Azərbaycan və BMT tarixində ilk

Sıravi üzvdən tarixi yazan prestijli dövlət imicinə…

Nurlan QƏLƏNDƏRLİ

Azərbaycan həm ikitərəfli münasibətlər, həm də beynəlxalq təşkilatlar çərçivəsində səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini uğurla davam etdirir. Bu baxımdan, ölkəmizin Birləşmiş Millətlər Təşkilatında (BMT) yüksək fəallığı da diqqəti cəlb edir. Azərbaycan düz 30 il əvvəl – 5 mart 1992-ci ildə üzv seçildiyi bu təşkilatda müvəffəqiyyətlə təmsil olunmaqla tarixi nailiyyətlərə imza atır. Bir zamanlar BMT sıralarında sıravi üzv olan Azərbaycan indi qurumun ən presitjli üzvlərindən birinə çevrilib.

Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycan BMT-də uğurla təmsil olunmağa, sözügedən beynəlxalq qurumun tribunasından fəal istifadə etməyə başlayıb. Heydər Əliyev bir neçə dəfə BMT Baş Məclisinin iclaslarında iştirak edib, bu mötəbər beynəlxalq təşkilatın tribunasından ölkəmizlə bağlı, xüsusilə Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə əlaqədar həqiqətləri dünya ictimaiyyətinə çatdırıb. Prezident İlham Əliyev də Azərbaycanın beynəlxalq səviyyədə tanınan sərhədləri əsasında ərazi bütövlüyünün dəstəklənməsi, işğal olunmuş bütün ərazilərdən Ermənistan qüvvələrinin tam və qeyd-şərtsiz çıxarılmasının təmin olunması istiqamətində BMT çərçivəsində fəal diplomatik iş aparılmasını xüsusi diqqət mərkəzində saxlayıb.

Dövlətçilik tariximizin ən mühüm hadisələrindən biri isə, şübhəsiz ki, 2011-ci il oktyabrın 24-də Azərbaycanın BMT Baş Məclisinin plenar iclasında gizli səsvermənin nəticələrinə əsasən 2012-2013-cü illərdə Şərqi Avropa bölgəsini qurumun Təh?ükəsizlik Şurasında təmsil edəcək qeyri-daimi (müvəqqəti) üzv seçilməsidir. Əlbəttə, 155 dövlətin dəstəyi ilə BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi Azərbaycanın yüksək beynəlxalq nüfuzunun göstəricisi, Prezident İlham Əliyevin dərin strateji diplomatiya siyasətinin nəticəsi idi. 2012-ci il yanvarın 1-də isə Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi səlahiyyətlərinin icrasına başlayıb. Bunun ardınca həmin il may ayının 4-də Nyu-Yorkda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sədrliyi ilə BMT Təhlükəsizlik Şurasının yüksək səviyyəli iclası keçirilib. İclasda Azərbaycanın təşəbbüsü ilə “Terror aktlarının beynəlxalq sülh və təhlükəsizliyə yaratdığı təhdidlər” mövzusunda müzakirələr aparılıb. Prezident İlham Əliyev çıxışında Ermənistanın ölkəmizə qarşı yönəlmiş terrorçu siyasətini ifşa edib və prinsipial mövqeyini bir daha dünyanın ən mötəbər qurumunun tribunasından dünya ictimaiyyətinə çatdırıb. Bundan başqa, ölkəmiz 2013-cü ilin oktyabr ayında da quruma sədrlik edib. Bütövlükdə, Azərbaycan BMT TŞ-yə sədrlik müddətini uğurla həyata keçirib. Bu dövrdə BMT TŞ-də dünyanı narahat edən bir sıra mühüm məsələlər gündəliyə daxil edilib və səmərəli müzakirələr aparılıb, müvafiq qərarlar verilib, sənədlər qəbul edilib. Dolayısıyla, Azərbaycanın BMT TŞ-nin qeyri-daimi üzvü kimi sərgilədiyi fəaliyyət və atdığı addımlar 2011-ci ilin oktyabrında ölkəmizin quruma üzvlüyünə səs verən 155 ölkənin etimadının doğruldulması deməkdir.

