“Sizi mikroskopla izləyirik, hərəkətlərinizdə ehtiyatlı olun…” – İsrail ordusu havadan raketlər və vərəqələr yağdırır
İsrail Hərbi Hava Qüvvələri avqustun 19-dan 20-nə keçən gecə Suriyaya növbəti raket zərbələrini endirib. Suriya İnsan Haqları Monitorinq Qrupu (SOHR) bildirir ki, Dəməşq ətrafındakı hərbi obyektlərə Livan hava məkanından endirilən raket zərbələri nəticəsində “Hizbullah”ın azı 4 mənsubu (onların arasında yüksək rütbəli komandirlərin də olduğu istisna deyil) öldürülüb. Suriya rejimi isə həmişə olduğu kimi bu dəfə də İsrailin raket hücumlarının “uğurla dəf edildiyini, 23 raketin havada vurulduğunu” bildirir. İsrail ordusu isə ənənəvi olaraq Suriyaya endirilən raket zərbələrini şərh etmir.

Bu raket hücumundan bir gün əvvəl, avqustun 18-də İsrail ordusu Suriyanın cənubuna havadan vərəqələr səpələyərək Əsəd ordusunun mənsublarını “Hizbullah”la əməkdaşlığa son qoymaq barədə xəbərdar edib. Vərəqələr İsrail aviasiyasının Suriyanın qərbindəki hərbi bazalardan birinə avqustun 17-də endirilmiş raket zərbələrindən bir neçə saat sonra səpələnib.
“The Times of İsrael” yazır ki, ərəb dilində yazılmış və Suriya ordusunun əsgərlərinə ünvanlanmış vərəqədə qartal silueti də həkk olunub. Bu, Golan təpələri rayonunda İsraillə Suriyanın sərhədlərini qoruyan 210-cu briqadanın simvoludur.

“Bizim bundan əvvəlki xəbərdarlıqlarımıza və hətta iyunun 17-də “Əl-Kataniyə” bazasına zərbələr endirməyimizə baxmayaraq “Hizbullah” sizinlə manipulyasiya edir, sizi alətə və oyuncağa çevirib. Onlar sizi və sizin bazalarınızı xəbəriniz olmadan istifadə edir”,-vərəqədə deyilir.
Vərəqədə habelə Suriyada İranın dəstəklədiyi silahlı qruplaşmalarla Əsəd ordusu arasında əlaqələri koordinasiya edən “Hizbullah” mənsublarının da adları göstərilir. Söhbət İsraillə sərhəd boyu “Hizbullah”ın fəaliyyətinə rəhbərlik edən Cavad Haşamdan gedir.
“Sirr deyil ki, Cavad Haşam hazırda Golan təpələrində və Dəraa vilayətindədir. Suriya ordusunun komandanlığı sizin “Hizbullah” adından fəaliyyətlərinizi başlıca prioritet hesab edir. Öz hərəkətlərinizdə ehtiyatlı olun, sizi mikroskopla izləyirlər. Haşamın köməyi sizə ancaq dağıntı, ölüm gətirə bilər. Siz öz hərəkətlərinizə görə cavabdehsiniz, “Hizbullah” isə sizin əzablarınıza görə məsuliyyət daşıyır”,-İsrail ordusunun təbliğatçıları vərəqədə yazır.



