Ukrayna Baş Kəşfiyyatı: Rusiya öz ərazisində terror aktları planlaşdırır
“Rusiya Federasiyasının rəhbərliyi öz ərazisində terror aktları planlaşdırır”.
Bunu Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanov “Facebook”da yazıb.
“Rusiya kəşfiyyat xidmətləri Rusiyanın yaşayış məntəqələrində yaşayış binalarını, xəstəxanaları və məktəbləri minalamaqla, partlatmaqla silsilə terror hücumları planlaşdırırlar. Xüsusən də, Belqorodu bombalaya və ya Krımda terror aktları təşkil edə bilərlər”, – deyə ukraynalı general-mayor bildirib.
Kəşfiyyat rəhbəri qeyd edib ki, bu, Rusiya hökumətinə Ukraynaya qarşı tətbiq edilən müharibədə növbəti uğursuzluğa haqq qazandırmaq və ruslar arasında isteriya yaymaq, habelə səfərbərliyi stimullaşdırmaq üçün lazımdır:
“Onlar “Ukrayna millətçilərinin vəhşilikləri” haqqında emosional mənzərə yaratmaq məqsədilə Ukrayna Silahlı Qüvvələrini və könüllü batalyonları günahlandırmaq üçün Rusiya yaşayış binalarında partlayışlar və ya raket hücumları planlaşdırırlar. Tamamilə mümkündür ki, bu hücumları ukraynalıların Buça və Kramatorskdan qisası kimi qələmə versinlər, eləcə də bununla Ukraynanın mülki əhalisinə qarşı qəddarlığa bəraət qazandırsınlar”.
O vurğulayıb ki, Rusiya Çeçenistanda da müharibə başlamaq üçün eyni şəkildə hərəkət edib.