Yoluxmalar və ölüm sayının artan statistikası – sərt karantin gözləntisi

Ekspertlər yaxın vaxtlarda yoluxmanın daha da artacağını proqnozlaşdırırlar – yenidən sərt karantin rejimi olmalıdırmı?

Son zamanlar dünyada və ölkəmizdə artan koronavirus statistikası həyəcan doğurmaqdadır. Rusiya prezidenti Vladimir Putin oktyabrın 30-dan noyabrın 7-dək ölkədə qeyri-iş günləri elan edib və regional hakimiyyət orqanlarının qərarı ilə bu müddətin uzadıla biləcəyini söyləyib.

Azərbaycanda isə məktəblər və toylar başlayandan koronavirusa yoluxma statistikasında ciddi artımlar  baş verir. Gündəlik aktiv xəstə sayı 2 mindən aşağı düşsə də, artıq son günlər bu rəqəmin bir neçə dəfə artdığının şahidi oluruq. Ölüm sayında da təşviş doğuran məqamlar var. Ekspertlər yaxın vaxtlarda yoluxmanın daha da artacağını proqnozlaşdırırlar. Belə olduğu halda, yenidən sərt karantin rejimi, qapanmalar olmalıdırmı?

Bu arada hamilə qadınların vaksinasiya olunması məsələsi əhali arasında birmənalı qarşılanmayıb. Belə fikir var ki, COVİD vaksinləri dölə zərər verə bilər. Bu, nə dərəcədə doğrudur? Bütün bu suallarla bağlı həkim-ekspertlərin fikirlərini öyrəndik.

Oxu.az - İnfeksionist: “Dördüncü dalğa ehtimalı çox yüksəkdir” – FOTO

Nicat Əzimli

“Yeni Müsavat”a danışan həkim-infeksionist Nicat Əzimli suallarımızı belə şərh edib: “Hazırda pandemik vəziyyətin pisləşməsi göz önündədir. Bunu təkcə statistikadan yox, həkim olaraq müraciətlərin sayının artmasından da görürük. Fikrimcə, gedişat hələ ki bu istiqamətdə davam etməkdədir. Buna qarşı atılmalı addımlardan ən vacibi vaksinasiyanın keyfiyyətinin artırılmasıdır. Daha effektiv immunitet yaradan mRNT vaksinlərinə üstünlük verilərək bunun geniş şəkildə tətbiqinə çalışılmalıdır. Asan olması üçün tək dozalı vektor vaksinləri də (J&J) bu prosesdə istifadə oluna bilər”.

N.Əzimli vaksinlərin hamilələrə tətbiq edilməsi ilə bağlı məsələyə də münasibət bildirib: “Hamilələrdə və 12 yaşdan yuxarı şəxslərdə mRNT vaksini olan ”Pfizer” Comirnaty vaksini tətbiq olunur. Koronavirusun və ya onun vaksinlərinin birbaşa döl üzərində hər hansı təsiri yoxdur. Təbii ki, əgər orqanizmdə vaksinə qarşı həssaslıq və ya bir əks göstəriş halı varsa, bu haqda həkim tərəfindən təsdiqlənib rəy verilə bilər və həmin şəxs vaksinasiyada iştirak etməməlidir”.

Yeri gəlmişkən, “İmmunitet sertifikatı”nın “peyvənd sertifikatı” ilə əvəzlənməsinin qaydaları da açıqlanıb. Qaydalara görə, vətəndaşlar müddətsiz sertifikat əldə edə biləcəklər. Bunun üçün koronavirusa yoluxmuş və “immunitet” sertifikatı əldə etmiş şəxs 6-cı aydan başlayaraq “buster” doza vurdura bilər. “Buster” dozanı vurdurmaqla vətəndaş “immunitet” sertifikatının müddətini müddətsiz olaraq uzadır.

Ölkəmizdə koronavirus əleyhinə vaksinasiya strategiyasına uyğun olaraq peyvəndlənmə prosesi davam edir. Avqust ayından etibarən “buster” dozanın da vurulmasına başlanıb.

Üçüncü dozanı vurdurmaq üçün yoluxmadan 5 ay sonra randevu.its.gov.az saytı üzərindən onlayn növbə götürülə bilər.

