Xan Pakistana nüvə silahını necə qazandırdı?
Xəbər verdiyimiz kimi, Pakistanın nüvə proqramının atası hesab olunan nüvə fiziki Əbdül Qadir Xan COVID-19 nəticəsində vəfat edib. Qərb ölkələrinin xüsusi xidmət orqanları əməkdaşları atom bombası yaratmaq texnologiyasını Şimali Koreya, İran və Liviyaya ötürdüyü üçün onu dünyanın ən təhlükəli adamlarından biri adlandırırdılar.
Pakistanın Baş naziri İmran Xan ölkənin “milli qəhrəman”ını itirdiyini bildirib. “Xalqımız onu sevirdi, çünki biz nüvə silahını daha çox onun sayəsində əldə etmişik”, – deyə Pakistan hökumətinin başçısı “Tvitter”də yazıb.
85 yaşlı Əbdül Qadir Xan bir müddət əvvəl koronavirusa görə xəstəxanaya yerləşdirilmişdi.
Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş direktoru Corc Tenet Xanı ən azı 2001-ci il 11 sentyabrda ABŞ-a “Əl-Qaidə” terror təşkilatının hücumunun təşkilatçısı Üsamə bin Laden qədər təhlükəli adlandırmışdı.
O, 2004-cü ildə İran, Liviya və Şimali Koreyaya nüvə texnologiyasını qeyri-leqal şəkildə təqdim etdiyi üçün həbs edilmişdi. Xan həmin vaxt televiziya ilə müraciətində “dərin peşmanlıq hissi keçirdiyini və qeyd-şərtsiz üzr istədiyini” bildirmişdi. Pakistanın o vaxtkı prezidenti Pərviz Müşərrəf Xanı əfv etmişdi, lakin fizik 2009-cu ilə qədər ev dustaqlığında idi.
Qərbdə bir çoxları Xana münasibətdə həddindən artıq yumşaq rəftardan narazı idilər, vətənində isə o, milli qürur simvolu olaraq qaldı. “O bizə ölkəmizi xilas edən nüvə vasitələri əldə etməyimizə kömək etdi. Minnətdar xalq onun xidmətlərini heç vaxt unutmayacaq”, – bunu isə Pakistan Prezidenti Arif Alvi bəyan edib.
Pakistan nüvə bombasını necə əldə etdi
Xan haqqında kitab yazan BBC-nin təhlükəsizlik məsələləri üzrə müxbiri Qordon Korera bildirib ki, fizik 1970-ci illərdə Niderlandda uranın zənginləşdirilməsi üçün sentrifuqların inşası ilə məşğul olan bir Avropa kompaniyasında çalışıb. Məhz o zaman Pakistan nüvə silahı istehsal etmək istiqamətində işlərə başlayıb, çünki 1971-ci ildə Hindistan tərəfindən hərbi məğlubiyyətə uğradılıb və ilk olaraq düşmənin atom bombası əldə edəcəyindən qorxub.
Xan özü haqqında Pakistanın nüvə proqramının əsas fiquru imicini yaratmışdı. Foto “REUTERS”
Koreranın sözlərinə görə, Xan “sadəcə, ən müasir sentrifuq qurğularının çertyojlarını kopyalayıb evə qayıda bilib”. Bundan sonra o, əsasən avropalı biznesmenlərdən ibarət gizli şəbəkə yaradıb. Bu gizli şəbəkə sentrifuqların yaradılması üçün lazım olan komponentləri təqdim edib. Zənginləşdirilmiş uran atom elektrik stansiyalarının istismarı və ya zənginləşdirmə səviyyəsi kifayət qədər yüksək olduğu təqdirdə atom silahı yaratmaq üçün istifadə edilə bilər.
1998-ci ilə qədər – Hindistan bunu etdikdən qısa müddət sonra Pakistan özünün ilk nüvə silahını sınaqdan keçirir.
1965-ci il Hind-Pakistan müharibəsinə səbəb olan qarşıdurma zamanı Zülfüqar Əli Bhutto (dövrün xarici işlər naziri) deyib: “Əgər Hindistan öz atom bombasını yaradırsa, demək biz çörək və suyun üstündə oturmaq və hətta aclıqdan ölmək bahasına belə, özümüzünkünü istehsal etməliyik. Atom bombası xristianlarda, yəhudilərdə var idi, indi isə induistlərdə var. Niyə müsəlmanlar özlərinə sahib çıxmırlar?”
Xan Pakistanın atom bombasının “atası” kimi təqdim olunsa da o, əslində ölkənin nüvə proqramının əsas fiqurlarından yalnız biri idi. Ancaq fizik bu işdə özünün əsas fiqur olmasına dair ictimai rəy yaratmağı bacarır. Bunun nəticəsində Xan milli qəhrəmana çevrilir. Məhz onu Pakistanın Hindistandan gələn nüvə təhdidinə cavab verməsinə kömək edən adam hesab edirlər.
“İzqoy” ölkələr üçün nüvə təlimatları
Qordon Koreranın sözlərinə görə, Xanın sonrakı hərəkətləri onu dünya üçün daha da əhəmiyyətli fiqur edir. O, özünün gizli şəbəkəsini ixracdan idxala yönəldir, aktiv şəkildə bütün dünyada səyahət etməyə və Qərbdə “izqoy” hesab edilən dövlətlərlə sövdələşmələr bağlamağa başlayır.
