Brüssel Xankəndi separatçılarına qucaq açır – Avropa paytaxtlarında ikili oyunlar…

Qondarma rejimin “baş diplomatı” David Babayan Belçikada görüşlər keçirib, Bakıya “şərt” irəli sürüb: deputat: “Moskvasız orada bir gün də dayana bilməzlər”

Rusiyanın Ukraynadakı qondarma rejimləri tanıdığı, legitim saydığı bir vaxtda Avropa da Xankəndindəki separatçıları həvəsləndirir. Qarabağın dağlıq ərazilərində olan bu qüvvələr fəallaşaraq yenidən qondarma “artsax”ın müstəqil “respublika” kimi tanınması xəyalına düşüblər.

Əslində indi bu təhlükəni biz Kremldən daha çox gözləməliyik, nəinki Qərbdən, çünki Luqansk və Donetsk nümunələri göz qabağındadır. Lakin bununla belə, Xankəndində yuva salmış terrorçu-separatçı dəstələrin nümayəndələri Avropa mərkəzlərində özlərinə qahmar axtarırlar. “Yeni Müsavat” bildirir ki, separatçı rejimin qondarma “baş diplomatı” David Babayan 7-10 fevralda Belçikanın paytaxtı Brüsseldə səfərdə olub, keçirdiyi görüşlərdə Azərbaycan əleyhinə  kampaniya aparıb, qayıdandan sonra da Xankəndində sülhməramlılardan və Avropanın siyasi paytaxtından aldığı gücün hesabına bizə qarşı “şərt” irəli sürüb. Babayan bildirib ki, azərbaycanlı qaçqınların “Dağlıq Qarabağa” qayıtmasının iki şərti var: birincisi, “artsax” tanınmalıdır, həm də ilk növbədə Azərbaycan tərəfindən, ikincisi, erməni qaçqınlar Bakıya və başqa şəhərlərə qayıtmalıdırlar. Əlbəttə, Qarabağın dağlıq ərazilərinə azərbaycanlı qaçqınların qayıdışı baş tutmalıdır.

Bu iş BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı İdarəsinin nəzarəti altında həyata keçməlidir, rus sülhməramlı qüvvələri də prosesdə iştirak edə bilər. Amma müharibədən sonra Xankəndi və ətraf ərazilərə ermənilərin qayıdışı sülhməramlı tərəfindən təmin olunsa da, azərbaycanlıların “Dağlıq Qarabağa” dönüşü reallaşmayıb. Habuki, hazırda Xocalı, Əsgəran, Xocavənd, o cümlədən Xankəndində azərbaycanlılar yaşamalıydı. Bu ayrı məsələdir ki, savaş yeni qurtarıb, birgəyaşayışa hələ hazır deyilik, ancaq sülhməramlıların da missiyası məhz sülhyaratma olmalıdır.

Bütün bunlarla yanaşı, separatçılar Ermənistan pasportu hesabına müxtəlif xarici ölkələrdə ianə toplayırlar, qondarma “prezident seçkilərinə hazırlaşırlar, oyuncaq ”prezident” Araik Arutyunyan  hansısa “qanuna” dəyişiklik edir, Moskvaya gedir, müxtəlif  tədbirlər keçirirlər, özlərini “dövlət”in təmsilçisi kimi aparırlar. Həmçinin fevralın 20-də “artsax hərəkatının” 34 illiyini qeyd ediblər. “Artsax hərəkatının” 34 illiyi münasibətilə həmin o muzeydə sərgi açıblar, məlumata görə, Xankəndindəki bu “muzeydə” keçirilən sərgidə rus sülhməramlıları da iştirak edib və onlar “muzeyi” “ziyarət” ediblər. Rusiyanın bu məsələdə məsuliyyəti aydındır.

Gözlənilir ki, prezidentlərin Moskva görüşündə Rusiyanın qarşısında bu məsələ bütün ciddiyyəti ilə qaldırılacaq. Deyəsən, AB və separatçılar “Dağlıq Qarabağ”ın olmadığını bilmirlər, Şərqi Zəngəzur və Qarabağ iqtisadi zonaları yaradılıb, elə bir ərazi inzibati vahidliyi də yoxdur. Amma erməni separatçılarını ruhlandıran, onlara  hər cür dəstək vəd edən Avropa paytaxtlarına, “özünü nazir hesab edən” Babayanı Brüsselə dəvət edənlərlə nə etməli? Bizimlə hərtərəfli müttəfiqlik sazişi imzalamaqda maraqlı olan, rəsmiləri Bakıya tez-tez səfər edən Avropa Birliyinə erməni separatizminə dəstəyə görə niyə etiraz etmirik?

