu sayırdıq, fürsət düşdü (keşkə belə fürsət düşməyəydi), sübut etdik ki, qardaşlıqda varıq.
Düzdür, qardaşlıqda borc-filan söhbəti olmaz, amma yenə də hər iki tərəfdə su bulandıranlar var və onlar da daima fürsət axtarırlar ki, iki ölkənin dostluğuna, qardaşlığına kölgə salsınlar, mehribanlığa pəl vursunlar.
Bu xüsusda bəziləri öz şəxsi incikliklərindən çıxış edir. Məsələn, biri Türkiyədə olanda dələduzlarla üzləşib, biri türkiyəli həyat yoldaşından dava-dalaşla boşanıb, birinin bacısını İstanbuldan deport ediblər, biri türk iş adamı ilə ortaq olub, ziyana düşüb və sair və ilaxır.
İki ölkənin vətəndaşları arasında bu kimi onlarla, yüzlərlə məişət səciyyəli konfliktlər ola bilər, amma bu, dar gündə yardıma gələn, haqq işimiz uğrunda dünyayla savaşa qalxan qos-qoca bir dövlət haqqında mənfi səciyyəli ümumiləşdirmələr aparmağa əsas vermir.
Əsas odur ki, Türkiyə 103 il əvvəl Bakını erməni-daşnak tapdağından xilas edib, azərbaycanlıları öz doğma yurdlarında qırğından qurtardığı kimi, 10 ay öncə də Qarabağın böyük bir hissəsini işğaldan qurtarmağımıza, Qarabağda bayraq qaldırmağımıza həlledici kömək göstərdi.
Bu gün də bizimkilər Türkiyəni od-alovdan xilas etməyə çalışır, özü də fədakarcasına, öz evini, qardaşının balasını xilas edirmişcəsinə.
Fəqət ötən il Türkiyənin yardımından söz düşən kimi su bulandıranlar “dronları bizə pulla satırlar dəə”, yaxud “türklər bu gün bizə dəstək verirlər, sabah gəlib burada iş quracaqlar” dedikləri kimi, indi də Türkiyədə “Azərbaycandan gələn yanğınsöndürənlər pullarını alıb işləyirlər, onları tərifləmək lazım deyil” kimi rəy bildirənlər var. Bundan əvvəl dövri medianı izləməyən, yeniliklərdən xəbəri olmayan, ya da daha pis, bilə-bilə “qardaşlıq harada qaldı, Azərbaycan niyə bu ağır gündə bizə kömək eləmir” deyə sosial şəbəkədə ara qarışdıranlar vardı.
Yaxşı ki, onlar azlıqda idilər. Böyük əksəriyyət (onların arasında Türkiyə ictimaiyyətinin avtoritet kimi qəbul etdiyi simalar da var) isə qardaş ölkə Azərbaycanın dost-qardaş yardımından məmnunluqları dilə gətirir, yanğınsöndürənlərimizin fədakarlığından vəcdə gəldiklərini bildirirdilər.
İki qardaş ölkənin arasına nifaq toxumu səpmək istəyənlər, arada təbii olaraq yaranan qarışqa boyda anlaşılmazlıqları böyüdüb fil etməyə çalışanlar həmişə olacaq. Yuxarıda dediyim kimi, onların bir çoxunun şəxsi motivi ola bilər, amma əmin olun ki, bu cür adamların çoxu hansısa başqa dövlətlərə, siyasi dairələrə bu və ya digər şəkildə bağlı olan, onlara rəğbət bəsləyən qruplara daxildirlər. Onların bu hərəkəti siyasi motivlidir.
Ancaq bu iki qardaş ölkəni idarə edənlər, iqtidar komandası və müxalifət düşərgəsi, ziyalılar kontingenti, sənətçilər dairəsi, ictimai-siyasi fəallar ordusu çəkici eyni sindana vurduqdan, öz aralarında lazımınca anlaşdıqdan sonra heç bir xarici qüvvə nə Türkiyənin, nə Azərbaycanın sırtını yerə gətirə bilməz.
Təklənmək pis şeydir – istər bir ucqar kənd-kəsəkdə olsun, istər beynəlxalq miqyasda. Biz təklənmişliyin fəsadlarını görmüşük. Ona görə də Türkiyə ilə, digər türk dövlətləriylə, eləcə də nə türk, nə müsəlman olmayan Ukrayna və Moldova kimi dövlətlərlə aramızda gerçək qardaşlıq büsatı qurmaq yolunda əzmlə irəliləməliyik.