Nilufər Məmmədova: “Qarşıdakı 2 həftə ərzində yoluxma sürətlə artacaq”

Nilufər Məmmədova

Azərbaycan Tibb Universitetinin Yoluxucu xəstəliklər kafedrasının assisenti, həkim-infeksionist Nilufər Məmmədova da “Yeni Müsavat”a mövzu ilə bağlı fikirlərini açıqlayıb: “Yaxın vaxtlarda yoluxmanın daha da artmasını gözləyirik. Buna səbəb soyuq hava şəraitinin üstünlük təşkil etməsi, qarşıdan qış aylarının gəlməsidir. Bununla bağlı olaraq bəzi hava-damcı yolu ilə keçən virus infeksiyalarının bu hava şəraitində daha yoluxdurucu olması, həmçinin dünya üzrə yoluxmaların artması səbəbi bizim ölkəmizə də təsirsiz ötüşməyəcək, yoluxma sayında artımlar olacaq. Təkcə yoluxma sayının artması ilə deyil, xəstəliyin ağır gedişatı və insanlar arasında yayılması, ölüm halları qiymətləndirilərək  qapanmalarla bağlı qərar verilir. Sadə dildə desək, xəstəliyin daha ağır gedişatı ilə və ölümlə müşahidə olunmadığı müddətdə qapanmalara ehtiyac olmaya bilər”.

İnfeksionist hamilə qadınların vaksinasiyası ilə bağlı yaranan suallara da cavab verib: “Dünyanın bir çox ölkələrində artıq hamilə qadınların vaksinasiyasına başlanıb. Buna səbəb hamilələr arasında ölüm hallarının artması, xəstəliyin daha ağır gedişatının müşahidə olunması olub. Həmçinin nəzərə alsaq ki, hamiləlikdə daha çox canlı vaksinlər əks göstəriş hesab olunur. Hamilələrdə hazırda tətbiq olunan koronavirus peyvəndlərindən ”Pfizer” canlı vaksin olmadığı üçün hamiləlikdə istifadə olunan vaksinlər siyahısındadır”.

Dr. Emin Haqverdiyev – Sumqayıt Hospital

 Emin Haqverdiyev

Səhiyyə Nazirliyinin ekspert-mütəxəssisi ginekoloq cərrah Emin Haqverdiyev də  bu məsələ ilə bağlı fikir bildirib: “Hamiləlik fizioloji olaraq immun sisteminin zəiflədiyi dövrdür. Bu səbəbdən hər hansı bir bakteriya və ya virus xəstəliyini hamilələr daha ağır keçirirlər. Eyni zamanda COVİD19 da istisna deyil. Hamilə qadınların digər əhali qrupu ilə müqayisədə COVİD-ə yoluxma ehtimalı daha yüksək olmasa da, araşdırmalar COVİD-19-un hamiləlikdə daha ciddi nəticələrə səbəb olan risk faktoru olduğunu ortaya qoyur. Hamiləliyə bağlı piylənmə, diabet, hipertenziya, böyrək və qaraciyər xroniki xəstəlikləri, autoimmun sistem xəstəlikləri olan qadınlarda risk daha da artır. 18 ölkədən 2130 qadının iştirak etdiyi araşdırmada COVİD-19 olan qadınlarda ana ölümü, preeklampsi və vaxtından əvvəl doğuş riskinin daha yüksək olduğu göstərilib. Xroniki xəstəlikləri olan hamilə qadınların COVİD-19-dan ciddi ağırlaşmalarla üzləşmə riski daha yüksəkdir. ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin (CDC) 11 avqust 2021-ci il tarixində dərc etdiyi hesabatda COVİD-19-a yoluxan hamilə qadınların sayının son bir neçə ayda artdığı bildirilir. “Delta” variantının daha yoluxucu olması və hamilə qadınlarda ağır xəstəlik riskinin yüksək olması, ancaq qorxuya görə peyvəndlənmənin aşağı olması bu artımın əsas səbəblərindən biri olaraq hesab edilib”.

COVİD-19-a yoluxmuş anadan körpəyə virus ana südü ilə keçə bilərmi? Həkim COVİD-in uşaqlara ana südü ilə keçməsi məsələsinə də münasibət bildirib: “Aparılan araşdırmalar göstərir ki, ana südündən körpəyə COVID-19 keçə bilməz. Virus anadan körpəyə yalnız süd verərkən tənəffüs yolları vasitəsilə keçə bilər. Bu səbəbdən COVİD-19-a yoluxmuş analara süd verərkən tibbi maskadan istifadə etməyi və gigiyena qaydalarına əməl etməy tövsiyə edirik”.

Hamısını Göstər

Related Articles

Sizin Üçün Seçilmiş
Close
Back to top button