Razi Nurullayev Baş Prokurorluğa çağırıldı - SƏBƏB

Razi Nurullayev 

Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayev “Yeni Müsavat”a qeyd etdi ki, bu səfərlərlə bağlı Azərbaycan diplomatik kanallarla sərt şəkildə münasibətini ortaya qoyur. Deputatın sözlərinə görə, həmin separatçı Ermənistan pasportu ilə Brüsselə gedib və səfərlərinə qadağa qoya bilmərik:

“Onlar Avropada kimlərlə görüşür, erməni lobbisi ilə şəkil çəkdirir, o demək deyil ki, bu parazitlər dünya tərəfindən qəbul edilir, dinlənilir. Buna baxmayaraq, bu quldurların qondarma rejim altında fəaliyyəti, özlərini dünyaya tanıtmaq istəməsi bizim üçün xoş hal deyil. Biz bu hərəkətləri lənətləyirik və Azərbaycanda yaşayıb bizə barmaq silkələmələrini dözümsüz qarşılamalıyıq. Çox təəssüf ki, onların dərsini sona qədər verə bilmədik. Rusiya onların cəzalandırılmasına imkan vermədi. Araik və onun qondarma nazirləri həbs edilib Bakıya gətirilməli, bir neçəsi hərbi tribunal qarşısında mühakimə olunmalı idi. Çünki mülki insanları öldürüblər, separatizmlə məşğuldurlar, onlara ömürlük cəza verilməlidir”. Onun sözlərinə görə, erməni separatçıları azğınlaşıblar, Rusiyanın qanadı altında bizə “şərt” irəli sürür, bəyanatlar verirlər: “Biz bu məsələdə Rusiya ilə danışmalıyıq. Rusiya onlara birmənalı şəkildə deməlidir ki, siz mənim arxamda gizlənib Azərbaycana güllə ata bilməzsiniz, ərazi bütövlüyünə xələl gətirə bilməzsiniz. Onlar Rusiyasız orada bir gün də dayana bilməzlər”.

Azad MƏSİYEV

Azad Məsiyev

Siyasi ekspert Azad Məsiyevin sözlərinə görə, bütün bunlar səbəbsiz deyil. Onun fikrincə, Avropa Xankəndində olan separatçıları fəallaşdırmaqla göstərir ki, Rusiya-Azərbaycan münasibətlərinin inkişafından narahatdır: “44 günlük müharibənin nəticəsi münaqişənin həll edildiyini göstərdi. Rusiyanın təşəbbüsü ilə üçtərəfli sənəd imzalandı, Moskva sazişin bəndlərinin icra edilməli olduğunu bəyan edir. Paralel isə Rusiya-Azərbaycan münasibətləri inkişaf etməkdədir, müttəfiqlik sazişi imzalanmalıdır. Bu isti münasibətlər Qərbi narahat etməkdədir və Xankəndində əlaltılarını fəallaşdırır, müharibəni körükləməyə çalışırlar. Üstəlik, Cənubi Qafqazın inkişafı üçün 3+3 formatı gündəmdədir və belə davranışlar həmin platformanın reallaşmasına mane olur. Ona görə Brüsselin, bütövlükdə Qərbin bu cür provokativ addımları Rusiya-Azərbaycan əlaqələrinin inkişafına yönəlikdir”. Siyasi şərhçi hesab edir ki, Rusiyanın Donetsk və Luqanskının müstəqilliyini tanımasına görə Moskvaya təzyiqlər başlanır, belə məqamda isə müttəfiqlik bəyannaməsi imzalanır: “Təbii ki, bu da Avropadan bizə təzyiqlərin artmasına gətirib çıxaracaq. O baxımdan Xankəndində olan erməni separatçılarının Qərb paytaxtlarında belə qarşılanması anlaşılandır”.

Hamısını Göstər

Related Articles

Back to top button