Putin milli valyutalarla ticarəti gücləndirməyə çağırdı
“Biz biznesə maksimum dəstək verməliyik, o cümlədən milli valyutalarla ticarətə keçidi sürətləndirməliyik”.
Bunu Rusiya prezidenti Vladimir Putin Rusiya iqtisadiyyatı ilə bağlı hökumət rəsmiləri ilə keçirdiyi görüşündə bildirib. Putin Qərb ölkələrinin sanksiyalarla istədikləri məqsədlərinə çata bilməyəcəyini vurğulayıb.
O bildirib ki, sanksiyalar Rusiyanın bank sistemini çökdürmək və bazarlarda məhsul qıtlığına səbəb olmaq məqsədi daşıyır:
“Ancaq deyə bilərəm ki, Rusiyaya qarşı bu siyasət heç bir nəticə vermir. Üstəlik, bu sanksiyalar onları tətbiq edənlərə ziyan vurur. İnflyasiyanın və işsizliyin artması ABŞ və Avropada iqtisadi vəziyyətin pisləşməsinə səbəb olur”.
Həmçinin Putin qeyd edib ki, Rusiya bu “görünməmiş” təzyiqə davam gətirir:
“Vəziyyət stabilləşir. Rublun dəyəri fevralın birinci yarısının səviyyəsinə qayıdıb. Banklarda nağd pul yenidən əlçatan olur və vətəndaşların əmanətlərinin həcmi artır”.
Putin inflyasiyanın yüksək səviyyədə olduğunu da etiraf edib:
“Aprelin 8-nə olan məlumata görə, illik inflyasiya 17,5 faizdir. Bunlar yüksək rəqəmlərdir. Vətəndaşlar bunu ailə büdcələrində hiss edirlər, qiymətlərin qalxdığını görürlər və biz bu inflyasiya dalğası ilə mübarizədə vətəndaşlara dəstək olmalıyıq”.



