Ankara və Qahirə: siyasi barxanlardan keçərək yaxınlaşmaya aparan uzun yol

Müəllif: İgor Pankratenko (haqqin.az saytının yazarı)

Türkiyə Liviyanın Əl-Vatiyə aviabazasındakı suriyalı muzdlulardan ibarət qrupu təxliyə etdi.  Müşahidəçilər qeyd edir ki, bu, Qahirə ilə Ankara arasında əldə olunan razılaşma çərçivəsində baş verdi.

Son illərdə Qahirəni iki böyük məqsəd təqib edirdi:  Türkiyə qoşunlarının və onlara müttəfiq olan əcnəbi könüllülərin Liviyadan çıxarılması, həmçinin “Müsəlman qardaşlar”ın Misirdə terrorçuluqla əlaqədə ittiham olunan 15 üzvünün Türkiyədən ekstradisiyası.  Bununla bağlı suriyalı muzdluların qrupunun təxliyəsi xəbərini misirlilərin arzularının yerinə yetməsi kimi yozmaq olar. Ankara onların tələblərinə güzəştə getdi, axı Ərdoğan və Çavuşoğlu daima Türkiyənin Liviyada hərbi iştirakını müdafiə edib.  Əslində də belədirmi?  Qahirədə vaxtından əvvəl sevinmirlər ki?

Vəziyyəti anlamaq üçün 10 il əvvələ, “Ərəb baharı” hadisələrinə qayıdaq. O vaxt azadlıq havası necə də bihuş edirdi, bəzi ölkələrdə hakimiyyətə necə də sürətlə yeni, dəyişiklik ümidi vəd edən simalar gəlirdi. 

Ankara və Qahirə: yaxınlaşmaya aparan uzun yol

Həmin hadisələr fonunda mühüm nəticələrdən biri  diqqətdən kənarda qaldı:  Türkiyənin  Qətər istisna olmaqla, bütün Körfəz monarxiyaları ilə münasibətləri qəti şəkildə pozuldu.  Və bu, şəxsi ədavətdən daha güclü idi – bu, ideologiyaların toqquşmasaydı. Türkiyə və Qətər “Müsəlman qardaşlar”la bağlantısı olan siyasi partiyalara üstünlük verirdi. Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn üçün isə həmin təşkilatlar ən əsas  düşmən idi.

Bir neçə il sonra monarxiyalar uduzduqlarını Misirdə geri qaytardılar – Mursi devrildi, onun yerinə isə ordu “yeni firon” əs-Sisini əyləşdirdi.  Əs-Sisi dərhal Türkiyə və Qətər əleyhinə koalisiyaya qoşuldu. Bir müddət sonra o, “yunan alyansı”nın  (Misir-BƏƏ-Yunanıstan-Kipr) fəal üzvünə çevrildi. Bu alyansın üzvləri birgə hərbi təlimlər keçirir və ən əsası, Türkiyəni Şərqi Aralıq dənizinin enerji ehtiyatlarından kənarda saxlamağa çalışırdılar.

Yeni “firon” əs-Sisi hakimiyyətə gələn kimi dərhal antitürkiyə koalisiyasına qoşuldu…

Onlar Liviyada “siyasi məsuliyyəti aşağı olan feldmarşal” Xəlifə Haftarı müdafiə edir, bu sonuncu isə alyans üzvlərinə zəmanət verirdi ki, Liviyanın dəniz sərhədlərinə yenidən baxılması tələbini irəli sürməyəcək. Həmin sərhədlərin ki, Liviyada vətəndaş müharibəsindən istifadə edən alyans üzvləri bir qədər “dəyişmişdilər”. Əlbəttə, öz xeyirlərinə və həm liviyalıların, həm də Türkiyənin hüquqlarını kobud şəkildə pozaraq.