İranın Natanz obyektindəki uran sentrifuqları daha çox məhz Əbdül Qadir Xanın təqdim etdiyi çertyojlar və materialların sayəsində inşa edilib. Görüşlərin birində pakistanlı fizikin nümayəndələri faktiki olaraq iranlılara Tehranın sifariş verə biləcəyi müxtəlif nüvə komponentləri olan qiymət cədvəlini (prays-list) nümayiş etdiriblər.
Xanın dəfni zamanı onun cəsədi olan tabut Pakistanın dövlət bayrağına bükülmüşdü. Onu hərbçilər dəfn ediblər. Foto AFP VIA GETTY IMAGES
Xan, həmçinin, bir neçə dəfə Şimali Koreyaya səfər edib. Onun orada raketlərin yaradılması üzrə tövsiyələr üçün nüvə texnologiyası mübadiləsində iştirak etdiyi güman edilir.
Bütün bu sövdələşmələrin ən böyük müəmmalarından biri Xanın təkbaşına hərəkət etməsi, yoxsa öz hökumətinin göstərişlərini yerinə yetirməsi ilə bağlıdır. Məsələn, Şimali Koreya ilə danışıqlar məsələsində Pakistan liderlərinin nə baş verdiyini bilmələri ilə yanaşı, birbaşa iştirak etmələrinə dair bütün əlamətlər var.
Azərbaycanın yaxın dostu və sıx müttəfiqi Pakistan 1998-ci ildən etibarən nüvə silahına malikdir. Pakistan hazırda nüvə silahına malik yeganə müsəlman dövlətidir.
Bəziləri Xanı yalnız pul maraqlandırdığını söyləyirlər. Ancaq əslində hər şey o qədər də sadə deyil. O, təkcə Pakistan hakimiyyəti ilə sıx əməkdaşlıq etməyib, həm də Qərb ölkələrinin nüvə silahı monopoliyasının məhv edilməsinin tərəfdarı kimi çıxış edib. Xan Qərbin ikiüzlülüyü haqda danışır və bəzi ölkələrin təhlükəsizliklərini təmin etmək üçün vasitələrə sahib olmasına icazə verildiyinə, digərlərinin isə bu hüququnun olmadığına dair sual verirdi. “Mən oradakı hansısa dəli deyiləm”, – o bir dəfə belə demişdi. “Onlar məni sevmirlər və məni bütün ölüm günahlarında ittiham edirlər, mənimlə bağlı əsassız uydurmalarla məşğuldurlar, çünki mən onların bütün strateji planlarını məhv etdim”.
Lakin Qordon Korera yazır ki, kitab yazarkən görüşdüyü bəzi insanlar Xan üçün istənilən halda əsas şeyin maddi mükafatlandırma olduğunu hesab edirdilər. Fizik 1990-cı illərdə Liviya ilə sövdələşmə nəticəsində çox şey əldə edir, amma bu sövdələşmə onun üçün faciəvi olur.
Xanın fəaliyyətinin Britaniyanın Mİ-6 kəşfiyyat qurumu və Amerika Mərkəzi Kəşfiyyat İdarəsinin əməkdaşları tərəfindən diqqətlə izlənilməsinə başlanır. Qərb xüsusi xidmətləri onun səfərlərini izləyir, telefon danışıqlarını dinləyir və mümkün olan hər şəkildə yaxın çevrəsinə nüfuz etməyə cəhdlər edirlər. Onun əməkdaşlarına informasiya təqdim edilməsi qarşılığında külli miqdarda pul təklif edilir – bəzi hallarda təxminən bir milyon dollar.
“Bizim adamlarımız onun evində, obyektlərində, olduğu ofislərdə idi”, – Mərkəzi Kəşfiyyat İdarəsi məmurlarından biri demişdi.
Son müqavilə
ABŞ-a 11 sentyabr 2001-ci il hücumundan sonra Qərb ölkələri terrorçuların nüvə silahı əldə edə biləcəyindən daha çox qorxuya düşürlər. Buna görə də onlar yeni səylə Pakistanı Xana qarşı tədbirlər görməyə inandırmağa başlayırlar.
2003-cü ildə ABŞ və Böyük Britaniya əslində orada olmayan kütləvi qırğın silahlarının olması bəhanəsi ilə İraqa müdaxilə edirlər.
Bu zaman Liviyanın o vaxtkı lideri Müəmmar Qəddafi nüvə proqramından imtina etmək qərarına gəlir. Əvvəlcə Mİ-6 və MKİ əməkdaşları gizli şəkildə Liviyaya gəlir, daha sonra Tripolinin qərarı rəsmən elan edilir. Məhz bu hadisə Vaşinqtona Xan problemini həll etmək məqsədilə Pakistana yekun təzyiq göstərilməsinə imkan verir.
Əbdül Qadir Xan ömrünün bir neçə ilini ev dustaqlığında keçirdi. Mənbə: REUTERS
Fizik ev dustaqlığına və hətta televiziyada ictimai şəkildə üzr istəməyə məcbur edilir. O, qalan günlərini qəribə bir dünyada keçirir – əslində azad olmamaqla yanaşı həbsxanada da deyildi. Pakistanlılar onu milli qəhrəman hesab edirlər, çünki o, onların atom bombası əldə etmələrinə kömək edib, ancaq eyni zamanda ona ölkə ərazisini tərk etmək və xarici dünya ilə hər hansı şəkildə təmas qurmaq qadağan olunub. Buna görə də onun tam olaraq nə etdiyi və bunu hansı səbəblərdən etdiyinin tam mənzərəsi naməlum olaraq qala bilər.