“Qazprombank”ın sabiq vitse-prezidenti Rusiyanı ifşa etdi
“Qazprombank”ın sənaye aktivləri üzrə vitse-prezidenti İqor Volobuyev onu Rusiyadan Ukraynaya köçməyə vadar edən səbəblərdən danışıb.
İnternetdə yayılan videoda İ.Volobuyev mart ayında Ukraynaya gəldiyini və ərazi müdafiəsi qüvvələrinin sıralarına qoşulduğunu qeyd edib.
Onun sözlərinə görə, Rusiyanın Ukraynaya təcavüzü cinayətdir:
“Bu, Putinin, Rusiya hökumətinin və əslində Rusiya xalqının cinayətidir. Çünki burada ukraynalıları öldürən Putin deyil, unitazı oğurlayan Putin deyil, qadınları zorlayan Putin deyil… Və buna görə mən də cavabdeh olsam da, bundan utanıram, ömrüm boyu buna görə peşman olacağam”, – deyə İqor Volobuyev vurğulayıb.
O qeyd edib ki, 2014-cü ildən Ukraynaya qayıtmaq istəyib, lakin ailə vəziyyətinə görə bunu edə bilməyib.
“Mən başa düşdüm ki, Rusiya təkcə Ukrayna üçün deyil, bütün dünya üçün təhlükə yaradır. Rusiyanın mənim vətənimlə nə etdiyini artıq kənardan müşahidə edə bilmirdim. Səfərim tövbə kimidir, Rusiyadakı keçmişimi yumaq istəyirəm. Qələbəyə qədər Ukraynada qalmaq istəyirəm” – deyə İqor Volobuev vurğulayıb.
İqor Volobuyevin sözlərinə görə, o, artıq “Qazprombank”dan qovulub və onun demarşı Rusiyada “vətənə xəyanət” kimi qiymətləndirilir.
Qeyd edək ki, İqor Volobuyev 16 il “Qazprom” sistemində rəhbər vəzifələrdə çalışıb, bundan sonra “Qazprombank”a vitse-prezident postuna keçib.