İrana bir neçə sual – Şərh

İranın Azərbaycanla sərhəd zolağında (Aslandüz-Horadiz istiqaməti) hərbi təlimlər keçirməsi regional siyasi gündəmin nüvəsini təşkil edir.

İlk baxışdan bu təlimləri İranın suveren ərazilərinin qorunması üçün məşqlər kimi xarakterizə etmək olardı.

Amma təlimin keçirilmə vaxtı, İrandan səslənən bəyanatlar bu təlimlərin heç də xoş niyyət daşımadığını ortaya qoyur.

Beynəlxalq təcrübəyə əsasən, hər hansı bir ölkə sərhədyanı ərazilərdə hərbi təlimlər keçirməzdən öncə, qonşu dövlətləri məlumatlandırır.

Yəqin ki, İran da ən azından diplomatik etiketi nəzərə alıb bu barədə Azərbaycanı məlumatlandırıb, əsaslandırmada isə bu təlimlərin Azərbaycana qarşı olmadığını bildirib.

Lap yaxşı, amma təlim keçirilməmişdən öncə Ərdəbilin imam cüməsi Seyid Həsən Amolinin qəzəb və qısqanclıq dolu açıqlaması diqqət çəkir və məqsədlərinin fərqli olduğu bəyan edilir.  

Amoli Azərbaycan, Türkiyə və Pakistanın birgə təlimlərindən narahatlıq keçirdiyini bildirir, ardınca tarixi simvola söykənir, Azərbaycan və Türkiyəni “şirin quyruğunu” tapdalamaqda suçlayır.

Amoli həmişə Azərbaycan əleyhinə danışıb, cümə namazlarında, müxtəlif platformalarda – əlinə fürsət düşən kimi.

Təlimlər başlamazdan öncə, o, SEPAH-ı təlim keçirməyə səsləmişdi. İndi sual olunur? Bu təlimlər sadəcə hərbi qaydalardan irəli gəlir, yoxsa burada əzələ nümayişi kimi mesajlar, siyasi motivlər var? Təbii ki, ikinci versiya daha inandırıcı və məntiqli görünür.

Bilirsinizmi niyə? Çünki necə oldusa, Vətən müharibəsindən sonra birdən-birə İran ayılaraq özünün ali rəhbəri Seyid Əli Xameneinin portretini Arazın o tayında – Xudafərin körpüsünün paralelindəki əraziyə yerləşdirdi. Bəs işğal müddətində bunu niyə etmirdi?

Yəni, Azərbaycanın qələbəsi İranda əməlli qıcıq yaradıb və Tehran hər vəchlə özünün iradəsini göstərmək şakərini ortaya qoyur.

Azmış kimi Azərbaycanın xəbərdarlıqlarına baxmayaraq Rusiya sülhməramlılarının nəzarət etdiyi Qarabağın bir hissəsinə yüklər daşıyır.

Hansı statusla? Cavab vermir, əksinə hər addımına haqq qazandırmaq istəyir. Bakı isə məcbur qalıb Gorus-Qafan yolunun öz ərazisinə düşən hissəsində polis və gömrük postları qurur, İrandan Ermənistana girib-çıxan avtomobillər, daşıdıqları yüklərin təyinatı yoxlanılır.

Azərbaycan bununla İran üzərindən əlavə iqtisadi rıçaqlara yiyələnir, hərçənd, əminlik olsa ki, İran daha təxribata yol verməyəcək, o zaman Bakı da adekvat mövqe sərgiləyər.

Gorus-Qafan yoluna Azərbaycanın nəzarəti İranın hərbi təlimlər keçirməsinin bir səbəbidir, yəni əsəbi reaksiyasının bariz nümunəsidir.

Fikirlərimizi yanlış interpretasiya edə bilərlər, normaldır, ona görə bu arqumenti də ortaya qoymağı lazım bilirik.

İran Azərbaycan torpaqları işğal altında olan illərdə çox vurğuladığı müsəlman həmrəyliyi, İslam təəssübkeşliyini rəhbər tutaraq bu əzələ nümayişini Ermənistana qarşı niyə etmədi?  

Heç cavab da gözləmirik, çünki ritorik sualdır. Yaxşı, keçmişdəki səhvlərin üzərindən keçib gələcəyə baxmaq olardı, amma Tehran yenə arxaik düşüncədə qaldığını, keçmişə söykənən qısqanclığını nümayiş etdirir. İkinci ritorik sual: Görəsən İranın təlimləri Ermənistanla sərhədi niyə əhatə etmir?

Bir sözlə, İranın bu təlimləri qeyri-dost addımdır, burada heç bir xoş niyyətdən söhbət gedə bilməz.

Azərbaycan isə təbii ki, belə təlimlərdən qorxmur, çünki Azərbaycan ordusu dünyanın müasir hərb tarixinə adını yazdıra biləcək gücə, qüdrətə sahibdir.

Aqşin Kərimov

Hamısını Göstər

Related Articles

Back to top button