Şoyqunun imzaladığı Gorus sənədi Ermənistanı qarışdırıb – hakimiyyətə “gizli razılaşmalar” ittihamı…
Erməni ordusunun yazılı əmr əsasında geri çəkilməsi və Gorus-Qafan yolunun 21 kilometrlik hissəsinin Azərbaycanın nəzarətinə keçməsi müxalifətə Paşinyana yeni hücumlar etmək imkanı yaradıb; ekspert: “Bu sənədə gizli imza atılması göstərir ki, Paşinyan müxalifətdən qorxur, amma…”
Ermənistanda revanşist qüvvələrə Paşinyanı “satqın çıxarmaq üçün” yeni bəhanələr yaranıb. Erməni ordusunun qalıqlarının 2020-ci ilin dekabrında Zəngəzurda Qubadlı rayonu istiqamətindəki mövqelərdən geri çəkilməsinin və Gorus-Qafan yolunun Azərbaycanın nəzarətinə keçməsinin bəzi detallarının məlum olması hakimiyyətə ittihamları gücləndirib. Baş Qərargah rəisi Artak Davtyan deputat sorğusuna cavab məktubunda açıqlayıb ki, 2020-ci ilin dekabrında Ermənistan ordusunun hissələri və könüllülərdən ibarət dəstələr yazılı əmr əsasında 20 kilometr geri çəkilib.
“Yeni Müsavat” yada salır ki, nəticədə Gorus-Qafan yolunun 21 kilometrlik hissəsi Azərbaycanın nəzarətinə keçib. Hərbi birləşmələrin geri çəkilməsinə dair sənəddə Ermənistanın o vaxtkı müdafiə naziri ilə yanaşı Rusiya müdafiə naziri Sergey Şoyqunun da imzası olub. Bu isə müxalifətə Paşinyana qarşı yeni hücumlar təşkil etməyə imkan yaradıb. Müxalifət bəyan edib ki, münaqişə tərəfləri arasında 10 noyabr sazişindən sonra başqa sənədlər də imzalanıb. Lakin həmin sənədlər məxfi sayıldığından Baş Qərargah onları açıqlaya bilmir.
Geğam Manukyan
Erməni müxalifəti hazırda ölkədaxili siyasi gərginliyi məhz bu mövzu üzərindən artırmağa çalışır. Müxalif “Hayastan” fraksiyasının deputatı Geğam Manukyanın iddiasına görə, hakimiyyət bundan əvvəl uzun müddət bu barədə tamam başqa məlumat vermişdi. Onun sözlərinə görə hökumət bildirmişdi ki, Ermənistan qoşunları onların nəzarətində olan Qubadlı və Zəngilan rayonlarından şifahi razılaşma əsasında geri çəkilib:
“Bir məsələ aydındır. Ermənistan silahlı qüvvələri baş qərargah rəisi Artak Davtyanın imzaladığı məktubdan görünür ki, Ermənistan silahlı qüvvələri və könüllü dəstələr 2020-ci ilin dekabrında Sünikdə təxminən 20 kilometr geri çəkiliblər və Gorus-Qafan yolunun 21 kilometrlik hissəsi yazılı sənəd əsasında Azərbaycanın nəzarətinə keçib. Bu, məxfi sənəddir və mən onu tam şəkildə dərc edə bilmərəm. Mən məxfi məlumat olan bu sənədi dərc etməmək üçün öhdəlik götürmüşəm”. Bəs Paşinyan daxildəki yeni gərginliyi durdura bilməsə, nə baş verə bilər? Baş nazirin hansısa gizli razılaşmaya qol çəkməsi və ya xəbərdar olması gerçəkdirmi?
