Putin Ukraynadakı “əməliyyatın” gedişindən razıdır
Rusiya prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının bu gün keçirdiyi iclasında deyib ki, Ukraynadakı “xüsusi əməliyyatın” gedişindən razıdır. Onun sözlərinə görə, Rusiya hərbçiləri “haqq işi” uğrunda döyüşdüklərini dərk edirlər və hətta yaralansalar da döyüşü tərk etmirlər.
Qeyd edək ki, Rusiya ordusunun əsgərlərinin nəinki yaralı, eləcə də tam salamat halda, bəzən heç döyüşə girmədən qruplar halında əsir düşdüklərinə dair çoxsaylı videolar yayılıb. Və yayılmaqdadır.
Putin hərbi nailiyyət kimi Rusiya qoşunlarının Donbassda, Volnovaxa rayonunda ukraynalıların müdafiəsini yarmasını misal göstərib. Bildirib ki, “millətçilər” orada az qala səkkiz ildir möhkəmlənmişdi. Putin onu da deyib ki, “xüsusi əməliyyat” qrafikə, plana tam uyğun gedir, qarşıya qoyulan bütün vəzifələr həll edilir.
***
Ukraynada Rusiya ordsunun həyata keçirdiyi əməliyyatlar plan üzrə, qrafikə ciddi uyğun olaraq gedir və bütün vəzifələr uğurla həll olunur. Bunu Rusiya prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının üzvləri ilə görüşündə bildirib.
O, rusların və ukraynalıların bir xalq olduğunu vurğulayıb. Putinin sözlərinə görə, o, bundan heç vaxt vaz keçməyəcək.
“Rusiyanın əsgər və zabitləri Ukraynada mülki əhali arasında itkilərin olmamasına çalışırlar. Bir daha deyirəm, əsgər və zabitlərimiz mülki əhalinin arasında itkilətin olmamasına çalışırlar. Təəssüflər olsun ki, onlar özləri də itkilər verirlər. Bizim borcumuz Rusiya xalqı üçün, vətənin təhlükəsizliyi, xalqımız uğrunda döyüşlərdə həlak olanların və yaralananların ailələrinə dəstək olmaqdır”, – Rusiya Prezidenti vurğulayıb.