Rusiya iqtisadiyyatına atom bombası zərbəsi… – Yaxın zamanda dövləti, əhalini və biznes strukturlarını nələr gözləyir?

Rusiyanın qızıl və valyuta ehtiyatlarına qarşı Qərbin tətbiq etdiyi sanksiyalar “maliyyə bombası” hesab edilir və hətta ona “maliyyə atom bombası”da deyirlər. Belə görünür ki, bu sanksiyalar qısa müddət ərzində Rusiya Mərkəzi Bankını və həmçinin də ölkənin makro və mikro iqtisadi vasitələrini səmərəsiz hala gətirəcək. Artıq bunu rusiyalı maliyyə ekspertləri də dilə gətirirlər. Onu da nəzərə almaq lazımdır ki, hələ sanksiyaların tam tətbiqinə başlanmayıb…

 Rusiyada ciddi valyuta qıtlığ yaradaxaq səbəblər

Bu mövzuyla bağlı məşhur “İnvesting.com” saytında dərc olunmuş məlumatlar əsasında hazırlanan yazını oxuculara təqdim edirik: “İndi Mərkəzi Bankın uçot faiz dərəcəsini qaldırması sadəcə sabahkı günə kimi ayaq üstə durmağa hesablanmış addımdır, çünki yaxınlaşan inflyasiya sunamisi normal monetar təbiətə malik deyil. Valyuta qıtlığının nələr edə biləcəyini proqnozlaşdırmaq çətindir. Aşağıdakı səbəblər üzündən Rusiyada ciddi valyuta qıtlığı yaranacaq.

1. İxracatın düşməsi səbəbindən ölkəyə az valyuta daxil olur.

2. Avropa Birliyi Rusiyaya avro aparılmasına qadağa qoyub.

3. Rusiya Mərkəzi Bankının aktivlərinin bir hissəsi dondurulub.

4. ABŞ Rusiyaya dollar qadağası qoymağı planlayır.

5. Əksər xarici şirkətlər Rusiyanı tərk edirlər. Onlar öz kapitallarını da çıxaracaqlar.

Bəs, ümumi mənzərə necədir və maliyyə bazarlarındakı təlaşı durdurmaq üçün hansı tədbirlər görülür?

İlk öncə banklardan başlayaq. Hal-hazırda əhali kütləvi şəkildə depozitlərini götürür, ona görə də banklarda pul çatışmır. Normal fəaliyyət göstərməkdən ötrü banklar Rusiya Mərkəzi Bankından çox yüksək faizlə(20 faiz) borc alırlar.

Bununla yanaşı, əhali və biznes strukturları banklara olan köhnə kreditlərini gülünc məbləğlərlə ödəyir, bu isə bankların böyük likvidlik kəsirini qapatmır. Belə bir vəziyyət bank sistemini dağıdır. Ancaq Elvira Nabiulina(Mərkəzi Bankın rəhbəri-red.) deyir: ”Bütün banklar öz müştəriləri qarşısındakı bütün öhdəliklərini yerinə yetirir və bundan sonra da yetirəcək”

Mərkəzi Bank durmadan bankalra borc verir, hazırda Rusiya şirkətlərinin səhmlərinin alınmasına 1 trilyon rubl yönəldilib. Həmin səhmləri banklardan da almaq olar. Hələ ki, banklara depozit qoymaq cazibədar görünür, amma bu, inflyasiya və məhsul qıtlığı istehakçıya zərbə vurana kimi davam edəcək.

Rusiya birjalarında rublun məzənnəsi reallığı əks etdirmir. Çünki banklarda bunun üstünə 30 faiz əlavə vergi qoyulur. Rusiya iqtisadiyyatını xilas etmək üçün “valyuta vergisi” tətbiq olunub. Deməli, dolların real dəyərini birjada deyil, valyuta dəyişmə məntəqələrində görmək mümkündür. Kimsə 1 dollar almaq istəyirsə, brokerə 109+33 rubl ödəməlidir. Beləliklə real məzənnə 1 dollar üçün 109 rubl yox, 142 rubldur.

Görülən tədbirlər nə qədər yetərlidir?

Yuxarıda sadalanan tədbirlərə böyük pullar axıdılır, ancaq bu, azlıq edir. Həmin pulların bir hissəsi təzəcə çap olunub, bir hissəsi isə “qara gün” üçün saxlanılırdı və bu pullar hələ iqtisadiyyata yönləndirilməmişdi. Bu pullar yalnız indi Rusiyanın maliyyə sisteminə daxil olur və əlbəttə ki, bu, ölkədəki inflyasiyanı xeyli artırır. İnflyasiya onsuz da rublun düşməsinə görə yüksəlmişdi, likvidliyi artırmaq üçün maliyyə sisteminə əlavə pul axıdılması onu daha da şişirdir.

Hazırkı reallıqda düzgün yol seçmək çox müşküldür. Ortalıqda yalnız hərəkət və bu hərəkətdən doğan nəticələr var. Rusiyadakı bankların xilas edilməsi yüksək inflyasiya hesabına başa gələ bilər. Ona görə də əhalinin yığımları və biznes strukturları sarsıdıcı zərbə altına düşəcək. Necə deyərlər, ya elə olacaq, ya da belə! Ya maliyyə sistemi xilas edilməlidir, ya da ki, inflyasiyanın fitili alovlandırılmalıdır. Başqa çarə də var. Bunun üçün hər şey dondurulmalıdır. Ancaq bu, Rusiya üçün daha pis nəticələrə gətirər.