“Əslində bütün bu məsələlərin kökündə 10 noyabr bəyanatı dayanır. Məhz üçtərəfli sənəd sual kimi qalan məsələlərin cavabıdır. Faktiki olaraq, Ermənistan Paşinyanın timsalında öhdəlikər götürüb. Sadəcə, onların icrası keçmiş cinayətkar klanın və müxalifətin təzyiqləri, populist çıxışları ucbatından mümkün olmur. Onlar hər vəchlə məğlubiyyəti Paşinyanın ayağına yazmaq istəyirlər. Amma gözəl bilirlər ki, Azərbaycan Ordusu həmin keçmiş klanın qurduğu erməni ordusunu məhv edib”, – Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Xəyal Bəşirov “Yeni Müsavat”a bu mövzunu belə şərh etdi. Onun fikrincə, Paşinyan yaxşı anlayır ki, Qarabağ məsələsi xərçəng xəstəliyi kimidir və problemdən qurtulmaq lazımdır: “Həmin üzə çıxan sənəd də bu prosesin tərkib hissəsidir. Bu sənədin aşkara çıxması sübut edir ki, sülhməramlılar onları götürdükləri öhdəlikləri yerinə yetirməyə məcbur edib. Onlar təkcə təxribatın qarşısını almağa mükəlləf deyil, həm də bu istiqamətdə addımlar atmaq missiyaları var. Ona görə erməni ordusunun Gorus-Qafan yolunun 21 km-dən çəkilməsi sərhədlərin delimitasiyasına şərait yaradan addımlardan biridir”.
Xəyal Bəşirov
Ekspertin sözlərinə görə, artıq ermənipərəst Fransa da sərhədlərin müəyyənləşməsini sürətləndirməyi tələb edir: “Eyni zamanda Ermənistanın sədrlik etdiyi KTMT-yə üzv ölkələr də bu məsələdə maraqlıdır. Çünki sərhədlərin dəqiqləşdirilməsi onlara da lazımdır. Ona görə bu sənədə gizli şəkildə imza atılması göstərir ki, Paşinyan müxalifətdən qorxur, özünü və ailəsini sığortalamaq üçün məxfi şəkildə iş aparır. Paşinyan bununla təsdiq edir ki, 10 noyabr və 11 yanvar bəyannamələrinə riayət etməyin məsuliyyətini anlayır.
Odur ki, bizə məlum olmayan, erməni cəmiyyətinə də sirr olan yeni sənədlərin imzalanması belə mümkündür. Xüsusən də Zəngəzur dəhlizi ilə bağlı sənədlərin imzalanması gözləntim var. Amma indidən ictimaiyyətə açıqlanmaması normaldır, gedişata maneçilik törədə bilər. Bu da keçmiş münaqişənin tam həlli istiqamətində gedən prosesdir. Paşinyan addım-addım ictimai rəyi reallığa alışdırmağa çalışır. Bunu birdən etsə, hakimiyyəti üçün təhlükə yarana bilər. Əslində proses Azərbaycanın maraqları çərçivəsində inkişaf edir”.
Fuad Əliyev
Azərbaycan Liberal-Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyevin sözlərinə görə, Paşinyanın müharibədə məğlubiyyətdən sonra ittihamlarla üzləşəcəyi, təzyiqlər olacağı gözlənilən idi. ALDP sədri bütün günahların hakimiyyətin boynuna biçilməsini normal sayır: “Çünki məğlubiyyət yetimdir. Serjik sərkisyanlar, köçəryanlar öz işğalçı, barbar əməllərinə görə Ermənistanın bu gün hansı vəziyyətə düşdüyünü etiraf etmək istəmirlər. Bu problemlər Paşinyanın dövründə yaranmayıb. Amma müharibədən sonra keçirilən seçki göstərdi ki, cəmiyyət istər gizli sövdələşmələr, istər məxfi sazişlər olsun, Paşinyanı dəstəkləyir, müxalifətə nifrət edir. Ona görə bu sənədin üzə çıxmasından müxalifət imitasiya edə bilər, reallığı isə ağlı başında olan siyasətçilər qəbul edir. Yəni bu yolla xalqı Paşinyanın üzərinə qaldırmaq mümkün deyil”. F.Əliyev hesab edir ki, Ermənistan siyasi böhran dövrünü yaşayır: “Türkiyə və Azərbaycanla normal münasibətlər qurduqdan, erməni əhalisinin iqtisadi həyatında bu əlaqələrin gətirəcəyi sosial dirçəliş olduqdan sonra Paşinyana qarşı arqumentlər də azalacaq. Hazırda Zəngəzura görə də hakimiyyəti ittiham edir, torpaqları satmaqda günahlandırırlar. Amma delimitasiya prosesinin mahiyyəti budur ki, sərhədlər dəqiq olmalıdır”.