Azərbaycan BMT TŞ-dəki fəaliyyəti ilə humanizm dəyərlərinə, dünyanın müxtəlif regionlarındakı münaqişələrin aradan qaldırılması üçün göstərilən səylərə verdiyi önəmi nümayiş etdirib. Bütövlükdə, ölkəmizin bu quruma hər iki sədrliyi müddətində ümumilikdə qurumun 59 açıq və qapalı iclası keçirilib, 7 qətnamə, Şura sədrinin 3 bəyanatı və 13 mətbuat bəyanatı qəbul edilib. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Azərbaycan 2011-ci ildə 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilmişdir. Yəni bu, özlüyündə böyük bir göstəricidir. Birinci növbədə, ona görə ki, biz ilk dəfə bu böyük, şərəfli missiyaya nail olduq və o vaxt müstəqilliyimizin cəmi 20 yaşı tamam olmuşdu. Digər tərəfdən, bu, Azərbaycanın beynəlxalq nüfuzuna bilavasitə dəlalət edən amillərdən biri idi. Çünki dünya birliyinin mütləq əksəriyyəti bizə inandı, bizə etimad göstərdi və bizə öz səsini vermişdi”.

Azərbaycan Prezidenti İlham Əliyev milli maraqlara, müasir çağırışlara uyğun fəaliyyəti ilə mühüm reallıqlar formalaşdırıb, bir çox ilklərə və yeniliklərə imza atıb. Məlumdur ki, Azərbaycanın 44 günlük müharibədə möhtəşəm qələbə qazanaraq torpaqlarını işğaldan azad etməsi təkcə ərazi bütövlüyünün və tarixi ədalətin bərpası deyil. Bu, eyni zamanda, dünyada yeni nümunənin – mühüm presedentin yaradılmasıdır. Söhbət Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının uzun illər kağız üzərində qalmış 822, 853, 874 və 884 saylı qətnamələrinin icrasına nail olmaqdan gedir. Bu, eyni zamanda, BMT-nin korlanmış imicinin bərpası üçün yeni nümunə yaradılması və ya şərait formalaşdırılması baxımından önəmlidir.

Prezident İlham Əliyev 2020-ci ilin sentyabrında BMT Baş Assambleyasındakı çıxışı zamanı dünya ictimaiyyətinin diqqətini Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalının davam etməsinə və Ermənistan hökumətinin təcavüzkar bəyanatlarına, hərəkətlərinə yönəltmiş, ölkəmizin qətiyyətli mövqeyini, işğal faktı ilə heç vaxt barışmayacağını vurğulamışdı. Buna baxmayaraq, Ermənistan təcavüzkar siyasətini davam etdirdi, məlum qətnamələri yerinə yetirməməsinə və işğal faktını davam etdirməsinə görə bu ölkəyə qarşı sanksiya tətbiq edilməsi imkanı olsa da, dünya birliyi tərəfindən belə bir təşəbbüs irəli sürülmədi. Bu, ikili standartlar siyasətinin və selektiv yanaşmanın bariz nümunəsi idi. Çünki dünya təcrübəsində müxtəlif ölkələrə qarşı BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin dərhal və tam icrasına dair kifayət qədər fakt, nümunə var. Məsələn, 1990-cı il avqustun 2-də İraq ordusu Küveytə hücum edərək onu işğal etmişdi. BMT 7 ay davam edən işğala görə İraqa qarşı sanksiyalar tətbiq etmiş, ABŞ və onun müttəfiqləri isə təşkilatın Təhlükəsizlik Şurasından mandat alaraq 1991-ci ilin fevralında “Səhrada tufan” əməliyyatına başlamışdılar. Azərbaycan isə uzun müddət qərəzli yanaşma ilə üzləşdi. Əlbəttə, bəhs olunan arzuolunmaz hal, eyni zamanda, Birləşmiş Millətlər Təşkilatının nüfuzuna, reputasiyasına zərbə, beynəlxalq hüquq normalarına hörmətsizlik, laqeydlik və etinasızlıq idi. Azərbaycan bu ədalətsizliyi öz gücü ilə aradan qaldırdı, hərbi-siyasi resursları vasitəsilə münaqişəni həll etməklə beynəlxalq hüquq normalarının tələblərinin yerinə yetirilməsini təmin etdi. Ermənistanın işğalçı siyasətindən, təxribatçı hərəkətlərindən, təcavüzkar, destruktiv mövqeyindən 30 ilə yaxın müddət ərzində əziyyət çəkən Azərbaycan öz iqtisadi potensialı, siyasi imkanları, diplomatik resursları və hərbi qüdrəti vasitəsilə torpaqlarını azad etdi, ərazi bütövlüyünün bərpasına nail oldu. Bu, qeyd etdiyimiz kimi, yeni bir presedentin əsasının qoyulması idi. Milli güc resurslarını səfərbər edərək təcavüzkar qüvvəni kapitulyasiya aktına imza atmağa məcbur edən Azərbaycan bütün dünyaya işğalçı siyasətin və separatizmə əsaslanan mövqeyin, yaxud neqativ geosiyasi amil olan bölücülüyə rəvac verən aqressiv politikanın hər hansı bir perspektivi olmadığını sübut etdi. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını özü təmin etdi və bu, yəqin ki, BMT-nin təsis edildiyi vaxtdan bu günə qədər dünyada ilk belə haldır.

