“Ən böyük problemimiz sülhməramlılardır”
“Paşinyan Sarqsyandan və Koçaryandan dəfələrlə ağıllı adamdır”
Başa çatan 2021-ci ildə Azərbaycan sosial, siyasi və iqtisadi sahədə bir sıra addımlar atdı. Ələlxüsus işğaldan azad olunan Qarabağda görülən işlər böyük əhəmiyyət kəsb edir. Bununla yanaşı, 2022-ci ildə bu işlərin daha da genişləndirilməsi və hələ ki, nəzarətimizdən kənarda qalan ərazilərimizdə suverenliyimizin bərpası istiqamətində atılacaq addımlarla bağlı müəyyən gözləntilər var.
Bu mövzuyla bağlı “AzPolitika.info”-nun suallarını millət vəkili Vahid Əhmədov cavablandırıb:
– Vahid müəllim, 2021-ci il başa çatır. Sizcə, bu il Azərbaycan üçün iqtisadi, siyasi və sosial baxımdan nələrlə yadda qalacaq?
– Məncə, 2021-ci ili Azərbaycan üçün ən uğurlu illərdən biri kimi qiymətləndirmək mümkündür. Ən böyük uğurumuz ondan ibarətdir ki, son bir ildə işğaldan azad edilən ərazilərimizdə böyük işlər görmüşük. Məsələn, qısa müddət ərzində Füzuli Beynəlxalq Hava Limanının açılışı oldu. Eyni zamanda Zəfər yolu çəkildi. İşğaldan azad edilən rayonlarımızın baş planı işlənib hazırlanıb. İnfrastruktur layihələri həyata keçirilməyə başlanıldı, yollar çəkildi, böyük tikinti-bərpa işləri həyata keçirildi. Bu proseslər indi də davam edir. Nəhayət, biz artıq işğaldan azad olunan ərazilərdə yaşayış binalarının, evlərin tikildiyini görürük. Bir sözlə, böyük iş görülüb. Ola bilsin ki, digər ölkələrdə bu işi ən yaxşı halda beş ilə görərdilər, amma bizdə bir ilə görüldü. Bunun da əsas səbəbi odur ki, Azərbaycan Prezidenti son bir ildə şəxsən özü görülən işlərə nəzarət edib.
Səhv etmirəmsə, dövlət başçısı son bir ildə təxminən 10 və ya 11 dəfə işğaldan azad edilən ərazilərdə olub, görülən işlərlə bilavasitə tanış olub, göstərişlərini verib və prosesə şəxsən özü nəzarət etməkdədir. Diqqət etdinizsə, sonuncu dəfə Prezident Hadrut qəsəbəsində xüsusi hərbi hissənin açılışında iştirak etdi, buradan da Şuşaya səfər etdi. Bir sözlə, bu məsələ daim diqqət mərkəzində olub. Hesab edirəm ki, bu istiqamətdə uğurlarımız var və bunu xüsusi qeyd etmək vacibdir.
Bununla yanaşı, siyasi sahədə uğurlarımız daha çoxdur. Əvvəla, Azərbaycan 2020-ci ildə 44 günlük Vətən müharibəsi apardı, tarixi torpaqlarını işğaldan azad etdi. 2021-ci ildə isə keçirilən bir sıra beynəlxalq tədbirlərdə və ikitərəfli görüşlərdə bütün ölkələr Azərbaycanı işğal altında qalan torpaqları azad etdiyinə görə təbrik etdilər və ərazi bütövlüyümüzü tanıdılar. Həmçinin, müharibə ilə əlaqədar bizə təpkilər olmadı. İstər Avropa, istər Amerika, istərsə də qonşu dövlətlər olsun. Onlar vəziyyəti qəbul etməli oldular və regionda yaranan yeni reallığın dəyişməyəcəyi ilə hesablaşdılar. Bu da bizim üçün böyük əhəmiyyət kəsb edir.