Deməli, belə bir sual meydana çıxır: əgər qarşıda inflyasiya varsa, o zaman əhali öz pullarını necə saxlaya bilər? Əhali üçün ən düzgün üsul real fiziki aktivlərə pul yatırmaqdır.

Hökumət 1 mart tarixindən qiymətli metallara qoyulan 20 faizlik əlavə dəyər vergisinin ləğv edilməsini dətəkləyib. İnsanlar öz yığımlarında qızıldan istifadə edə bilərlər(Lakin bunun iqtisadiyyatda axıcılığı yoxdur). Xeyli sayda başqa alternativlər də var. Daşınmaz əmlak, avtomobillər və ya qızıl külçələr, digər qiymətli metallar və sairə.

Görülən istənilən tədbir valyuta ilə əməliyyatların tənzimlənməsi çərçivəsində aparılacaq və bu, həyatı getdikcə bahalaşdıracaq. Rusiya Mərkəzi Bankı uçot faiz dərəcəsini irəlidə də qaldıracaq. Kredit yenidən bahalaşacaq. Görəsən, kim 25-30%-lə illik kredit götürəcək? Bu, öz növbəsində istehlakı, həm də işğüzar aktivliyi azaldacaq. Belə bir hal isə zəncirvarı reaksiya kimi bütöv iqtisadiyyatı zədələyəcək.

Çinin köməyi vəziyyəti yaxşılaşdıra bilərmi?

Normal maliyyə siyasəti yaxın zamanlarda səmərəli işləməyəcək. Bundan sonra Mərkəzi Bankın maliyyə bazarına müdaxiləsi praktiki şəkildə mümkün olmayacaq. Rusiyanın qızıl və valyuta ehtiyatının böyük bir hissəsi sanksiyar üzündən dondurulsa da, tam dəqid olmayan məlumatlara görə, Mərkəzi Bankda 60 milyard dollar dəyərində qızıl var. Bu, az deyil, amma hiperinflyasiya və iqtisadiyyatın kollapsa düşməsi ərəfəsində bu məbləğlə uzağa getmək çətindir. Rusiyanın əlindəki 2000 ton qızılı satması asan deyil. Əgər kimsə Çinə ümid bəsləyirsə, bu illüziyadan dərhal əl çəkməlidir.

Birincisi, Rusiyanın yuanla olan valyuta ehtiyatı monetar siyasətin həyata keçirilməsi üçün faydasızdır. Yuanın köməyi ilə rublun məzənnəsi dəstəklənməz, ona görə ki, rublun məzənnəsi bütün valyutalar kimi dollarla ölçülür.

İkincisi, Çinə dollarla qızıl satmaqla rublun məzənnəsini dəstəkləmək problemlidir, çünki əgər ABŞ Rusiyanın aktivləri ilə əməliyyatlara qarşı sanksiya qoyursa, onda Çin bankları bunun əleyhinə getmiş olacaqlar. Ancaq unutmayaq ki, onlar rus qızılı naminə Qərb biznesindən imtina etməyəcəklər. Axı, Qərbdəki biznes onlar üçün daha böyük əhəmiyyət kəsb edir. Çinin Qərblə nəhəng ticarəti var, Çin istehsal etdiyi məhsulların əksəriyyətini məhz Qərb bazarına çıxarır. Rusiya bazarı onun üçün çox kiçikdir.

Əlbəttə, bundan sonra Çin Rusiya bazarını genişləndirə bilər. Rusiya iqtisadiyyatının blokadaya alınması halında Çin Rusiyanın Qərbdən idxal etdiyi məhsulların bir qismini öz mallarıyla əvəzləyəcək. Beləliklə, Çin yaranmış vəziyyətdə şübhəsiz ki, mənfəət götürən tərəf olacaq və Rusiyaya şərtlər diktə edəcək. Amma Çin Rusiyaya görə Qərblə iqtisadi qarşıdurma riskinə getməz.

Yaxın zamanda nələr olacaq?

Artıq bir neçə həftədən sonra vəziyyət kardinal şəkildə pisləşəcək. Rusiyada ikirəqəmli inflyasiya qaçılmazdır. Bütün bunlardan əlavə ölkədəki korrupsiya vəziyyəti daha da korlayacaq. Çox yaxın vaxtlarda Rusiyada ciddi valyuta qıtlığı yaşanacaq. 

Rusiya hakimiyyəti və Mərkəzi Bankı formal olaraq vəziyyəti nəzarətdə saxlayacaqlarını deyir, lakin bunun üçün onların əlində real vasitələr yoxdur. Bildiyimiz kimi, Rusiyanın demək olar bütün valyuta ehtiyatları dondurulub, yalnız qızıl qalıb. Amma yaxın perspektivdə onun da valyutaya çevrilməsi real görünmür.

Valyuta çatışmazlığı bazarlarda qıtlığa səbəb olacaq və belə davam edərsə, vəziyyət kəskin şəkildə pisləşəcək. Əgər Mərkəzi Bank ixtiyarında qalan kiçik valyuta ehtiyatını indiki templə sərf edərsə, qısa müddətdən sonra onun olan ehtiyatları da tam tükənəcək”.

Hamısını Göstər

Related Articles

Back to top button