Erməni paradoksu: Rusiyaya nifrət edirlər, amma “rus olmaq” istəyirlər

90 gündən sonra Azərbaycanı  tərk etməli olacaqlar…

Azərbaycanın Qarabağda 44 günlük müharibədə parlaq qələbəsindən sonra regionda bərqərar olmuş yeni reallıqlarla barışa bilməyən erməni millətçiləri və separatçıları istənilən şansdan yapışmaq istəyirlər ki, Azərbaycan torpaqlarında daha bir erməni dövləti yaratmaq ideyasının iflasa uğramasını etiraf etməsinlər. Erməni separatçıları “xilas” yollarından birini də Rusiya vətəndaşlığının qəbul edilməsində görür, mətbuatda və sosial şəbəkələrin erməni seqmentində vaxtaşırı bu mövzu gündəmə gətirilir.

O da deyilir ki, tezliklə Qarabağda Rusiya pasportları paylanacaq. Bu tip məlumatlar əsassız olaraq erməni separatçılarında köpək sevincinə, Azərbaycan cəmiyyətinin bir hissəsində, o cümlədən bir sıra ekspertlərdə müəyyən narahatlığa səbəb olur. Məsələni daha ətraflı nəzərdən keçirməyə çalışaq.

Birincisi, bu xəbərin hansısa paralel erməni kainatında doğru olacağını güman etsək belə, erməni separatçılarının sevincinin nəyə əsaslandığı bəlli deyil. Axı faktiki olaraq vaxtı ilə Azərbaycanla qanlı müharibə “müstəqil Ermənistan dövləti yaratmaq”, “öz müqəddəratını təyinetmə prinsipi” və s. bəhanələrlə başlanılıb. İndi isə separatçılar başqa dövlətin vətəndaşlığını məmnuniyyətlə qəbul etməyə hazırdırlar. Məntiq nədir? Halbuki, erməni tərəfinin hərəkətlərində heç vaxt məntiq olmayıb. Belə ki, bu ideyanın ilk təşəbbüskarlarından biri Qarabağdakı qanunsuz separatçı rejiminin qeyri-legitim “təhlükəsizlik şurasının rəhbəri” Vitali Balasanyan olub. O, 2020-ci ilin sonunda öz siyasi proqramını təqdim edib və bu proqramda ermənilərə Azərbaycanın işğaldan azad etdiyi əraziləri “Ermənistan və Rusiya Federasiyasının hərbi-siyasi rəhbərliyi ilə birlikdə”, geri qaytarmağa, habelə ermənilərə Rusiya pasportlarını söz verib. Lakin cəmi altı ay sonra həmin Balasanyan “Mən bilmirəm kim belə şayiələri yayır” üslubunda çaşqınlıq ifadə etdi və rəsmən bildirdi ki, Qarabağda Rusiya pasportlarının verilməsi məsələsi müzakirə olunmur. Oxşar bəyanatla tanınmamış rejimin “xarici işlər nazirliyi” adlandırılan qurumunun rəhbəri David Babayan da çıxış edib.

Maraqlıdır ki, Ermənistanda rusofobiyanın dərəcəsi sürətlə artdığı, demək olar ki, hər gün anti-Rusiya şüarları səsləndiyi, rus dili sıxıldığı halda, ermənilər sevinclə Rusiya vətəndaşlığını qəbul etməyə hazırdırlar. Qeyd edək ki, eyni zamanda Ermənistandakı ruslar hazırda MDB ölkələrində rusların ən kiçik diasporudur. 1989-cu il siyahıyaalınmasına əsasən, Ermənistanda ruslar əhalinin 1,6%-ni və ya 51555 nəfəri təşkil edirdi. 2001-ci ilə qədər rusların sayı demək olar ki, fəlakətli şəkildə azaldı – 3,3 dəfədən çox və 14,660 nəfər təşkil etdi. Daha sonra, onların sayı sürətlə azalmağa davam etdi və hazırda 12 min nəfərə yaxındır. Eyni zamanda, Rusiyada rəsmi olaraq iki milyona yaxın erməni yaşayır və onların sayı getdikcə artır. Bu yaxınlarda dərc olunan rəsmi məlumatlara görə, ötən il 46 900-dən çox Ermənistan vətəndaşı Rusiya vətəndaşlığına qəbul edilib. Bu, son illərin rekord göstəricisidir. Ümumilikdə, 2017-2021-ci illərdə demək olar ki, 153,8 min Ermənistan vətəndaşı Rusiya pasportu alıb.

Azərbaycan cəmiyyətində Rusiya pasportlarının Qarabağda paylanması ilə bağlı xəbərlər müəyyən narahatlıq doğurur. Bir sıra ekspertlər hesab edirlər ki, Rusiya pasportu ekspansiya alətinə çevrilə bilər. Bu narahatlıq bu halda “Rusiya öz vətəndaşlarının müdafiəsinə qalxacaq” deyən erməni və ermənipərəst təxribatçıların təbliğatı, eləcə də Qarabağın “rus icması” adlandırılan qurumun son vaxtlar fəallaşması ilə daha da artır.

