Məğlub “Demokratın” faciəsi – Paşinyan Qazaxıstan hadisələrində özünü necə “batırdı?”
Qazaxıstanda silah gücünə yatırılan etirazlar Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) sədrlik dönəminə təsadüf etdi. Prezident Kasım-Jomart Tokayev yanvarın 5-də bu təşkilatdan hərbi yardım istəmişdi. Baş nazir Nikol Paşinyan da üzv dövlətlərin başçıları ilə qısa məşvərətdən sonra, KTMT Qazaxıstana sülhməramlı qüvvələrin göndərilməsi barədə qərar vermişdi. 3750 nəfərlik hərbi kontingentin təxminən 3 min nəfəri Rusiya hava-desant qüvvələrinin hərbçiləri, cəmi 70 nəfəri isə Ermənistandan göndərilən kömək idi.
Könüllü özünümüdafiə dəstələrinə bənzəyən erməni sülhməramlıları elə İrəvan hava limanından tənqid, gülüş obyektinə çevrilmişdi. Bir-birindən fərqli geyim, hərbçidən daha çox başqa peşə sahiblərinə bənzəyən əsgərləri təkcə bu çatışmazlıqlar qınağa tuş gətirməmişdi. Erməni fəallarından birinin sosial şəbəkələrdə trendə çevrilən “bunlar gedib Qazaxıstanda da əsir düşməsələr yaxşıdır…” statusu 44 günlük müharibədən sonra darmadağın olmuş ordunun cəmiyyətdəki imicindən xəbər verirdi. Həm də “demokrat”, Baydenin demokratiya sammitinin fəxri qonağı olan Paşinyanın bu addımı qəzəb və ironiya doğurmuşdu. Qazaxıstanda baş verənlərin mahiyyəti məlumdur, elə dünən parlamentdəki çıxışında Tokayev də etiraf etdi ki, ölkədə yarıtmaz idarəçilik, üst-üstə qalaqlanmış problemlər əhalini təngə gətirib. O, fakt təqdim etmədən əvvəlcə xarici terrorçulardan, onların “misli görünməmiş” hücumlarından bəhs etsə də, indi valı dəyişib, günahı Nazarbayev klanının üstünə atmağa çalışır. İndi Rusiya və Belarus prezidentlərindən başqa Qazaxıstan olaylarını “rəngli inqilab”, “terror hücumu” adlandıran yoxdur. Bəllidir ki, Qərblə gərgin qarşıdurma içərisində olan Putin-Lukaşenko cütlüyü niyə belə “rəngli” mövqe sərgiləyir…
Qırğızıstan ilk gündən fərqli mövqe tutdu, parlament Qazaxıstana ordu göndərmək istəmədi. Bir gün sonra qərar qəbul edilsə də, bu KTMT üzü daha çox Qazaxıstana iki nota təqdim etməsi ilə yadda qaldı. Bu notalarda terrorçu kimi həbs edilən qırğız musiqiçinin dərhal azad edilməsi tələb edilirdi və Tokayev tərəfindən yerinə yetirildi.
Bəs Paşinyanın mövqeyi nədir? İnqilabaçı lider Qazaxıstandakı hadisələri terror hücumu, xalq ayaqlanması, yoxsa Rusiya xüsusi xidmət orqanlarının ustalıqla təşkil etdiyi və Nazarbayev klanının çöküşü üçün təşkil olunmuş təxribat sayır? Ermənistanda bu sualları bir neçə gündür verirlər, Paşinyan hökuməti isə İrəvanın KTMT öhdəliyini xatırlatmaqla kifayətlənir, amma onun yaxasını belə asanlıqla qurtarması inandırıcı deyil. Xüsusən, KTMT liderlərinin son toplantısında Putinin səsləndirdiyi fikirlər Paşinyanı divara dirədi. Kreml sahibi “biz öz ərazilərimizdə rəngli inqlibalara yol verməyəcəyik” dedi. O, “ərazi” deyərkən KTMT ölkələrini nəzərdə tuturdu və bura 2018-ci ildə inqilab yolu ilə hakimiyyət dəyişikliyi baş vermiş Ermənistan da daxildir. Baş nazir məhz həmin inqilab sayəsində Rusiyapərəst liderləri devirərək iqtidara gəlib. Bu paradoks bəlkə də Paşinyanın KTMT klubuna nə qədər yad olduğunu göstərərdi, amma o son davranışları ilə mahiyyətcə o qədər də fərqli olmadığını nümayiş etdirdi. Yəni Putinin qəzəbinə gəlməmək üçün çox şeyə hazırdır, hətta demokrat imcinin yerlə bir olmasına da.
Tokayev vəd edib ki, 10 gün ərzində KTMT hərbçiləri Qazaxıstandan çıxacaq. Bunun Prezidentin dediyi şəkildə baş verəcəyi o qədər də inandırıcı deyil. Amma sülhməramlılar Qazaxıstanı tərk etsələr belə, Putin artıq bir istəyinə nail oldu. O, lazım olanda silahlı qüvvələri öz çevrəsindəki avtoritar liderləri qorumaq üçün göndərməyə hazırdı. Bu, həm də xalqı ilə düşmən olan prezidentlər üçün təhlükəsizlik qarantiyası sayıla bilər. Maraqlıdır, özünü hər fürsətdə Qərbin demokrat müttəfiqi kimi təqdim etməyə cəhd edən Paşinyan bu haqda nə düşünür? Rəngli inqilabları görməyə gözü olmayan Putinlə bir masada oturmağın nə qədər təhlükəli olduğunu, bir gün həmin “sülhməramlıların” İrəvanda peydə olmayacağına heç bir qarantiyanın mövcud olmadığını bilirmi?