Ağ Ev dünya hegemonluğunu itirir: ABŞ artıq superdövlət statusundan uzaqlaşır

Ağ Evin bütün dünyanın məhz amerikalılara məxsus planet olduğuna, ABŞ-ın tək hegemon dövlət missiyasının mövcudluğuna əminliyi indiki uğursuzluqların əsas qaynağıdır; ABŞ artıq xüsusi imtiyazlara sahib olan superdövlət deyil, hazırda dünyanın adi və ya normal dövlətlərindən birinə çevrilmə dövrünü yaşayır…  

Dünya düzənində ciddi dəyişikliklərin baş verməkdə olduğu qətiyyən şübhə doğurmur. Hətta həmin dəyişikliklərin ilkin əlamətləri də açıq-aşkar nəzərə çarpmağa başlayıb. Və artıq yeni dünya düzəninə doğru sürətli irəliləyiş qaçılmaz xarakter daşıyır.

Onu da qeyd edək ki, yeni dünya düzənini şərtləndirən reallıqlar bir çox nəhəng dövlət üçün arzuolunmaz xarakter daşıyır. Çünki həmin dövlətlər buna qətiyyən hazır deyillər. Və dünyanın hərbi-siyasi sistemində sahib olduqları indiki üstün mövqelərini itirə biləcəklərindən ciddi şəkildə narahatdır.

Məsələ ondadır ki, son illərdə cərəyan edən beynəlxalq proseslər də dünya nəhənglərinin narahatlıqlarının qətiyyən əsassız olmadığını göstərir. Çünki dünyanın hərbi-siyasi sitemində onların təsir gücü ciddi şəkildə zəifləyir. Onların qarşısına vaxtilə əhəmiyyət belə, vermədikləri yeni beynəlxalq rəqiblər çıxmağa başlayıb. Və bu rəqiblər müasir dünyanın yeni reallıqları çərçivəsində daha güclü mövqelərə sahib olmaqdadırlar.

EÜER_1530862356.jpg (127 KB)

Maraqlıdır ki, son vaxtlara qədər ABŞ dünyanın şəriksiz hegemon superdövləti hesab olunurdu. Bu superdövlət birtərfəli qaydada özü üçün dünya jandarmı rolunu və səlahiyyətlərini təsis etmişdi. Bütün dünyanı yalnız özünün strateji maraqları çərçivəsində təkbaşına idarə etməyə çalışırdı.

Ağ Ev ABŞ-ın dünya jandarmı səlahiyyətlərinin icrasını təmin etmək üçün NATO-dan istifadə edirdi. Planetin ABŞ üçün böyük əhəmiyyət daşıyan regionlarında NATO bazalarını yerləşdirməklə, rəqiblərini qorxu içərisində saxlamağı bacarırdı. Və bu, Ağ Ev üçün beynəlxalq hüququ ABŞ-ın maraqlarına uyğunlaşdırmaq imkanları da açırdı.

Təbii ki, bütün bunlar keçmiş SSRİ-nın dağılmasından sonra ikiqütblü dünyanın da süquta uğramasına yol açmışdı. Əvəzindəsə, ABŞ-ın liderliyi altında təkqütblü dünya sisteminin yaradılması ilə nəticələnmişdi. Və bu təkqütblü dünya sistemi təxminən son 30 ildə öz mövcudluğunu qoruya bildi.

Ancaq son illərdə ABŞ-ın təkqütblü dünya sistemində müəyyən çatlar əmələ gəlməyə başlayıb. Ağ Ev artıq öz rəqiblərini nəzarət altında saxlayıb, ABŞ-ın strateji maraqları ilə bağışmağa məcbur etməkdə çətinlik çəkir. Və bu reallıq artıq bir çox istiqamətlərdə özünü biruzə verməyə başlayıb.

Məsələ ondadır ki, Ağ Ev artıq öz siyasi iradəsini dünya dövlətlərinə qəbul etdirməkdə çətinlik çəkir. Avropa Birliyi ABŞ-ın əsas rəqiblərindən birinə çevrilməyə başlayıb. Vaxtilə bütün siyasi qərarlarını məhz ABŞ-ın maraqları ilə uzlaşdıran Avropa dövlətləri artıq buna o qədər də ehtiyac duymurlar.

turk-avropa-images.jpg (12 KB)

“Qoca qitə” dövlətlərinin hazırda əsas hədəfi ABŞ-ı Avropa Birliyi məkanından çıxartmaqdan ibarətdir. Çünki ABŞ-ın “qoca qitə”də hərbi-siyasi, eləcə də iqtisadi mövqeləri Avropa Birliyinin daha da güclənməsi qarşısında əsas əngəllərdən biri hesab olunur.

Ona görə də hazırda Avropa Birliyinin əsas gündəm mövzularından biri də məhz NATO-nun gələcək taleyinin mümkün qədər tez bir zamanda həll edilməsidir. NATO-ya üzv olan Avropa Birliyi ölkələri bu hərbi-siyasi alyansın mövcudluğuna milyardlarla dollar maliyyə vəsaiti xərcləməyə həvəsli deyillər.

Bu dövlətlərin əsas narahatlığı ondan ibarətdir ki, Ağ Ev Avropa ölkələrinin maliyyə vəsaitləri hesabına NATO-nun timsalında ABŞ-ın dünya hegemonluğu iddialarına xidmət edən hərbi-siyasi alyansa sahibdir. Yəni, Ağ Ev Avropa Birliyi ölkələrinin hərbi-siyasi və maliyyə-iqtisadi resurslarını məhz NATO-nun sayəsində öz məqsədləri üçün istifadə edə bilir.

