“Bakılılar” Baydenin məxfi danışıqları da daxil olmaqla dövlətin bütün sirlərini ələ keçirdi

İngilisdilli forumlardan birində “bakılılar” adı ilə qeydiyyatdan keçmiş istifadəçi Litva Xarici İşlər Nazirliyinin məxfi yazışmalarını əldə etdiyini bildirir və onları “müəyyən məbləğə” satmaq istəyir. Həmin məxfi sənədlər arasında ABŞ prezidenti Cozef Baydenin gizli danışıqları və “TOP SECRET” qrifi daşıyan çoxsaylı digər sənədlər də var. Litva prezidenti Gitanas Nauseda ölkənin Xarici İşlər Nazirliyindən məxfi informasiyaların sızdığını təsdiqləyib və bu informasiyaların “ilk növbədə müttəfiqlərə böyük zərər vura biləcəyini” deyib.

Həmin istifadəçi “raidforums.com” adlı ingilisdilli forumda Litva XİN-dən ələ keçirilmiş çoxsaylı məxfi sənədlərə malik olduğunu avqustun 8-də bildirib. “Bakılılar” həmin forumda belə yazır:

“Müqəddəs p…

Nazirlərin, müavinlərinin, müxtəlif dövlət strukturlarının əsas rəhbərlərinin, “Böyük yeddilər” ölkələrindəki və NATO-dakı səfirlərin, beynəlxalq təşkilatların müxtəlif nümayəndələrinin faylları məndədir.

-SECRET, TOP SECRET və COSMİC qrifi ilə sənədlər

-ABŞ və digər ölkələrin prezidentləri ilə bağlı qapılar arxasında aparılan danışıqlar

-Rusiyaya, Almaniyaya və “Şimal axını-2” layihəsinə qarşı intriqalar

-ABŞ-ın Almaniyaya və Fransaya qarşı apardığı siyasətə kömək, Litvanın bu çirkin oyunda iştirakı

-Belarusla müharibəyə hazırlıq

-ABŞ-ın Çinə qarşı təlimatları

-Baydenə qarşı Trampın xeyrinə qəsd planları

-Və bir çox digərləri

Kim bu arxivi əldə etsə və ondan düzgün istifadə etməyi bacarsa ola bilsin Avropa daxilindəki müharibədə başlıca fiqur olacaq

Bu arxiv 100 faiz nüvə bombasına oxşayır və yeri gəlmişkən, yazışmalarda da çoxlu sirlər var.

XİN-dəki axmaqlar ABŞ-ın Avropaya qarşı bütün sirlərini açıblar.

Cəmi 1 677 000 min məktub, 102 pdf faylında.

Bəzi fayllar əlavə olunur”

Və həmin istifadəçi öz postuna əldə etdiyi məxfi sənədlərdən bir neçəsini əlavə edib. İstifadəçi əlində olan məxfi sənədləri neçəyə satmaq istədiyi barədə hələlik heç bir məbləğ göstərməyib.

Bu məlumat ictimailəşəndən sonra Litva XİN məxfi sənədlərin ələ keçirildiyini təsdiqləyib. Bildirilib ki, bundan əvvəl nazirliyin saytına da kiberhücum olmuşdu. Prezident Nauseda ötən gün avqustun 12-də bəyan edib ki, məxfi sənədlərin ələ keçirildiyini təsdiqləyir: “Bu bizə potensial ziyan vura bilər, hansı ki, bu haqda mən hələlik publik olaraq danışmaq istəmirəm”.

Litva prezidenti əlavə edib ki, məxfi sənədlərin ələ keçirilməsi ilə bağlı araşdırma aparılır və bu sənədlərin ələ keçirilməsi “ilk növbədə müttəfiqlərə böyük ziyan vura bilər”.

Prezidentdən əvvəl onun müşaviri Asta Skaysqirite bəyan edib ki, onun Litva XİN-dən hansı məxfi sənədlərin oğurlandığına dair informasiyası var. Müşavir bu sənədlərin ələ keçirilərək indi yayılmasının təsadüf olmadığını bildirib. Belə ki, məxfi sənədlərin internetə sızdırılması ilə bir vaxtda Litva Seyminin qarşısında və ölkənin Belarusla sərhəddəki qaçqın düşərgəsində iğtişaşlar olub.

Litvanın müdafiə naziri Arvidas Anuşauskas isə bəyan edib ki, Rusiyaya bağlı hakerlər XİN-in məxfi yazışmalarını və sənədləri ötən ilin noyabrında ələ keçiriblər.

“Biz dəqiqləşdirmək istəyirik ki, bu kiber hücum ötən ilin noyabrında həyata keçirilib. Dünən də növbəti kiberhücum edilib, amma uğurlu olmayıb”,-müdafiə naziri bildirib. Anuauskas bu kiber hücumların Rusiya xüsusi xidmət orqanları ilə bağlı olduğunu deyir.

“Bunlar bizim regionda fəaliyyət göstərən, kiberhücumlar həyata keçirən, məlumat bazalarını sındıran hakerlər qrupudur və bir qayda olaraq onlar Rusiyanın xüsusi xidmət orqanları ilə bağlıdır”,-müdafiə naziri deyib.

Mövzunu davam etdirəcəyik.

Hamısını Göstər

Related Articles

Back to top button