İranın terrorizmi maliyyələşdirmə yolları: “Ofşor” şirkətlər və valyuta dəyişdirmə məntəqələri
Hələ 2019-cu ilin mart ayında Amerikanın Maliyyə Nazirliyi İran hökumətinə bağlı “ofşor” şirkətlərin müxtəlif yollarla bu ölkənin Müdafiə Nazirliyi və “Qüds Qüvvələri”nə milyardlarla dollar və avro köçürdüyünü ifşa etmişdi.
Bu cür şəbəkələr son aylar ərzində də Amerika tərəfindən bir neçə dəfə aşkarlanaraq sanksiyalar vasitəsilə onların fəaliyyəti sıfıra endirilib.
Bəs bu şirkətlərin fəaliyyət mexanizmi nədir və İrana hansı formada pul göndərə bilirlər? Bu sxemlə prosesi müxtəsər formada izah edək:
İran İslam İnqilabı Keşikçiləri Korpusu (Sepah) bu yolda ən “aktiv oyunçu”dur. Belə ki, “Sepah” nəzarətində olan banklar vasitəsilə xarici ölkələrdə çoxşaxəli şirkətlər təsis edir. Bu proses həm ABŞ sanksiyalarından yayınmaq, həm də beynəlxalq valyuta şəbəkəsinə çıxış əldə etməklə İranın dəyərdən düşmüş milli valyutası olan riyalı dollarla dəyişmək üçün icra edilir.
Eyni üsulla sözügedən banklar beynəlxalq azad ticarət zonalarında “ofşor” şirkətlər təşkil edir, riyalı dollara çevirmək üçün öz valyuta dəyişmə bölmələrindən istifadə edirlər. Həmin valyuta dəyişmə şöbələri pulu həm banklara, həm də Müdafiə Nazirliyi və “Sepah”a köçürmək üçün bəzi qonşu ölkələrdə də “ofşor” şirkətlər təsis edir və bir qrup şəxsi də bu işdə əməkdaşlığa cəlb edir. Bankların valyuta dəyişmə şöbələrinə xarici valyutanın axışını bu “ofşor” şirkətlər təmin edir. Belə ki, ticari fəaliyyət adı altında çalışan həmin şirkətlər əldə etdikləri xarici valyutanı “Sepah”ın nəzarətindəki sözügedən bankların valyuta dəyişmə məntəqələrində İran milli pulları ilə dəyişir, bununla da onları dollar və avro ilə təmin edirlər.
Bundan başqa da İranın sanksiyaları pozmaqla ölkəni xarici valyuta ilə təmin etmək, eləcə də terrorizmi maliyyələşdirmək üçün istifadə etdiyi müxtəlif maliyyə fırıldaqçılığı növləri mövcuddur.