İndi yeni reallıqlar – postmüharibə gerçəklikləri mövcuddur. Azərbaycan regionda sülhə, sabitliyə – təhlükəsizliyə, əməkdaşlığa və inteqrasiyaya xidmət edən mühüm təklif və təşəbbüslərlə çıxış edir. Yeni reallıqlar fonunda regionda kommunikasiyalar bərpa olunmalı, sərhədlər dəqiqləşdirilməli, sülh müqaviləsi imzalanmalıdır və s. Amma eyni zamanda, Ermənistan 30 ilə yaxın davam edən işğal müddətində, həmçinin 44 günlük İkinci Qarabağ müharibəsi zamanı törətdiyi bütün cinayətlərə görə beynəlxalq hüquq qarşısında cavab verməli, maddi-mənəvi ziyanın bədəlini ödəməlidir. Bununla bağlı beynəlxalq təcrübə – presedent mövcuddur. İraq 1990-1991-ci illərdə Küveytin işğalına görə 50 milyard dollardan çox təzminatın ödənişini başa çatdırıb. Proses Təzminat Komissiyasının işi nəticəsində həyata keçirilib. Komissiya isə 1991-ci ilin yazında BMT Təhlükəsizlik Şurasının qətnamələri ilə təsis olunub, hərbi müdaxilə nəticəsində vətəndaşlara, kompaniyalara, hökumətlərə və beynəlxalq təşkilatlara dəyən birbaşa zərərin ödənilməsi istiqamətində fəaliyyət göstərib. BMT Təhlükəsizlik Şurasının müvafiq qərarları əsasında təzminat ödənişi həyata keçirilib. Eyni təcrübə Ermənistana qarşı nə üçün tətbiq edilməsin? Axı beynəlxalq ictimaiyyət, o cümlədən BMT-nin müvafiq strukturları Ermənistanın Azərbaycana məxsus sərvətləri talamasından, iqtisadi resursları qanunsuz mənimsəməsi və istismar etməsindən, kəndləri, şəhərləri, qəsəbələri dağıtmasından, maddi-mədəni irsə qarşı soyqırımı siyasəti həyata keçirməsindən xəbərdardır. BMT-nin aidiyyəti təsisatları faktları əsas götürməklə, müvafiq araşdırma aparmaqla Ermənistana qarşı qətnamələr qəbul etməli, bu ölkənin cəzalandırılması və Azərbaycana təzminat ödəməsi ilə əlaqədar müvafiq mexanizm yaratmalıdır. Dünya təcrübəsi ilə yanaşı, beynəlxalq hüquq normalarının tələbləri də ortadadır. Elə BMT tərəfindən 2001-ci ildə qəbul edilmiş “Dövlətlərin beynəlxalq-hüquqazidd əməllərinə görə məsuliyyəti” adlı qətnamənin 31-ci maddəsində təsbit edilib ki, beynəlxalq səviyyədə qanunsuz əməl törətmiş dövlət dəymiş maddi və ya mənəvi zərəri tam kompensasiya etməlidir.

Bir vaxtlar Məhəmməd Hadi deyirdi ki, “yox millətimin imzası imzalar içində”. İndi Azərbaycan adlı qüdrətli məmləkətin üçrəngli bayrağı ən yüksək zirvələrdə dalğalanır. Və bütün dünya bilir ki, Azərbaycanın Liderinin sözü imzası qədər dəyərli – keçərlidir!

Hamısını Göstər

Related Articles

Back to top button