Şeyx Allahşükür Paşazadə bu günə qədər nə ictimaiyyətdən, nə də Prezidentdən üzr istəyib

Kubra Məhərrəmova yazır…

Gözümüz aydın olsun, qardaşlar!

İranın Ermənistandakı səfiri və hərbi attaşesi Azərbaycanla sərhəd bölgəyə səfər ediblər. 30 il ərzində torpaqlarımızı ermənilər işğal altında saxlayanda, uşaqlı-qocalı bizi öldürüb məhv edəndə, qaçqın-köçkün olanda İrandan səs çıxmadı. Amma dünən İranın Ermənistandakı səfiri Abbas Bədəxşan Zohuri, səfirliyin hərbi attaşesi, polkovnik Bəhmən Sadeginlə birlikdə Ermənistan Müdafiə Nazirliyi nümayəndələrinin müşayiəti ilə Qeqarkunik bölgəsinə səfər ediblər. Amma 30 il ərzində bir dəfə də olsa İranın Azərbaycandakı səfiri bu cür səfər etməyib.

Əlqərəz, İran rəsmiləri Ermənistandan bizim tərəfə, Azərbaycana binoklla baxıb, köks ötürüblər. Yəqin yenə fətva veriblər. Bizə verə biləcəkləri yeganə şey budur axı.

Fətva demişkən, Bütün Qafqazın Şeyxi Allahşükür Paşazadə o gündən bu günə nə ictimaiyyətdən, nə də prezidentdən üzr istəməyib. Əksinə, verdiyi açıqlamalarda bildirib ki, nə demişəm, yaxşı eləmişəm. Belə burada mənəm, Bağdadda kor xəlifə. Yadınıza salım ki, Şeyx “Xameneyinin fətvası bizi Qarabağda qələbəyə apardı” fantastik cümləsini demişdi və belə görünür ki, dediyinin üstündə də durur.

Şeyxin bu sözünə hətta Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın baş məsləhətçisi M.Mücahit Küçükyılmaz da etiraz etmişdi. Küçükyılmaz “Twitter” hesabında “Xameneyi Ermənistana silah göndərərkən, Azərbaycan üçün də fətva göndəribmiş. Amma Xameneyinin fətvası Xameneyinin silahını məğlub edib”, – deyə yazmışdı. Yəni ki, fətvanızı da bükün qoyun cibinizə. Bilirik nə var, nə yox.

Bu etirazdan sonra belə şeyxin əmmaməsi tərpənmədi. Bir demədi ki, “Ey müsəlman qardaşlar, ey xalq, ey millət, üzrlü sayın, fikirlərimi düzgün ifadə etməmişəm”. Heç olmasa TƏBİB kimi üstümüzə təpinərdi ki, “siz məni düz başa düşməmisiniz, elə deməmişəm, sizin dini bilikləriniz yoxdur, səhv anlamısınız”. Axı biz qara camaat nə bilirik, fətva nədir, dua nədir? Bizimki çətinə düşəndə “nəzir qutusuna” üç-beş manat atmaqdır. Biz qara camaat elə bilirik ki, o nəzir qutusuna pul atan kimi arzumuz yerinə yetəcək.

Daha demirik ki, o “nəzir qutu”larının içindən gizli yol var. Pullar oradan axır lazım olan kəslərin cibinə. İnanın ki, o ciblərin yiyəsi də heç bizi yada salmır. Biz onun arzusunu çin edirik. Məsələn, haradasa ada almaq kimi bir arzusunu. Nə isə başımızın sadağası.

Əsas odur ki, bizim Qarabağ arzumuz çin oldu. Onu da Prezidentin gücü, əzmi, ordumuz çin etdi. Bizim oğullarımız canlarını param-parça edib, şəhid olub, qazi olub bu arzuya yetdilər. Yanımızda da can qardaşımız Türkiyə var idi. Bu mübarizədə nə şeyx var idi, nə İranın fətvası, nə də başqa şey. Amma İranın silahı var idi, onu da erməni qardaşlarına vermişdi ki, biz müsəlman qardaşları qırsınlar. İranın siyasəti budur, fətvanı müsəlman qardaşına ver, silahı erməni qardaşına.

Deyilənə görə kim şeyxin haqqında nə yazır, həmin an şeyxə çatdırırlar. Çox gözəl. Amma arada xəbərləri də çatdırsalar, yaxşı olar. Görəsən şeyxin xəbəri var ki, iranlı fətvaçılar Ermənistanın Azərbaycanla həmsərhəd ərazilərinə gediblər. Özü də rəsmi qaydada.

Görəsən Şeyxin yadındadırmı Vətən müharibəsi dövründə İranın xarici işlər naziri Cavad Zərif Ermənistanın ərazi bütövlüyünü İranın qırmızı xətti adlandırmışdı. Ermənistanın ha, Azərbaycanın yox! Mütləq şəkildə bilirəm ki, bu yazını da şeyxə göstərəcəklər. Yəqin oxuyar. Arada biz günahkar bəndələr üçün də dua edər şeyx. Baxma bizdən Allaha yaxın sayılır.

Deyirlər ki, hər bir bəndə üçün tövbə qapısı açıqdır. Nə vaxt üzr istəsən, Allah bağışlayar. Şeyx isə nə xalqdan, nə Ali Baş Komandandan, nə qazilərdən, nə də şəhid ailələrindən üzr istəmədi. Bədəninin yarısını Qarabağ üçün qoyub gələn qazinin haqqına girdiyini qəbul etmədi. 20 yaşında əlil arabasına məhkum olan gəncin könlünü almadı. Elə dediyinin üstündə durdu – İranın fətvası.

Bəlkə Şeyxin özü üçün də İran fətva verib. Ona görə bu qədər özündən əmindir şeyx. Şeyx, İranın bizə verdiyi bir şey var, o da gülab suyu. Onu da məclisin sonunda gələn adamların əlinə töküb yola salırlar.

Hamısını Göstər

Related Articles

Back to top button