“Rusiya ordusu həm tükənib, həm də ruhdan düşüb”

Tanınmış moldovalı siyasi analitik Viktor Çobanu Oxu.Az-a verdiyi şərhdə Rusiya Mərkəzi Hərbi Dairəsinin komandanı vəzifəsini icra edən Rüstəm Minnekayevin Rusiya ordusunun Dnestryanı bölgəyə getmək niyyəti ilə bağlı bəyanatının və bundan sonra bölgədə baş verən gərginliyin bir-biri ilə əlaqəli hadisələr olduğunu qeyd edib:

– Dnestryanı bölgədə əvvəllər də vəziyyəti gərginləşdirməyə cəhdlər edilib. Aydındır ki, bunlar Rusiya FTX-nin (Federal Təhlükəsizlik Xidməti) birbaşa göstərişi ilə hərəkət edən yerli təhlükəsizlik xidmətlərinin təşkil etdiyi təxribatlar idi. İndi isə yeni dalğa başlayıb. Tiraspoldakı “DTN”-in (Dövlət Təhlükəsizlik Nazirliyi) ofisi Rusiya TƏQ-ləri (tank əleyhinə əl qumbaraatanları) ilə atəşə tutulub. Bu hadisəni Ukraynanın üzərinə atmaq çox problematik olardı. Bu, açıq-aşkar təxribatdır. Əgər kimsə yerli analoji “DTN”-in ofisini dağıtmaq istəyirdisə, bunu istirahət günündə, ümumiyyətlə, orada heç kimin olmadığı bir zamanda etmək məntiqli deyildi. Daha sonra Mayak kəndində retranslyasiya qüllələrində partlayışlar baş verdi.

Bütün bunlar vəziyyətin gərginləşməyə başladığını və Dnestryanı bölgənin “azad edilməsində” iştirak etməli olan “xilaskarları” dəvət etmək üçün əsas olduğunu göstərməli idi.

– Bəs bu “xilaskarları” gözləyirlər?

– Yox, gözləmirlər. Bunu Dnestryanı bölgədən Moldova Respublikasına gedən keçidlərdə kilometrlərlə uzanan növbələr də göstərdi. Heç kim “xilaskarlar”la potensial görüş arzusunda deyil.

Eyni zamanda hesab edirəm ki, Dnestryanı bölgədə heç kim Ukrayna müharibəsində Rusiya tərəfindən vuruşmaq niyyətində deyil. Bunu hətta yerli administrasiya da istəmir.

– Amma qəribə bir vəziyyət yaranır. Rusiya Ukraynada hərbi uğur əldə edə bilmədi, amma buna baxmayaraq, Moldovaya, Dnestryanı bölgəyə gedir…

– Mənim demək istədiyim də məhz bu idi. İkinci dərəcəli rusiyalı generalın Dnestryanıda dəhlizi yarmaq barədə yüksək səsli bəyanatı Rusiya ordusu üçün real operativ tapşırıq deyil, bir növ təbliğat hiyləsidir.

Biz Ukraynada nə görürük? Bu, elə Rusiya Federasiyası Mərkəzi Hərbi Dairəsinin açıq-aşkar məğlubiyyətidir. Kiyev-Çerniqov istiqamətində geri çəkilmə qərarı alındı. Donbas uğrunda döyüş Rusiya ordusuna hələlik heç bir nəzərəçarpan fayda qazandırmayıb.

Cənubda nəyin bahasına olursa-olsun, Mariupolu ələ keçirməyə çalışırlar və bu, Rusiya ordusunun öz uğurları barədə hansısa şəkildə hesabat vermək üçün hələ də ala biləcəyi yeganə mükafat ola bilər. Tamamilə aydındır ki, Rusiya Qara Dəniz Donanmasının “Moskva” flaqman kreyseri batdıqdan sonra Odessanı işğal etmək imkanları çətinləşib, onlar şəhəri dəniz istiqamətindən götürməyə çalışmayacaqlar. Yeganə yol quru dəhlizidir. Ancaq Nikolayev şəhərini almaq lazımdır. Rus qoşunları buna nə dərəcədə müvəffəq ola biləcəklər? Bununla bağlı çox böyük şübhələrim var. Çünki Rusiya Silahlı Qüvvələri həm qismən tükənib, həm də ruhdan düşüb.

Hamısını Göstər

Related Articles

Back to top button