“Qarabağdakı ermənilərə seçim təqdim olunacaq…” – Ermənistan “etnik təmizləmə” iddiasını ortaya atır
“44 günlük müharibədən sonra yaranan yeni geosiyasi reallıqlar ötən 26 ildə Ermənistan üçün əlverişli olmuş diplomatik manevrlər imkanlarını daraldıb. Azərbaycan və Ermənistan arasındakı aralıq formatlarda Qarabağın statusu və Qarabağ ermənilərinin taleyi ilə bağlı müzakirələr aparılmır. Bunlar Azərbaycan rəhbərliyi üçün daxili məsələdir. Ermənistanın bu mövzunu müzakirə etmək imkanı ola biləcəyi yeganə format isə fəaliyyəti iflic olan ATƏT-in Minsk Qrupu idi”.
Bunu politoloq Fərhad Məmmədov Ermənistanın yeni manevr cəhdlərini şərh edərkən deyib.
Onun sözlərinə görə, bu fonda Ermənistan rəhbərliyi “Qarabağ ermənilərinin ərazisini yox, hüquqlarını müzakirə edək tezisini ortaya atıb: “Bu kontekstdə ermənilərin Azərbaycan tərəfindən “etnik təmizləmə” ilə təhdid edilməsinin nəzəriyyəsi formalaşdırılır və təbliğ olunur. İrəvan və Xankəndindən səslənən bütün bəyanatlarda bu tezislər var: “Rusiya sülhməramlıları getsə, Qarabağda erməni qalmayacaq”, “Azərbaycan Laçın dəhlizində sərhəd-keçid nəzarəti qursa, Qarabağda erməni qalmaz”, “Qarabağ Azərbaycanın bir hissəsi olsa, orada ermənilər olmayacaq” və s. Bunlar bir zamanlar “Naxçıvanda, Bakıda üstünlüyü olan ermənilərin indi yox olduğu barədə əfsanələri xatıladır””.
Politoloq “etnik təmizləmə” iddialarının nə tarixdə, nə də indi heç bir əsasının olmadığını qeyd edib:
“- Qarabağ erməniləri son 30 ildə Azərbaycanın tərkibində yaşayıblar. Bu, ən azı beynəlxalq ictimaiyyət tərəfindən tanınıb. Paşinyan da bu barədə dəfələrlə danışıb;
– Tarixi paralellər də tənqidə tab gətirmir. Bir məsələ ilə razılaşmaq olar ki, azərbaycanlıların və ermənilərin köçürülməsi baş verib. Sovet dövründə daxili əmək miqrasiyası gedirdi, azərbaycanlılar və ermənilər köçürülürdü. Proses Dövlət Plan Komissiyasının nəzarətində idi və köçürülənlərin harada yaşayıb işləməsi təmin edilirdi;
– 80-ci illərin sonunda, müharibə başladıqdan sonra Ermənistanda azərbaycanlı qalmayıb. Azərbaycanda isə ermənilərin sayı azalıb, amma Bakıda digər rayonlarda, eləcə də Qarabağda on minlərlə erməni qalıb;
– “Etnik təmizləmə” termini hələ də sübuta yetirilməyib. Ermənilərin dediyinə görə, Qarabağda 100 min erməni yaşayırsa, bu necə təmizləmədir? Bu arqument necə səsləndirilə bilər?! Bir tərəfdən “təmizləmə”dən, digər tərəfdən isə yüz minə yaxın insanın Qarabağda yaşamasından danışırlar. Artıq bir qərar vermək vaxtıdır”.
F.Məmmədov vurğulayır ki, azərbaycanlıların etnik təmizləməyə məruz qaldığını deməyə haqqı və arqumentləri var: “BMT tərəfindən təsdiqlənib ki, 600 mindən çox azərbaycanlı öz yaşadıqları ərazilərdən qovulub. Üstəlik, Ermənistanın özü bütün bu illər ərzində ATƏT-in faktaraşdırıcı missiyasına Qarabağ ermənilərini saymağa imkan verməyib. “Etnik təmizləmə” mövzusunda iddialarla heç kim Bakıya müraciət edə bilməz. Bəs, 26 illik danışıqlarda əsas mövzu olan azərbaycanlıları geri qaytarmaq üçün nəsə edilib? Müharibədən əvvəl və müharibə zamanı Azərbaycanın əsas tələbi Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan ərazisindən çıxarılması idi. Ermənistanın işğal etdiyi ərazilərindən çıxmaq öhdəliyi götürdükdən sonra müharibə dayandı. Mülkü əhalinin köçürülməsi məsələsi erməni hərbi qüvvələrinin bölgədən tam çıxarılmasından sonra başlayacaq. Əks halda, qanunsuz silahlı ermənilərə qarşı tədbirlər məqsədəuyğun olacaq. Deməli, Qarabağda ermənilərə qarşı etnik təmizləmə olmayıb və olmayacaq, amma onlara seçim təqdim olunacaq: Azərbaycan vətəndaşı kimi qalıb yaşamaq və ya vətəndaşı olduğu dövlətin ərazisində yaşamaq, yəni Ermənistana getmək.
Nə qədər ki, bu mövzu Ermənistan tərəfindən irəli sürüləcək, qondarma respublika uydurması davam edəcək, Rusiya Federasiyasına daxil olmaq üçün müraciətlər doldurulacaq, mövcud olmayan coğrafi adlardan istifadə ediləcək, Qarabağ erməniləri üçün indikindən daha pis olacaq. Görünür, Qərbdə bunu başa düşürlər və qıcıqlandırıcı ifadələrdən istifadə etməyi dayandırıblar, daha sonra bu məsələlər sadəcə unudula bilər. Məhz buna görə prosesdə Avropa İttifaqının vasitəçiliyi sürətlənir. Rusiya da münaqişədən sonrakı proseslərdə öz rolunu itirməmək üçün bu tendensiyanı izləməlidir”.