Fərqli fikirlər olsa da, mən hesab edirəm ki, 2021-ci ildə informasiya sahəsində də müəyyən uğurlarımız oldu. Fikir verirsinizsə, Ermənistanda Baş nazir başda olmaqla, artıq çoxları Qarabağ məsələsində Azərbaycanın haqlı tərəf olduğunu etiraf edir. Həmçinin, artıq Zəngəzur dəhlizinin açılması da zaman məsələsidir. Mən hesab edirəm ki, 2022-ci ildə dəhlizin açılmasının şahidi olacağıq. Odur ki, bu məsələdə də üstünlüklərimiz oldu. Sosial sahədə, əlbəttə, müəyyən problemlərimiz var. Eyni zamanda, son vaxtlar dövlət başçısı bir sıra fərmanlar və sənədlər imzalayıb. Hesab edirəm ki, bu da sosial sahəyə öz təsirini göstərəcək. Mən demirəm ki, problemlər yoxdur, əlbəttə var. Problemlərin müəyyən hissəsinin həlli 2022-ci ilə keçir. 2022-ci ildə bu işlərlə daha ciddi məşğul olmalıyıq, əhalimiz yaxşı yaşamalıdır.
Bütün hallarda 2021-ci il Azərbaycan üçün uğurlu illərdən biri oldu.
– 2022-ci ildə Qarabağla bağlı gözləntiləriniz nədən ibarətdir?
– Mən hər zaman demişəm, bu məsələdə bizi narahat edən bir məsələ var. Bu da hələlik orada Rusiya sülhməramlılarının olmasıdır. Bu bizə problemlər yarada bilər. İmzalanmış üçtərəfli sazişin müəyyən bəndləri yerinə yetirilmir. Məsələn, Xankəndi və ətrafındakı erməni terrorçuları təmizlənib ərazidən çıxarılmadı, 2021-ci ildə müəyyən toqquşmalar müşahidə edildi, postumuza hansısa separatçı qumbara atdı və s. Eyni zamanda şəhid olan əsgərlərimiz var. Yəni problemlər oldu. Bəli, onlar üçtərəfli sazişdə öz üzərlərinə götürdükləri öhdəliklərin müəyyən hissəsini yerinə yetirmədilər. Bu da bizim üçün problemdir. Mənə görə, Qarabağ məsələsində ən ciddi problem rus sülhməramlılarının orada olmasıdır. Bizim üçün ikinci vacib məsələ 2022-ci ildə Zəngəzur dəhlizinin açılmasıdır. Hesab edirəm ki, bu layihə həm baş tutacaq, həm də müəyyən qədər özü ilə sabitlik gətirəcək.
Üçüncü vacib məsələ Azərbaycanın ərazi bütövlüyünün Ermənistan tərəfindən tanınmasıdır. Bu, bizim üçün böyük əhəmiyyət daşıyır. Əgər sülh müqaviləsi imzalanacaqsa, həmin sənəddə Azərbaycanın ərazi bütövlüyünün Ermənistan tərəfindən tanınması olduqca vacibdir. Mənim qənaətimcə, buna 2022-ci ildə nail olmalıyıq ki, məsələ növbəti illərə qalmasın. Yəni bu vacibdir. Bundan başqa, delimitasiya, demarkasiya, habelə bəzi xırda məsələlər var ki, bunların da hamısı öz həllini tapacaq. Düşünürəm ki, bu məsələlərdə problem olmayacaq. Əlbəttə, bir daha təkrarlayım ki, bizim üçün “başağrısı” Rusiya sülhməramlılarının orada olmasıdır. Bunun da yəqin ki, vaxtı var, müəyyən məsələlər var ki, onlar həll olunduqdan sonra bu problem də yoluna qoyulacaq.
Mən arxayınam ki, Türkiyə dövləti bölgədədir və bütün məsələlərdə, proseslərdə iştirak edir. Mən hiss edirəm ki, faktiki olaraq bölgədə Türkiyəsiz heç bir məsələ həll edilən deyil. Türkiyənin qardaş ölkə kimi burada olması, sözsüz ki, strateji əhəmiyyət kəsb edir. Nəhayət, biz çalışmalıyıq ki, 2022-ci ildə əhalimizi işğaldan azad edilən ərazilərə – doğma yurd-yuvalarına qaytaraq. Qarabağa nə qədər çox əhali köçərsə və orada həyat nə qədər tez canlanarsa, bu, bizim üçün bir o qədər müsbət hal olar. Ümid edirəm ki, 2022-ci ildə sadaladığım bu işləri həyata keçirə biləcəyik.
– Ermənistanın Baş naziri Nikol Paşinyanın “Facebook” üzərindən verdiyi Qarabağ açıqlaması ciddi müzakirə edildi, hətta öz ölkəsində müxalifətin fəallaşmasına, Xankəndindəki separatçıların Paşinyana qarşı çıxışlarına səbəb oldu. Paşinyanın son açıqlamaları Azərbaycanla Ermənistan arasında münasibətlərin tənzimlənməsinə dair hansı ümidlər verir?
