Şuşa Bəyannaməsi qorxudur…
Erməni parlamenti sənədi niyə müzakirə etmək istəyir?
Pərviz SADAYOĞLU
2021-ci ilin iyununda Azərbaycan ilə Türkiyə arasında imzalanmış tarixi “Şuşa bəyannaməsi”nin hər iki dövlət tərəfindən ratifikasiya olunması və rəsmiləşməsi Ermənistanda böyük siyasi gərginliyə səbəb olub. Regional təhlükəsizliyin inkişafına xidmət edən və iki dövlətin strateji maraqlarının vəhdətinə çevrilən bu sənədin Ermənistan parlamentində müzakirəyə çıxarılacağı ilə bağlı xəbərlər yayılıb. Erməni KİV-nin məlumatına görə, fevralın 23-də bu məsələ ilə bağlı erməni parlamentarilərin növbədənkənar iclası çağırılacaq.
Ermənistan dövlətinin bu davranışı isə beynəlxalq hüquqa zidd olmaqla yanaşı, özündə bir sıra sualları meydana çıxarır. İkitərəfli əməkdaşlığın inkişafına, müttəfiqliyə əsaslanan bu sənədin Ermənistan tərəfindən hədəfə alınması hansı səbəblərdən qaynaqlanır? Azərbaycan-Türkiyə birliyinin əsaslarının daha da möhkəmləndirilməsi bu ölkənin hansı “marağına” əksdir? Ən əsası isə, Ermənistan parlamenti hər hansı bir toplantı ilə bu sənədə qarşı hansı hüquqi maneələr yarada bilər?
Məsələ ilə bağlı fikirlərini “Yeni Azərbaycan”a bölüşən Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin və YAP İdarə Heyətinin üzvü Elşad Mirbəşir “Şuşa bəyannaməsi”nin rəsmiləşməsi ilə bağlı Ermənistanda yaranan ajiotajın anlaşılan olmadığını bildirib. Onun sözlərinə görə, iki dövlət arasında əməkdaşlığın inkişafını hədəfələyən bir sənədin imzalanmasının üçüncü ölkə tərəfindən bu cür etirazla qarşılanması səhvdir, onun hüquqi əsasları yoxdur. Belə ki, “Şuşa bəyannaməsi” özündə Azərbaycan ilə Türkiyə arasındakı münasibətlərin keyfiyyətcə yeni, müttəfiqlik səviyyəsinə qaldırılmasını ehtiva edir. Bu sənəddə ümumi maraqların qorunmasında hər iki ölkənin siyasi, iqtisadi, müdafiə, mədəni, humanitar, səhiyyə, təhsil, sosial, gənclər və idman sahələrində əməkdaşlığın inkişafının mühüm əhəmiyyəti əks olunur: “Bəyannamədə tərəflərin beynəlxalq hüququn prinsip və normalarına, o cümlədən də Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə uyğun olaraq qlobal və regional sülh, sabitlik və təhlükəsizliyin təmin edilməsində birgə səylərindən söz açılır. Ermənistanın apardığı dövlət siyasəti beynəlxalq hüquqa zidd olmayacaqsa və ya BMT-nin müvafiq sənədlərinə adekvat olacaqsa, bu əməkdaşlıqdan niyə narahatdırlar? İstər Türkiyənin, istərsə də Azərbaycanın müəyyən məsələlərlə bağlı öz səylərini birləşdirməsi müstəsna hüquqlarıdır. Hər iki dövlət müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı kimi milli maraqlara söykənən məsələlərdə ikitərəfli və çoxtərəfli formatlarda həmrəylik və qarşılıqlı yardım prinsiplərindən çıxış edəcəklər. Bu isə müttəfiqlik münasibətlərinin daha da dərinləşməsini təmin edəcək. Ermənistanın buna qarşı çıxmağa nə hüquqi, nə də mənəvi haqqı var. Ermənistan parlamentinin bununla bağlı hər hansı bir və ya bir neçə iclas çağırması isə heç nəyi dəyişmir. Dünyada bu sənədin icrasına mane ola biləcək hüquqi mexanizm mövcud deyil”.
Millət vəkili bildirib ki, Azərbaycan və Türkiyənin dövlət siyasəti hər zaman regional təhlükəsizliyin təmin olunmasına və inkişafına yönəlib. Ermənistan isə bütün dünyada təcavüzkar dövlət kimi tanınıb və tanınır. 30 ilə yaxın bir müddətdə Azərbaycanın torpaqlarını işğal altında saxlayan, birinci və ikinci Qarabağ müharibələrində minlərlə dinc insanın ölümünə səbəb olan, tarixi-dini abidələri, hətta qəbiristanlıqları belə xaraba qoyan bir dövlət olaraq Ermənistan beynəlxalq hüququn norma və prinsiplərini pozub. “Ermənistanın 30 il ərazində davam edən, işğalçılığa, təcavüzkarlığa söykənən dövlət siyasəti regiona siyasi-iqtisadi təhdidlər yaradıb. Azərbaycanın 44 günlük Vətən müharibəsindəki qələbəsi isə bu təhdidin aradan qaldırılmasını şərtləndirdi. Həm Azərbaycan, həm də Türkiyə Vətən müharibəsindən sonrakı mərhələdə regionun inkişafı üçün yeni əməkdaşlıqların perspektivini müəyyənləşdirib. Ölkəmizin diqtəsi ilə regional kommunikasiyaların blokdan çıxarılması yeni iqtisadi münasibətlərin formalaşmasına zəmin yaradıb. Artıq bir sıra böyük dövlətlər bu kimi layihələrdə iştirakçı olmaq üçün öz təkliflərini irəli sürür. Birmənalı şəkildə deyirəm ki, regionun yeni güc mərkəzinə çevrilmiş Türkiyə-Azərbaycan birliyi Cənubi Qafqazın inkişafında mühüm bir mərhələnin əsasını qoyub. Ermənistanın narahatlıqları yalnız subyektiv amillərdən qaynaqlanır. Tarixən öz qonşularına qarşı qeyri-səmimi siyasət yürüdən Ermənistan bu gün də xainlik xofundan qurtula bilmir. Onlar dərk etməlidirlər ki, Azərbaycanın yaratdığı bu yeni mənzərə Ermənistan üçün çıxış yoludur. Biz hər zaman sülhü və inkişafı dəstəkləyirik”, – deyən E.Mirbəşir əlavə edib ki, Türkiyə ilə Azərbaycan arasında imzalanan bəyannamənin ratifikasiyası bölgədə sülhün davamlılığının təminində böyük əhəmiyyət daşıyacaq. Bu bəyannamə bir sıra xarici güclərin regionda distabilizasiya yaratma ehtimalını da aradan qaldırır. Artıq hər kəs anlayır ki, Türkiyə – Azərbaycan birliyi nəzəri yox, praktiki birlikdir.