Ancaq sonra nələrsə onların istədikləri kimi getmədi. Bu ölkələrin Qətərə qarşı təşkil etmək istədikləri blokada Ankaranın fəal iştirakı ilə pozuldu.  Və 2020-ci ilin dekabrında Misir, Səudiyyə Ərəbistanı, BƏƏ və Bəhreyn Doha ilə özləri üçün alçaldıcı olan AlUla müqaviləsini imzaladı,  bu isə Qətər qarşısında faktik kapitulyasiya aktı idi.

Habelə həmin vaxt anlaşıldı ki, Türkiyə başqa cəbhələrdə də qalibdir.  Mövlud Çavuşoğlunun bu yaxınlarda söylədiyi kimi, “Türkiyənin Liviya, Suriya və Azərbaycanda iştirakı vərdiş olunmuş siyasi tənlikləri və balansları köklü şəkildə dəyişdi”.  Qarşıdurmanın yolu kor dalana dirəndi.  Bunu birinci olaraq BƏƏ anladı və Ankara ilə münasibətləri normallaşdırmağa başladı.  İndi də Misirin Türkiyə ilə konstruktiv dialoq aparmaq növbəsi çatıb.

Əmirliklərdə başa düşdülər ki, Türkiyə ilə qarşıdurma dalana aparır. Və Ankara ilə münasibətləri normallaşdırmaq yolunu tutdular

Qahirə başlanğıcda özünü yüksək dəyərləndirərək  olduqca çox şey tələb edirdi:  Türkiyənin bütün hərbi qulluqçulırının Liviyadan çıxarılması, Türkiyədə yerləşmiş “müsəlman qardaşlar”ın təhvil verilməsi və s. və i. Ancaq Ankara əs-Sisinin emissarlarına çox tez başa saldı ki, onlar ultimatum irəli sürəcək vəziyyətdə deyillər və istəklərini məntiqi həddədək azaltmaq yaxşı olardı.

Yəni Liviyanı yalnız Türkiyəyə yaxın olan əcnəbi proksilər tərk edəcək.  Hökumət qoşunlarına təlim keçən türk təlimatçıları və onlarla gələn texnika isə öz yerlərində qalacaq.

“Müsəlman qardaşlar” da Qahirəyə təhvil verilməyəcək, ancaq mətbuatda Misir əleyhinə çıxışlar kəsiləcək, mühacirlərin yaratdığı və Misir üçün yayımlanan bəzi müxalif kanalların fəaliyyəti dayandırılacaq. Və bu hamısıdır.

Qahirənin Ankara tərəfindən cızılmış bu “qırmızı cizgilər”i qəbul etməkdən başqa çarəsi qalmadı. Oradan gələn diş qıcırtısının səsi bütün Yaxın Şərqdə eşidilir, ancaq başqa heç nəyə gücləri çatmır və Türkiyə ilə münaqişənin tədricən deeskalasiyası ilə məşğul olmağa məcburdurlar.  O cümlədən, Şərqi Aralıq dənizi ilə bağlı danışıqlara. Bu isə “yunan alyansı” üçün ciddi, nokauta bənzər zərbədir.

Türkiyəyə dost islam partiyaları Tunisdə hakimiyyətdən kənarlaşdırılanda və Mərakeşdə seçkiləri uduzanda Ankaranın bədxahları sevinc içində dərindən nəfəs verirdilər.  Guya Türkiyənin təsiri azalmağa doğru gedir.  Ancaq Türkiyədə bu cür fikirləşmirlər.  Sadəcə seçim düz edilməmişdi. Məğlub olanlar öz məğlubiyyətlərinə layiq idilər. “Müsəlman qardaşlar”ın kadrlarının “ehtiyat skamyası” hələ tükənməyib. Deməli, tezliklə səhnəyə Yaxın Şərqin yeni, daha effektiv və bununla bərabər Türkiyəyə loyal siyasi liderləri çıxacaq.

Hamısını Göstər

Related Articles

Back to top button