Qarabağın işğalının bütün illərində Qalina Somovanın rəhbərlik etdiyi “rus icması” (2002-2021-ci illərdə) separatçıların təbliğatında itaətkar alət olub. 44 günlük müharibə başlayanda Somova qəfildən “Azərbaycanın təcavüzünə qəzəbləndi” və hətta Rusiya prezidenti Vladimir Putinə məktub yazdı. Eyni zamanda, o, Qarabağda ermənilər kilsələri dağıdanda, etnik təmizləmə (o cümlədən ruslara qarşı) aparanda, susurdu. İcmanın yeni başçısı – ana tərəfdən erməni olan Aleksandr Bordov Azərbaycan əleyhinə təbliğat məsələsində sələfini üstələmək qərarına gəlib. Bordov erməni nəşrinə verdiyi son müsahibəsində “rəsmi Bakının “rus icmasına” münasibətini” pisləyib, faktiki olaraq Qarabağda guya 1,5 mindən çox rusun olduğunu bildirib, “pravoslav irsi qorumağa” çağırıb, həmçinin “Qarabağ bölgələrində erməni mədəni irsinin dağıdılması faktı”na diqqət çəkmiş və hətta “Qarabağ kimindir?” sualına cavab olaraq “Ruslarındır”, – deyə cavab verib. Onun mif yaratmağa və uydurma ittihamlara meyli onu göstərir ki, “pravoslav” Bordovda erməni qanı daha güclüdür.

Qeyd edək ki, 2015-ci ildə o vaxt işğal altında olan Qarabağda aparılan qondarma “siyahıyaalınma”ya görə, bu ərazidə 238 rus, 26 ukraynalı yaşayırdı. Ona görə də “rus icmasının” yeni başçısının 1,5 min rəqəmini haradan aldığı tam aydın deyil. “Qarabağın rus icması” layihəsinin özü, bir qayda olaraq, informasiya sahəsində bir neçə ildə bir dəfə tək-tək nəşrlərdə görünür və yenidən yox olur. Görünür, bu, erməni millətçiləri içərisindən kiminsə zaman-zaman dirçəltməyə çalışdıqları uğursuz layihəsidir. Buna baxmayaraq, bu cür fəallaşma, xüsusilə Rusiya sülhməramlılarının məsuliyyət zonasında pravoslav irsinin qorunması çağırışları kontekstində, diqqəti cəlb etməyə bilməz.

Bütün bunlarla yanaşı, bu cür məlumatların Azərbaycanla Rusiya arasında münasibətləri korlamaq məqsədi daşıyan növbəti təxribat olduğu açıq-aydın görünür. Beləliklə, ermənilər öz müttəfiqlərini pis vəziyyətdə qoyurlar, çünki Rusiyanın özü bu cür aksiyalarda maraqlı deyil, çünki bu halda o, münaqişə tərəfinə çevrilir. Onun üçün isə neytral statusunu qoruyub saxlaması çox vacibdir, çünki hər iki tərəf ona sülhməramlı rolunu həvalə edib. Neytrallıq elementinin itirilməsi gələcəkdə Rusiyanın özü üçün problemlər yarada bilər ki, bu da ona heç lazım deyil, çünki onun beynəlxalq arenada onsuz da kifayət qədər çətinlikləri var.

Rusiya pasportları konfet deyil, elə belə paylanılmır. Həmçinin Rusiya tərəfinin nümayəndələri dəfələrlə “Qarabağda Rusiya pasport­ları” ilə bağlı xəbərləri feyk (saxta) adlandırıblar. Rusiya prezidenti Vladimir Putin də dəfələrlə ölkəmizin ərazi bütövlüyünü tanıyıb, Qarabağı Azərbaycanın ayrılmaz hissəsi adlandırıb. Odur ki, Qarabağda yeni “Rusiya vətəndaşları”nın peyda olması Azərbaycan regionunun statusuna heç bir təsir göstərməyəcək. Bu cür təxribatların qarşısını almaq üçün sərhədlərin delimitasiyası və demarkasiyası, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması prosesi sürətləndirilməlidir.

Qarabağ erməniləri isə yeni reallıqlarla barışmalıdır. Onlar ya Azərbaycan vətəndaşlığını qəbul edib, digər Azərbaycan vətəndaşları ilə bərabər sürətlə inkişaf edən, güclü və zəngin dövlətin imtiyazlarından yararlana, ya da dövlət kimi formalaşa bilməyən yoxsul Ermənistana qayıda bilərlər. Onlar, həmçinin Rusiya vətəndaşlığını qəbul etməkdə sərbəstdirlər, lakin bu halda onlar yadda saxlamalıdırlar ki, əcnəbilərin Azərbaycan ərazisində müvəqqəti qalma müddəti 90 gündən çox ola bilməz və müəyyən edilmiş müddətdən sonra onlar ölkə ərazisini tərk etməli olacaqlar…

Taleh AĞAVERDİEV

Hamısını Göstər

Related Articles

Back to top button