Qarabağda sülhməramlılarla Azərbaycan hərbçiləri arasında vəziyyət gərginləşdi: Muradov 2 BTR göndərdi
“Qarabağda yerləşdirilmiş rus sülhməramlılarla azərbaycanlılar arasında münasibətlər getdikcə gərginləşir”.
Bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.
Nəşr qeyd edib ki, son vaxtlar hər gün vəziyyət gərginləşir, Şuşa sektorunda yolu bağlayırlar.
“Qarabağdakı mənbələrimizin məlumatına görə, Azərbaycan tərəfi planlaşdırılmış şəkildə vəziyyəti gərginləşdirərək göstərməyə çalışır ki, vəziyyətin sahibi onlardırlar, sülhməramlılar müvəqqətidirlər və sülhü bərqərar etmirlər. Bu yaxınlarda da Şuşaya gedən yolun əvvəlində azərbaycanlılar yol çəkmək üçün texnika cəmləşdiriblər. Xankəndiyə gedən yol bir neçə saat bağlı olub, xəbər sülhməramlılara çatıb. Rüstəm Muradov azərbaycanlı qarnizon xidmətinin rəisi ilə əlaqə saxlayıb. Azərbaycanlı cavab verib ki, yaxşı edirik, bizim yolumuz deyilmi, nə istəsək, edəcəyik. Muradov “hadisə yeri”nə 2 BTR göndərib və Azərbaycan texnikasını məhv etməyi əmr edib”, – deyə nəşr bildirib.