Şuşada Ermənistan bayrağı… – Yalnız bu halda ola bilər!
Ermənistan üzləşdiyi bunca faciələrdən sonra da özünü adekvat apara bilmir. 44 günlük müharibəyə qədər də erməni rəhbərlərin hamısı (eks-prezident Levon Ter-Petrosyan qismən istisnadır, onu da devirdilər) gerçəyi görməzlikdən gəlirdilər. Yalançı qələbənin eyforiyasından çıxa bilmir, “göylə” gedirdilər.
Hətta Bakının “Dağlıq Qarabağ”a az qala, müstəqilliyə yaxın status vermək təklifini xırda güzəşt hesab edir, yaxına buraxmırdılar. Azərbaycana təhqiramiz şərtlər irəli sürürdülər. Bizimlə məzələnir, milli heysiyyatımızla oynayırdılar. İpə-sapa yatmır, söz-zad qanmırdılar.
Məsələn, mifik “dqr”in bir üzdəniraq “xin” başçısı vardı. İllər öncə bizim rəsmilərdən biri deyəndə ki, gec-tez Şuşada Azərbaycan bayrağı dalğalanacaq, həmin kriminal zat istehzalı şəkildə belə demişdi: “Əlbəttə, dalğalanacaq. Amma Azərbaycan bizim müstəqilliyimizi tanıyandan və Şuşada xarici ölkə kimi öz konsulluğunu açandan sonra”.
Yaxud mədəniyyət paytaxtımız Şuşaya oyuncaq rejimin qondarma “parlamentini” köçürmək planı. Nəhayət, “Qarabağ Ermənistandır və nöqtə” sayıqlaması, Cıdır düzündə “Yallı”, daha nələr…
Hamısı başlarında çatladı, bəd niyyətləri gözlərində qaldı. Ona görə ki, ermənilərin saxta tarixləri kimi saxta Şuşa “sevgisi” Azərbaycan xalqının Qarabağ kədərindən və sevgisindən güclü ola bilmədi. Bilməzdi də. Məgər kimsə yadı öz doğmasından artıq sevə bilir? Erməni də ona məxsus olmayan Şuşanı, Qarabağı bizdən çox əzizləyə, onun qayğısına qala, onu cənnət-məkana çevirə bilməzdi. Özünün deyildi axı.
Düşmənin arzuları həm də ona görə çilik-çilik oldu ki, səbir kasamızda daha yer qalmamışdı. Ermənilərin bədbəxtliyi isə onda idi ki, “qələbə” eyforiyasının dumanı onları bu reallığı görməyə qoymurdu…
Amma gəl ki, özlərini təzədən yalançı ovqata kökləməyə, guya hələ hər şeyin bitmədiyinə inandırmağa çalışırlar. Guya Paşinyan hökuməti iqtidardan gedən kimi “artsax” məsələsini beynəlxalq gündəmə qaytaracaqlar. Elə Nikolun özü də deyəsən bu xəyalla yaşayır. Və guya 2-ci Qarabağ savaşını uduzan yalnız Nikol və komandası imiş. İşğalçı və “məğlubedilməz” erməni ordusu, “Qarabağ klanı və Köçəryan-Sərkisyan cinayətkar tandemi, daşnaklar, erməni katolikosu və keşiş-meşişlər, erməni lobbisi və dünya erməniliyi, ümumən erməni xalqı yox!
İndi də bizim ana südü kimi halal, tarixi yurd yerlərimizin adlarını uydurma erməni adları ilə adlandırmaqla, yazmaqla özlərinə təskinlik verir bu debil toplum. Bəzi erməni “ekspertləri” və yazarları isə özlərinə bu cür təsəlli verməyə başlayıblar ki, guya Azərbaycanın 44 günlük müharibədəki qələbədən sonrakı davranışı, ermənilərə “aşağılayacı münasibəti” və qələbə eyforiyası eynilə Ermənistanın 1-ci Qarabağ müharibəsində “qələbəsi”ndən sonrakı davranışı və eyforiyasının güzgüdəki əksidir.
Yəni, guya bizim qələbəmiz də müvəqqətindir və odur ki, yaxşı olar Azərbaycan ermənilərin tələblərini qulaqardı eləməsin, onlarla dil tapsın. Oxşar fikri srağagün Paşinyan keçirdiyi onlayn mətbuat konfransında dilə gətirdi. Öz adından olmasa da.
Gör, nəyi nəylə müqayisə edirlər. Əvvəla, işğalçılığın eyfporiyası olmaz, azadlığa qovuşmağın eyforiyası olar. Bunlar bir-birinə daban-dabana zidd, antoqonist hisslər və situasiyalardır.
İkincisi, bəyəm Azərbaycan kiminsə torpağına girib ki, buna görə narahat olsun, Ermənistan kimi “iynə üstdə oturubmuş kimi” özünü hiss eləsin və hansısa güzəştə getmək zorunda qalsın? Biz halal torpağımızı işğaldan azad edib oturmuşuq. Həm də əbədilik. Çünki 90-cı illərin acı səhvlərindən dərs götürmüşük. Əsas da milli vəhdət məsələsində.
Təsadüfi deyil ki, ermənilər torpaqlarımızı müstəsna olaraq Azərbaycan daxilində qarışıqlıq, siyasi təlatümlər dövründə, hakimiyyət uğrunda mübarizənin pik vaxtında və üstəgəl, rusun birbaşa köməyi ilə işğal ediblər. Başqa sözlə, bu, ermənilərin hərbi qələbəsi sayılmaz, uzağı, kəmfürsətlik, dinc əhali üzərində “qələbə” hesab olunar.
Üçüncüsü, Azərbaycan heç vaxt Ermənistanın öz üzərində hərbi üstünlüyünə imkan verməyəcək. Qoy xam xəyallara qapılmasınlar. Qatar gedib. Geriyə dönüş yoxdur, olmayacaq! Azərbaycanda nəzəri cəhətcə hakimiyyətə gəlmək şansına malik elə bir siyasətçi yoxdur ki, ölkə sükanı arxasına keçən kimi “status” məsələsini diriltsin. Diriltmək istəyənlərin isə hakimiyyətə gəlmək şansı yoxdur, olmayacaq, ola bilməz. Xalq qoymaz!
Odur ki, Qarabağın ürəyi Şuşada və ya Xankəndində nə vaxtsa Ermənistanın bayrağı asılmış konsulluq açıla bilər, o da yalnız İrəvan ərazi bütövlüyümüz tanıyandan, qardaş Türkiyəyə qarşı torpaq iddiasına son qoyandan və Ermənistan özünü normal qonşu kimi aparmağı öyrənəndən sonra…
Zahid SƏFƏROĞLU



