İrəvan bu xəbəri təkzib etmir, Bakı isə susur …
Üçtərəfli görüşün noyabrın birinci ongünlüyündə Moskvada baş tuta biləcəyi haqda xəbərlər yayılsa da, hələ də rəsmi Bakı buna reaksiya verməyib, İrəvan isə əksinə…
Rusiya, Ermənistan və Azərbaycan liderləri – Vladimir Putin, Nikol Paşinyan və İlham Əliyevin üçtərəfli görüşünün noyabrın birinci ongünlüyündə Moskvada baş tuta biləcəyi haqda xəbərlər yayılsa da, hələ rəsmi Bakı buna reaksiya verməyib. Xatırladaq ki, iddia olunur ki, noyabrın 8-i və ya 9-da danışıqların baş tutacağı, sonda üçtərəfli bəyanatların imzalanması gözlənilir. “Sənəd Ermənistan və Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası prosesinə aid olacaq. Bu proses mürəkkəbdir və tərəflər Rusiyanın vasitəçiliyi ilə problemin həlli yolunu tapmaq üçün özləri üçün ”yol xəritəsi” müəyyən edəcəklər”, – deyə xəbərlərdə bildirilir.
Rusiya prezidentinin mətbuat katibi belə bir görüşün ola biləcəyi haqda birmənalı fikir bildirməsə də, Ermənistanda nəinki bu barədə danışılır, hətta erməni müxalifəti artıq “imzalanacaq sənədlərə etiraz olaraq” mitinqlərə qərar verir. Son olaraq, Ermənistan xarici işlər naziri Ararat Mirzoyan da Azərbaycan və Ermənistan arasında noyabrın əvvəllərində Moskvada yeni razılaşmanın imzalanacağı ilə bağlı xəbərə reaksiya verib. Xarici işlər naziri belə bir sənədin imzalana biləcəyini təkzib etməyib.
“Hazırda müxtəlif formatda görüşlər barədə təkliflər daxil olur. İstisna olunmur ki, görüşlərdən birində tərəflərin öncədən razılaşdırdığı sənəd imzalansın. Amma məhz mətbuatda adıçəkilən sənədlərin imzalanması planlaşdırılmır”, – deyə Mirzoyan söyləyib. Ararat Mirzoyan hazırda Azərbaycan və Ermənistan liderləri arasında konkret görüş tarixinin razılaşdırılmadığını əlavə edib. Bu görüş iddialarını isə rəsmi Bakı reaksiyasız buraxmağa üstünlük verir.
Bu susqunluğun səbəbi nə ola bilər? Ortada netləşmiş mövqe yoxdur, yoxsa Ermənistanın son anda razılaşmadan imtina edəcəyindən ehtiyat edilir? Ola bilərmi ki, Ermənistan hakimiyyəti bu xəbərləri tirajlamaqla erməni müxalifətinin müqavimətini təşkil etmək, bu bahənələrlə yeni öhdəliklərə imza atmaqdan imtina etməyi planlaşdırsın?

Hikmət Babaoğlu
YAP-çı deputat Hikmət Babaoğlu “Yeni Müsavat”da sualları bu cür cavabladı: “Hazırda postmüharibə dövrünün birinci ilini tamamlamaq üzrəyik. Bu bir il ərzində müharibə yalnız döyüş meydanında bitmiş hesab oluna bilər. Digər bütün siyasi-diplomatik, informasiya və s. platformalarda müharibə tam şiddəti ilə davam etməkdədir. Elə son günlərədək bəzi qonşu ölkələrin gərginliyi daha da artıraraq əsassız iddialarla çıxış etməsi və dolayısı ilə Azərbaycanı yeni siyasi-psixoloji müharibəyə cəlb etməsi az qala hələ də siyasi gündəmi təşkil edən əsas mövzulardan biridir. Rusiya prezidentinin Valday klubunda səsləndirdiyi fikirlər, Türkiyə Prezidentinin ABŞ prezidenti ilə mümkün görüşündə Qafqazda yeni reallıqları müzakirə edəcəyi ilə bağlı açıqlamaları da əslində Azərbaycanın yaratdığı gerçəkliyin miqyasının və onun əhəmiyyətinin nə qədər böyük olmasının göstəricisidir. Ona görə də olduqca həssas bir mərhələdən keçirik və bu mərhələdə hansısa mümkün razılaşmaların mətninin və vaxtının açıqlanması bəzən ümumu işin xeyrinə olmaya bilər. Rəsmi Bakının təmkinli davranmağını bir az da bununla əlaqələndirmək olar. İknci səbəb kimi isə qarşı tərəfin, yəni Ermənistanın daima nümayiş etdirdiyi sürüşkən mövqe həmişə rəsmi Bakını ehtiyatlı davranmağa vadar edir ki, bu gözardı ediləcək qədər kiçik faktor deyil. Məsələnin Ermənistan tərəfindən ictimailəşdirilməsinin isə birdən çox səbəbi ola bilər. Belə ki, imzalanması nəzərdə tutulan mümkün sənədlərin mətninin Paşinyandan xəbərsiz onun komanda üzvləri tərəfindən qəsdən mətbuata