Xəzərdəki “Türkiyə donanması” və ya İranın xəyali qarabasmaları
Azərbaycan və Türkiyə donanmaları hərbçilərinin iştirakı ilə sentyabrın 12-də başa çatan sualtı hücum və müdafiə qruplarının təlimləri İranda ciddi narahatlıq yaradıb. Elə bir narahatlıq ki, rəsmi Tehran ölkənin Xarici İşlər Nazirliyinin mətbuat katibi Səid Xətibzadənin dili ilə “Türkiyənin Xəzər dənizində hərbi mövcudluğunun qanunsuzluğu” ilə bağlı əsəbi bir şərh səsləndirib.
“Xəzər dənizinin hüquqi statusu haqqında müqaviləyə əsasən, beş sahilyanı ölkə istisna olmaqla, heç bir xarici dövlətin burada ordusu olmamalıdır, bu qadağandır. Türkiyənin Xəzər dənizində hərbi mövcudluğu qanunsuzdur. Məsələ ilə bağlı Xarici İşlər Nazirliyi vasitəsi ilə araşdırma aparırıq”, -deyə o, bildirib.
Bu qeyri-müəyyən bəyanat müstəqil xarici və daxili siyasət yeridən Azərbaycana qarşı Tehranın qərəzli münasibətini bir daha sübut edir. Əgər hadisəni diqqətlə araşdırsaq, İranın sözügedən bəyanatının əsassız olduğunu görə bilərik.
Başlayaq əsas məsələdən. 12 Avqust 2018-ci il tarixli Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyada, həqiqətən də burada sahilyanı ölkələrə (Azərbaycan, Rusiya, Qazaxıstan, Türkmənistan, İran) aid olmayan silahlı qüvvələrin mövcudluğunun yolverilməzliyindən və hər hansı bir tərəfin başqa ölkəyə qarşı təcavüz və digər hərbi əməliyyatlar üçün digər dövlətlərə ərazi verməməsindən bəhs olunur.
Lakin Xəzərdə təlimlər keçirən Azərbaycan heç bir sazişi – nə ikitərəfli, nə çoxtərəfli, nə də yuxarıda qeyd olunan Konvensiyanın müddəalarını pozmayıb. Bəli, təlimdə Türkiyə xüsusi təyinatlıları iştirak edib. Lakin Türkiyə Hərbi Dəniz Qüvvələrinin heç bir döyüş gəmisi onlara qoşulmayıb. Azərbaycan Müdafiə Nazirliyi tərəfindən yayılan videolarda kiçikhəcmli gəmilərin təlimlərdə iştirak etdiyi aydın şəkildə görünür. Orada nə türk freqatları, nə korvetlər, nə də sualtı qayıqlar olmayıb. Üstəlik, Azərbaycan öz ərazisini İrana qarşı təcavüz etmək üçün heç kimə verməyib. Türk əsgərləri təlimlərə qatılmaq üçün gəlib və təlimlər başa çatdıqdan sonra da vətənlərinə dönüblər. Axı hərbi mövcudluq və təlimlərdə iştirak hər mənada fərqli anlayışlardır. Bəs niyə Tehranda yenidən bu qədər həyəcanlanıblar?
Digər tərəfdən, Konvensiyada “ərazi suları” anlayışı açıq-aydın şəkildə sahilyanı dövlətin suverenliyinin əhatə etdiyi dəniz zolağı kimi tərif olunub. Azərbaycan Hərbi Dəniz Qüvvələrinin türk hərbçilərinin iştirakı ilə təlimləri ərazi sularımızda keçirilib və sentyabrın 2-də elan olunub. Yəni, Bakı bunu gizlətməyib.
Buradakı gülməli məqam Tehran nümayəndəsinin Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyaya əbəs yerə istinad edərək, İranın digər dörd ölkədən fərqli olaraq, onu ratifikasiya etmədiyini unutmasıdır. Və məhz elə bu səbəbdən də, digər məqamlarla yanaşı, İranın sadəcə olaraq bu sənədin bəndlərinə və müddəalarına istinad etməyə mənəvi haqqı yoxdur.
Bu məqamı şərh edən Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov Caliber.Az-ın müxbirinə müsahibəsində qeyd edib ki, Xəzərin hüquqi statusu ilə bağlı vəziyyət ümumi prinsipləri müəyyən edən bir neçə bəyannamə sənədinin imzalanmasından ibarətdir.
“Xəzər hövzəsi ölkələrinin əksəriyyəti öz aralarında bir sıra müqavilələr bağlayıb və bir növ statusun koordinasiyasında irəliləyiş əldə ediblər. Ancaq mövqeyi bölgənin digər dövlətlərindən fərqli olan İrana bunu aid etmək olmaz. Ümumiyyətlə, burada vəziyyət fərqlidir. Həqiqətən də, Xəzər hövzəsi ölkələri Xəzərin hərbiləşdirilməsinin yolverilməz olduğunu və dəniz sularının yalnız sahil dövlətlərinin bayraqları altında üzən gəmilər tərəfindən istifadə ediləcəyini elan edən bəyanatlarla çıxış edib. Ancaq Azərbaycan HHQ-nin təlimlərində başqa dövlətlərin, xüsusən də Türkiyənin bayraqları altında olan gəmilərin iştirak etdiyini deyə bilmərik. Söhbət yalnız türk əsgərlərinin iştirak etdiyi hərbi təlimlərdən gedir. Bu təlimlər Azərbaycan və Türkiyənin apardığı müdafiə siyasətinin bir hissəsidir. Heç bir şəkildə Xəzər dənizinin statusunun müəyyən edilməsi prosesilə bağlı məsələlərə zidd deyil. Təlimlər Azərbaycan gəmilərində, Azərbaycanın ərazi sularında keçirildiyindən, tərəfimizdən Konvensiyanın heç bir müddəası pozulmayıb. Ümumiyyətlə, Xəzərin hüquqi statusundakı hərbi məsələlər ilə bağlı razılıq əldə edilməyib, orada deklarativ bəyanatlar və niyyətlər bəyan edilib. Məsələ yekun halda müəyyən edildikdə, bu detallar da tənzimlənəcək, – deyə Zülfüqarov bildirib.
Qeyd edək ki, Azərbaycan HHQ-nin azsaylı türk hərbçisinin iştirakı ilə həyata keçirdiyi kiçik miqyaslı təlimlərə əsəbi reaksiya verərək, Tehran özünün son vaxtlar Xəzər dənizində aviasiya və raket atıcılarının da cəlb edilməsilə böyük təlim manevrləri apardığını unudur.