– Nikol Paşinyan Serj Sarqsyandan və Robert Koçaryandan dəfələrlə ağıllı adamdır. Paşinyan anlayır ki, artıq bu məsələ həll edilib. Ona nə qədər kənardan desələr də ki, sizə kömək edəcəyik, yardım olunacaq və s, adam bilir ki, reallıq nədən ibarətdir. Faktiki status məsələsi yoxdur və məsələ yalnız sülh müqaviləsi imzalanması ilə həll olunacaq. Paşinyan həm də başa düşür ki, əgər Türkiyə və Azərbaycanla münasibətləri normallaşdırmasa, gələcəkdə erməni dövlətçiliyinin mövcudluğu şübhə altına düşəcək. Çünki Azərbaycan və Türkiyə güclənir, bölgədə söz sahibinə çevrilir. Fakt odur ki, Azərbaycanın qələbəsini bütün ölkələr “həzm etdi”. Hətta, daim Ermənistanın yanında olan, bizə qarşı çıxan Fransa kimi dövlət sonradan çalışdı ki, Azərbaycanla əlaqələri düzəltsin. Brüsseldə Prezident Makron Azərbaycan dövlət başçısı ilə görüşdü. Mən hesab edirəm ki, artıq ermənilər anlayır ki, başqa çıxış yolu yoxdur. Ola bilsin ki, müəyyən təxribatlar yaratsınlar, nələrsə etsinlər və s. Amma Azərbaycanın da bu təxribatların qarşısını almaq üçün kifayət qədər imkanı var. Son variantda “dəmir yumruq” hazırdır və cavablarını alacaqlar. Silahımız da, sursatlmız da, gücümüz də var.
– Separatçıların lideri Araik Arutunyanın fəallaşması, Paşinyana qarşı çıxması müşahidə olunur. Sanki “Qarabağ klanı” Paşinyana qarşı vahid mövqe formalaşdırır…
– Açığını deyim ki, Paşinyanın devrilməsi bizə sərf etmir. Bu posesi sona çatdırmaq lazımdır. Əlbəttə, Paşinyan erməni cəmiyyəti və müxalifət qarşısında müəyyən şüarlar söyləyə bilər. Amma onun tutduğu yol düz yoldur. O mənada ki, Azərbaycan və Türkiyə ilə münasibətləri bəlli səviyyəyə çatdırmaq, əlaqələr qurmaq istəyir. İkincisi, onun devrilməsində Qərbin marağı yoxdur. Rusiya dövləti və digər qüvvələr ola bilsin ki, Paşinyana müəyyən təzyiqlər etsin. Ən ağır vaxtda Paşinyan seçkilərə getdi və qələbə qazandı. Yəni etimad əldə etdi. Aydındır ki, Koçaryana və ya Sarqsyana bağlı qüvvələr müəyyən təxribatlar törədə bilərlər. Eləcə də sərhəddə bəlli təxribatların olması mümkündür. Lakin “dəmir yumruq” hazırdır və lazım olanda bunun dadını görəcəklər.
Araik Arutunyanın fəallaşmasına gəldikdə, onlar başa düşürlər ki, məsələ bitib. Xankəndi daxil olmaqla məlum ərazilər Azərbaycanın suveren torpaqlarıdır və Qarabağ iqtisadi zonasına daxildir. Sabah həmin ərazilərdə Azərbaycanın dövlət atributları olanda, bayrağımız dalğalananda Araik orada qala bilməz. Araikin yerinə Azərbycan vətəndaşı olan bir başqası işləyəcək. Belə məsələlər var və onlar bunu anlayırlar.
– Bu fəallaşmada Rusiyanın marağı, yaxud rolu ola bilərmi?
– Qeyd etdim, harda Rusiya varsa, orada həm də problem var. Bu, gizli məsələ də deyil. Biz bunu Ukraynada, Gürcüstanda, Moldovada və nəhayətdə Qarabağda görmüşük. Əlbəttə, Rusiyanın marağı odur ki, daim orada münaqişə olsun və o da bundan istifadə edərək hər iki tərəfə təzyiq etsin. Amma regionda vəziyyət, tarixi düzən dəyişib. Azərbaycan dövlət başçısı faktiki olaraq müstəqil və açıq siyasət aparır. Əlbəttə, biz ehtiyatlı olmalıyıq. Eləcə də daxildə ehtiyatlı olmalıyıq, problemimiz olmamalıdır. Ona görə də sosial problemləri həll etməliyik ki, əhali normal yaşaya bilsin.