Ermənistan ordusunun Qarabağda 20-dən çox post itirdiyi açıqlandı
Ermənistanda eks-prezident Serj Sərkisyanın xüsusi mətbuat konfransı çağırıb 2016-cı ilin aprel müharibəsində erməni ordusunun “qalib gəldiyi” barədə danışmasından sonra ona hakim partiyadan ifşaedici cavab verilib. Virtualaz.org xəbər verir ki, baş nazir Paşinyanın “Mənim addımım” partiyasından deputat, aprel müharibəsini araşdıran parlament komissiyasının üzvü Armen Xaçatryan bu “qələbə” nəticəsində erməni işğalçı qüvvələrinin Qarabağda 20-dən çox postu itirdiyini bildirib.
“Bu faktdır ki, 2016-cı ilin aprel müharibəsində erməni tərəfi 20-dən çox mövqeni itirib, bunu müdafiə sferasındakı keçmiş və indiki məmurlar parlament istintaq komissiyasına təsdiq ediblər”,-Armen Xaçatryan “Azadlıq” radiosunun erməni xidmətinə bildirib.
Serj Sərkisyan 3 saata yaxın çəkən mətbuat konfransında həmin istintaq komissiyasının rəhbəri Andranik Köçəryanın erməni qüvvələrinin aprel müharibəsində 20-dən çox mövqe itirdiyinə dair dediklərini inkar etmişdi. Amma neçə mövqe itirildiyini dəqiqləşdirməmişdi.
“Parlament komissiyasının sədri Andranik Köçəryan 20-dən çox mövqenin itirilməsi barədə keçmiş və indiki hərbçilərin ifadələrinə əsasən danışıb. Yəni o, həmin rəqəmi elə-belə səsləndirməyib, bu haqda komissiyaya dəvət olunmuş adamlar danışıblar, komissiyanın işinin nəticəsində həmin rəqəm ortaya çıxıb. Bəli, mən də təsdiq edirəm ki, 20-dən çox mövqe düşmənin əlində qalıb, həmin mövqelər arasında elələri var ki, strateji əhəmiyyət daşıyır. Hərçənd mövqe mövqedir, lakin elə mövqe var ki, stratejidir və onlar düşmənin əlində qalıb, və onların sayı 20-dən çoxdur”,-Xaçatryan belə deyib.
İstintaq komissiyasının digər üzvü, müxalif “Çiçəklənən Ermənistan” fraksiyasından deputat Rubik Stepanyan da təsdiq edir ki, erməni tərəfi aprel müharibəsində 20-dən çox mövqe itirib, amma Serj Sərkisyanın bunu niyə inkar etdiyini anlamır.
“Əslində biz həmin mövqeləri itirmişik, həmin mühüm mövqeni də itirmişik, amma o niyə bunu inkar edir, anlamıram”,-Stepanyan deyib. O, dəqiqləşdirib ki, itirilən mövqelərin sayının 20-dən çox olduğunu aprel komissiyası təsdiqləyib.
Rubik Stepanyan Serj Sərkisyanın aprel müharibəsinin Ermənistanın “qələbəsi” olduğu haqda Serj Sərkisyanın dediklərinə belə münasibət bildirib: “Bunu qələbə adlandırmaq olarmı ki, biz təkcə mövqelərdə onlarla adam itirmişik, üstəlik ərazi itirmişik və nəticədə Talış kəndi Azərbaycan ordusunun hədəfinə çevrilib?”
“Mənim addımım” fraksiyasından Armen Xaçatryan da bu deyilənlərlə razılaşır: “Burada birmənalı şəkildə demək ki, biz qalib gəlmişik…mən bununla heç də razı deyiləm. Düzgün mövqe budur ki, əgər biz daha bir neçə qələbə əldə eləsək Stepanakerti (Xankəndi,-red.) itirəcəyik. Əgər hər qələbəni biz ərazi itkiləri hesabına əldə eləsək deməli düzgün istiqamətdə deyilik”.
Armen Xaçatryan onu da deyib ki, həmin döyüşlərin dayandırılmasına dair Moskvada baş qərargah rəisi Yuri Xaçaturovun apardığı danışıqlara dair heç bir rəsmi protokol mövcud deyil. “Xaçaturov Moskvaya gedib və ölkənin təhlükəsizliyi ilə bağlı ciddi danışıqlar aparıb, amma biz hələ də həmin danışıqlara dair hansısa hesabat, arayış, protokol axtarırıq”,-deputat deyib.