Erməni sülhməramlılarına “böyük” etimad: Digərləri strateji obyektləri, onlar çörək sexini qoruyur

Bir neçə gün bundan əvvəl Ermənistanın Qazaxıstana sülhməramlı missiyanın icrası üçün 70-ə yaxın əsgər tapıb ortaya çıxara bilməsi hətta onların özləri arasında da təəccüblə qarşılanmışdı. Təəccüb doğurmayan bircə məqam vardısa, o da bu kontingentin müvafiq missiya üçün zəruri bacarıq və imkanlara sahib olması ehtimalının sıfıra bərabər olması idi.

Ermənistan ordusunun, onun sülhməramlı dəstəsinin aciz durumu ilə bağlı bu amil isə görünür, sülhməramlı missiya komandanlığının da diqqətindən yayınmayıb.

Belə ki, vəzifə bölgüsü zamanı necə deyərlər hərəyə öz “dişinə görə” vəzifə tapşırılıb. Müvafiq olaraq Rusiya sülhməramlılarına strateji əhəmiyyətli Almatı hava limanı və “Kazaxtelekom”un mühafizəsi, Tacikistan sülhməramlılarına isə elektrik stansiyasının mühafizəsi həvalə edilib.

Erməni sülhməramlıları üçün xidmət yeri kimi isə olduqca “mühüm” bir obyekt – çörək sexi seçilib.

Bununla erməni sülhməramlı kontingentinin varlığına və imkanlarına olduqca real “dəyər” verilib desək, yanılmarıq.

Axı mühüm missiyaların icrası üçün kontingentin bacarıq və imkanlarının yüksək səviyyədə olması zəruri tələb sayılır. Darmadağın edilmiş erməni ordusunun qalıqları arasından seçilmiş bu sınıq-salxaq dəstənin isə heç də tələblərə uyğun gəldiyini söyləmək olmaz.

Odur ki, elə sülhməramlı missiya komandanlığı da bu cür “şücaətli” birlik üçün ən yaxşısının çörək sexinin qarşısında keşik çəkmək olduğu qənaətinə gəlib…

Xatırladaq ki, Azərbaycan ordusunun sülhməramlıları da müxtəlif missiyalarda təmsil olunub və özünün yüksək bacarıq və imkanları ilə daim fərqlənib. Təkcə son olaraq Əfqanıstanda xidmət göstərən sülhməramlılarımızın fəaliyyətinə nəzər salmaq kifayətdir. Çünki bu ölkədə Azərbaycan sülhməramlıları ən mühüm obyektlərdən birinə Kabil hava limanına türkiyəli həmkarları ilə birlikdə nəzarət edirdilər.

Hamısını Göstər

Related Articles

Back to top button