sızdırılması, ya elə Paşinyanın özünün ictimai reaksiyanı öyrənmək, ya da mitinqləri danışıqlar masasında əlini gücləndirən alətə çevirmək üçün bunu mətbuata üçüncü tərəflər vasitəsilə bilərəkdən özünün ötürməsi ehtimal edilə bilər. Ancaq bunun necə baş verməsindən asılı olmayaraq reallıq ondan ibarətdir ki, ortada müzakirə olunan ciddi bir sənəd var və bu, gec-tez razılaşdırılmağa məhkumdur. Çünki hazırkı tarixi mərhələdə rəsmi Bakı həm müharibədə tarixi qələbə qazanıb, həm də postmüharibə dövründə hibrid müharibənin bütün komponentləri ilə Azərbaycana qarşı təşkil edilən hücumları məharətlə dəf edə bilib. Ona görə də Ermənistan Azərbaycanın haqlı mövqeyini və tələblərini qəbul etməyə məhkumdur. Əslində imzalanacağı güman edilən iki maddəlik sənədin birinci maddəsi ilə bağlı heç bir problem görünmür. Yəni Ermənistanın baş naziri açıq şəkildə sərhədlərin delimitasiya və demarkasiyasının Rusiyanın təklif etdiyi xəritələr əsasında qəbul etdiyini bildirib. Elə mümkün ikinci maddənin də birinci bəndi üzrə, yəni Zəngəzur dəhlizinin dəmir yolu kommunikasiyası ilə bağlı məsələ çox güman ki, razılaşdırılıb. Ermənilər avtomobil nəqliyyatı yolu və dəhliz ifadəsinə müqavimət göstərməyə çalışırlar. Çünki Zəngəzur Dəhlizi Laçın dəhlizi ilə eyni statusda olmalı və hər iki dəhliz üzrə nəqliyyat eyni şərtlər içərisində realizə olunmalıdır. Ermənistandakı radikallar bunu ölkələrinin suverenliyinin məhdudlaşdırılması və bütövlükdə Qərbi Zəngəzurun itirilməsi kimi görürlər. Ancaq istəsələr də, istəməsələr də bu reallıqdan qaça bilməyəcəklər”.

Əziz Əlibəyli
Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli sülh müqaviləsinin imzalanacağı iddia edilən günlərin təsadüfi olmadığını bildirdi: “Bu, çox kritik bir məsələdir. Bilirsiniz ki, tərəflərin gözlədiyi ən vacib detal sülh müqaviləsinin imzalanması olmalıdır. Digər proseslər artıq ikinci dərəcəli mahiyyət daşıyır. Düşünürəm ki, burada ilk növbədə 8-9 noyabr tarixlərinin səsləndirilməsi təsadüfi deyil. Bilirsiniz ki, bu tarix müharibənin bitməsinin bir illiyinə düşür. Düşünürəm ki, son bir ildə tərəflər, yəni Azərbaycan, Ermənistan və Rusiya prosesləri dəyərləndirəcək yol keçiblər. Digər tərəfdən, regiona proseslər üzərindən daxil olmağa çalışan gücləri gördük. Son bir il artıq göstərir ki, heç bir tərəfə proseslərin uzanması sərf eləmir. Xüsusilə bunun qarantı olan Rusiyaya. Rusiyanın imici, Putinin şəxsi imzası burada həlledici faktorlardan sayılır. Azərbaycan prosesləri dəyərləndirir, Ermənistan isə asılı durumdadır və gələcək qeyri-müəyyəndir. Hər tərəf razıdır ki, proses tezliklə həll olunsun. Azərbaycanın qazandığı dividentlər göz qabağındadır. Ermənistanda isə revanşistlərin hakimiyyət iddialarından dolayı niyyətlərinin tamamilə puç olmaq üzrə olduğu bir məqam görürəm. Onun üçün də çalışırlar ki, proseslərə zərbə vursunlar. Paşinyanın gözlənilən görüşə qatılıb, sənədə imza atmasına mane olmağa çalışırlar. Biz bütün bunları Ermənistanın daxili prosesləri kimi nəzərdən keçiririk. Azərbaycanın xarici siyasətində bir xətt var, bu imzalanacaqsa, biz artıq bundan məlumatlı olacağıq. Burada güzəştə getməyə məcbur edilən tərəf Ermənistandır. Xarici güclərin bu proseslərə mane olmaq cəhdləri çox ciddi ölçüdədir. Onun üçün də gizlin proses aparılmalıdır. Bölgədə yeni konfiqurasiya formalaşdırılır. Bu konfiqurasiya bundan sonra bəlkə də 2050-ci ilə qədər siyasi vizyonu müəyyən etməlidir. Bağlı qapılar arasında çox ciddi proseslərin getdiyini düşünürəm. Ərdoğanın Azərbaycana da səfərində prezidentlərin bu kontekstdə müzakirələr apardıqlarını zənn edirəm. Amma bunun 8-9 noyabr tarixlərinə təsadüf edəcəyi iddiasını səsləndirmək istəmirəm. Maksimum vaxt desək, yanvar ayından danışa bilərik”.



