Keçmiş daxili işlər naziri polisləri evində qul kimi işlədirmiş
Naxçıvanın sabiq daxili işlər naziri Əhməd Əhmədov vəzifədə olduğu müddətdə polis əməkdaşlarını evində xadimə, fermasında çoban, vətəgələrində balıqçı, yonca sahəsində otbiçən kimi işlədibmiş. Ə.Əhmədov vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, öz yaxın qohumlarının işə gəlməməsinə göz yumub, nəticədə, onlara dövlət büdcəsi hesabına əsassız olaraq əməkhaqqı ödənilib.
Bir sıra polis əməkdaşlarını isə özünə məxsus ferma, balıqçılıq təsərrüfatı və şəxsi evində xadimə kimi işlədib.
Həmin polis əməkdaşlarına öz cibindən pul vermək əvəzinə, polis kimi işə çıxmadıqları halda dövlət büdcəsindən onlara əməkhaqqı verib. Bununla da dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurub.
Əhməd Əhmədov 9 milyon rüşvəti necə alıb?
Nazir Əhməd Əhmədov qardaşını 2000-2002-ci ildə Naxçıvan Şəhər Polis İdarəsində, 2003-2011-ci ildə Naxçıvan MR Daxili İşlər Nazirliyinin Mühafizə Şöbəsində, 2011-ci ilin noyabr ayından isə Şahbuz Rayon Polis Şöbəsində polis sahə inspektoru vəzifəsinə təyin etsə də, o, işə çıxmayıb.
Onun qardaşı 2015-2017-ci ilin iyul ayınadək olan dövrdə 17 dəfə müxtəlif müddətlərdə ayrı-ayrı xarici ölkələrdə olub, işə çıxmadığı halda ona dövlət büdcəsindən 85 min 425 manat əməkhaqqı ödənilib.
Digər qardaşını isə 2012-ci ildən Polis Şöbələrindən birinə, 2013-cü ildən isə Ordubad RPŞ Biləv Polis Bölməsində vəzifəyə təyin edib. Həmin qardaşı da işə çıxmasa da, 2012-2017-ci illərdə ona 44 min 744 manat əməkhaqqı ödənilib.
Keçmiş nazir işçilərin dərman pulunu fermasına xərcləyib
Ə.Əhmədov qardaşı Fazil Əhmədovun qaynının oğlunu Şərur Rayon İbadulla Polis Bölməsinin cinayət-axtarış üzrə əməliyyatçısı kimi işə götürərək, onu özünün balıqçılıq təsərrüfatında işlədib. Maaşını isə dövlət büdcəsindən polis əməkdaşı kimi ödəyib. Belə ki, 2015-2017-ci illərdə ona 16 min 670 manat əməkhaqqı ödənilib.
Əhməd Əhmədov evində qulluqçu işləyən şəxsi isə Babək Rayon Polis Şöbəsinin əməkdaşı kimi sənədləşdirərək, ona dövlət büdcəsindən 2015-2017-ci illərdə 4 min 624 manat əməkhaqqı ödənilməsinə şərait yaradıb.
Kəngərli RPŞ-nin dörd polis əməkdaşı nazirə məxsus olan Kəngərli rayonundakı yonca sahələrində otbiçən kimi işləyiblər. Onların hər birinə iki il ərzində dövlət büdcəsindən 14-16 min manat maaş verilib.
17 il nazir olan Əhmədov general rütbəsindən məhrum edildi
Rəsmi sənədlərdə polisin Müvəqqəti Saxlama yerində işləyən şəxs xidmətə çıxmayaraq, Əhməd Əhmədovun şəxsi fermasında işlərə cəlb olunub və büdcədən 17 min 442 manat əməkhaqqı alıb.
Nazirin qohumları olan və Babək RPŞ-də təhqiqatçı, operator, Ordubad RPŞ-də təhqiqatçı, Şahbuz RPŞ-də əməliyyat müvəkkili kimi vəzifə daşıyan şəxslər ümumilikdə 310 min manatdan çox maaş alsalar da, heç vaxt işə çıxmayıblar.