Həbslər dayandı: korrupsioner məmurlarla necə mübarizə aparılacaq – rəy

Rəşad Həsənov: “Cəmiyyəti inandırmalıdırlar ki, hökumət həqiqətən də korrupsiya və rüşvətlə mübarizə aparır”

Son illərdə aparılan idarəetmə və kadr islahatları, eyni zamanda korrupsiya ilə mübarizə tədbirləri çərçivəsində xeyli məmur, icra başçısı, nazir, müxtəlif qurumların alt vəzifələrində çalışan məmurlar həbs edildi. Əksər hallarda isə bu, Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşlarının apardıqları araşdırmalardan sonra onların iştirakı ilə baş tutdu.

Proses cəmiyyət tərəfindən müsbət qarşılandı ki, xalqın pulunu mənimsəyən, dövlət büdcəsinə zərbə vuran, vətəndaşı, sahibkarı incidən məmur cəzasına çatır. Lakin proses genişləndikcə, nazirliklərə doğru getdikcə ortaya çıxan faktlar hökumətdə sistemli şəkildə effektsiz idarəetmənin, yeyinti hallarının, nəzarətsizlik və cəzasızlıq mühitinin olduğunu faktlarla ortaya qoymuş oldu. Sanki hökumətin özünün özünü ifşası kimi bir vəziyyət yarandı. Ardınca həm də koronavirus pandemiyası başladı, hökumətin düşünmək üçün xeyli zamanı oldu və yəqin ki, gəlinən qənaət fərqli olduğu üçün artıq icra başçılarının həbsləri dayanıb. Məlumatlara və versiyalara görə, hökumət bu qənaətə gəlib ki, həbslər həm bu sahədəki nöqsanları, problemləri aradan qaldırmayacaq, həm də məmurun həbsi, qandallanması, hakimiyyətin əleyhinə qara PR kampaniyasının güclənməsinə səbəb olacaq.  “İcra başçıları belədirsə, gör daha böyük vəzifədəkilər ölkəni necə dağıdır” tezisi dövriyyəyə girəcək. Nəticədə bu gedişlə də nəzərdə tutulan hədəflərə çatmaq mümkün olmur. O zaman hansı tədbir görülməlidir ki, rüşvətxor, korrupsioner, dövlətin onun üzərinə qoyduğu vəzifəni şəxsi mənafeləri üçün istifadə edib xalqa heç bir yararı olmayan şəxslər dövlət idarəçiliyindən uzaqlaşdırıla bilsinlər? Yalnız vəzifədən çıxarılmaqlamı? Həbs heç də hər zaman uğurlu variant deyilsə, cəzasızlıq ondan daha da pisdir.

Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan iqtisadçı ekspert Rəşad Həsənov bildirdi ki, burada iki yanaşma var: “Birinci yanaşma çox bəsitdir. Bir əldə iki qarpız tutmaq olmaz. Əgər həqiqətən də idarəetməni təkmilləşdirmək, şəffaflığı təmin etmək, dövlət vəsaitlərinin idarə edilməsinin səmərəliliyini artırmaq istəyirsinizsə, o zaman təbii ki, qəbul etdiyiniz qərarlar daha radikal olmalıdır. Cəzasızlıq prezumpsiyasının formalaşdığı dövrdə bu hədəflərə nail olmaq mümkün deyil. Əgər bunun sizin reputasiyanıza mənfi təsir edəcəyini düşünürsünüzsə, o zaman təbii ki, problem ortaya çıxacaq. Nəzərə almaq lazımdır ki, bunun müsbət təsirləri də ola bilər. Hətta bəzən olur da, müəyyən qədər ictimai rəyin diqqətlə izləməsi istiqamətində monitorinqlər aparılsa görünər ki, bu, müəyyən bir sosial qrupda hökumətə inam yaradır, etimadı artırır. Xüsusən də icra başçısı vəzifədən çıxarılan, həbs edilən rayonların vətəndaşlarında”.

Rəşad Həsənov: “Yeni yanaşma daha hədəfli və kompaktdır”

Rəşad Həsənov

R.Həsənovun sözlərinə görə, bu məsələdə səmimilik çox vacibdir: “Mənim yanaşmam ondan ibarətdir ki, bu günə qədər qəbul edilmiş qərarlarda səmimilik çatışmazlığı var idi. 2019-cu ildə ciddi həbslər aparıldı, ilin birinci yarısında 6,  ikinci yarısında isə 2 icra başçısı həbs olundu. Amma o həbslərin motivinə və o cinayətlərin xarakteristikasına baxsanız görərsiniz ki, hamısı təkrar eyni maddələrdir. Dövlət vəsaitlərinin mənimsənilməsi, sahibkarlardan rüşvət tələb edilməsi, səlahiyyətlərin sui-istifadəsi, əməkhaqqı kartlarının, sosial kartların toplanıb yığılması və sair. Burada sual ortaya çıxır ki, bəs nə üçün bu qədər həbslərdən sonra yenə təkrar eyni xarakterli cinayətlər baş verir. Bu sualın cavabı ondan ibarətdir ki, Azərbaycanda bu həbslərin korrupsiyadan xilas olmağa, şəffaflığa apardığına inanan çox az sosial qruplar var. Eyni zamanda icra hakimiyyəti  başçısı fəaliyyətini həyata keçirən 60-70 nəfər adam da buna inanmır. Onlar düşünür ki, baş verənlər hansısa siyasi ziddiyyətlər kontekstindədir. Siyasi ziddiyyətlər kontekstində bir məsələ baş verirsə, istənilən halda o insan həbs ediləcək. Hətta adamların bu cür cinayətləri olmasa belə, onlar dövlət vəsaitini mənimsəməsə belə hansısa formada həbs olunacaq. Ölkəmizdə siyasi xarakterli həbslər təcrübəsi var və bilirik ki, bu necə baş verir”.

Ekspertin sözlərinə görə, həbslərin daha çox siyasi motivli olması əslində cəzalandırma mexanizminin effektivliyini zəiflədir: “Ona görə də hökumət bu istiqamətdə həyata keçirdiyi siyasəti təkmilləşdirmək və səmərəliliyini artırmaq üçün mütləq bu prosesin içinə səmimiliyini, dürüstlüyünü qatmalıdır. Cəmiyyəti inandırmalıdırlar ki, hökumət həqiqətən də korrupsiya və rüşvətlə mübarizə aparır. Hökumət həqiqətən də öz fəaliyyətinin təkmilləşdirilməsini və şəffaflaşdırılmasını istəyirsə, bu  istiqamətdə görülən işlərə onun  reputasiyası üçün daha ciddi nəticə verəcək. O cəzaların özünü bir presedent olaraq cəmiyyət qəbul edəcək, eyni zamanda idarəetmədə təmsil olunanların da bunu qavrama səviyyəsi yüksələcək. Dolayısı ilə də şəffaflığın təmin edilməsi istiqamətində müəyyən uğurlara nail olmaq mümkündür”.

Hamısını Göstər

Related Articles

Back to top button