Bu sistemin dəyişdirilməsinə yol aça biləcək alternativ variant isə artıq hazırdır. Avropa Birliyi ölkələri tədricən NATO-nun demontaj prosesinin başladılmasına cəhd göstərirlər. Əvəzindəsə, “qoca qitə”nin təhlükəsizliyi təmin etmək üçün Avropa Birliyi ölkələrinin ümumi hərbi birliyinin – Avropa ordusunun yaradılması nəzərdə tutulur.

Bu alternativ sistemin strateqləri hesab edirlər ki, NATO-nun demontajı və Avropa ordusu layihəsi reallaşarsa, ABŞ-ın dünyada, eləcə də, “qoca qitə”də heç bir təsir gücü qalmaz. Yəni, ABŞ-ı əsas beynəlxalq təsir mexanizmindən məhrum etməyə cəhd göstərilir. Və bu, həm də ABŞ-ın öz sərhədləri içərinə qaytarılması ssenarisi təsiri bağışlayır.

shutterstock_1828091912.jpg (67 KB)

Çünki əgər, NATO olmazsa, ABŞ-ın yalnız öz hərbi-siyasi resursları ilə dünya sistemində hegemon mövqelərini qoruya biləcəyi o qədər də inandırıcı görünmür. NATO-suz ABŞ dünyada mövcud olan adi dövlətlərdən birinə çevrilə bilər. Hazırda dünyada bir çoxları bəşəriyyətin xilasını məhz bu variantın reallaşmasında görür.

Maraqlıdır ki, bu ssenarinin nə vaxtsa, reallaşa biləcəyi artıq o qədər də fantastik variant təsiri bağışlamır. Çünki ABŞ və NATO bəzi beynəlxalq rəqibləri qarşısında geri çəkilmə dövrünü yaşayır. Rusiya qarşısında “Ukrayna kampaniyası” ilə bağlı böyük uğursuzluq ABŞ-ın süqutunun başlanğıcı kimi dəyərləndirir. Üstəlik, Ağ Evin ABŞ-ın Rusiya ilə birlikdə düşməni elan etdiyi Çinlə hərbi-siyasi rəqbət ABŞ üçün getdikcə daha da çətinləşir.

Ağ Evdə də artıq anlamağa başlayıblar ki, ABŞ daha dünyada xüsusi səlahiyyətlərə malik superdövlət statusunu arzuolunmaz sürətlə itirməyə başlayıb. Ancaq bu reallıqla barışmaq da o qədər asan məsələ deyil. Və yəqin ki, bunun üçün müəyyən qədər zamana ehtiyac olacaq.

Onilliklər boyu Ağ Evdə əmin idilər ki, dünya təkqütblüdür. Əslindəsə, indi məlum olur ki, dünya çoxqütblü siyasi sistemə keçib. Sadəcə, Ağ Evdə bu reallığı doğru dəyərləndirməyə “tənbəllik” ediblər. Ağ Evdə bütün dünyanın məhz ABŞ-a məxsus planet olduğunu düşündükləri halda, Avropa Birliyi, Çin, Rusiya və Türkiyə yeni nəhəng qlobal oyunçulara çevrilmək istiqamətində sürətli inkişaf yolu keçiblər.

1ce17cada3fa5a6dc9ca7f728943fdba.jpg (295 KB)

Son 20 il isə ümumiyyətlə, dünyada ABŞ idarəçiliyinin xroniki iflası kimi dəyərləndirilə bilər. Hər halda, öz nəhəng gücünə güvənib, tədricən dünyanı anlamaq qabiliyyətinin itirilməsi superdövlətlərin əsas problemi hesab olunur. Bu müddət ərazində Ağ Evdə prezidentlər bir-birini əvəzləsələr də, onlardan heç birisi ABŞ-ın beynəlxalq hərbi-siyasi hədəflərinə çata bilmədiyini etiraf etməyə cəsarət göstərmədilər. Halbuki, belə bir nəticəyə gəlib, səhvlərdən dərs çıxarılması üçün 20 il kifayət qədər uzun müddət idi.  

Böyük ehtimalla səhvlərin etiraf edilməsinə Ağ Evdə hökm sürən daha bir önəmli faktor da mane ola bilərdi. Belə ki, onilliklər boyu Ağ Evdə ABŞ-ın dünyanın tək hegemon dövləti olmaq missiyasının mövcudluğuna inanırdılar. Yeni prezident Co Bayden də hakimiyyətə gələrkən “ABŞ dünya arenasına dönür” tezisini bəyan etməklə, bu inamın qorunmasına çalışmışdı. Böyük ehtimalla Bayden administarasiyası da uğursuzluqların etiraf edilməsinin Amerika xalqına fayda verməyəcəyi qənaətinə gəlmişdi.

Bu isə o deməkdir ki, hazırda böyük sürətlə öz beynəlxalq mövqelərini itirməkdə olan ABŞ əslində, keçmişin girovundan xilas ola bilmir. Halbuki Bayden administrasiyasının son davranışlarından qaynaqlanan nəticələr də, ABŞ-ın yenidən vərdiş etdiyi əvvəlki superdövlət statusunda dünya səhnəsinə dönmək gücünün olmadığını təsdiqlədi. Və bu, ABŞ-ın hazırda məruz qaldığı geopolitik geri çəkilmə prosesinin əsas səbəblərindən biri sayıla bilər.

Anlaşılan odur ki, ABŞ artıq xüsusi imtiyazlara sahib olan superdövlət deyil. ABŞ hazırda dünyanın adi və ya normal dövlətlərindən birinə çevrilmə dövrünü yaşayır. Halbuki, Ağ Evin bu reallıqla barışmağı öyrənməsi üçün müəyyən zamana da ehtiyac olmamış deyil.

Elçin XALİDBƏYLİ

Hamısını Göstər

Related Articles

Back to top button